Sentyabr 4, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Davamlı yemək istəyinin qarşısını necə almaq olar?

Bəzi insanlar nə qədər yemək yesələr də, özlərini tox hiss etmirlər. Daim yemək ehtiyacı hiss edir və bu istəklə mübarizə aparmaqda çətinlik çəkirlər. Mütəxəssislər bildirirlər ki, problemin qarşısını almaq üçün ilk növbədə həddindən artıq yeməyə səbəb olan amilləri müəyyənləşdirmək və onlardan uzaq durmaq lazımdır.

“ Nə qədər yesəm də, doymuram”, “həmişə ac hiss edirəm”, “yemək istəyimə qarşı çıxa bilmirəm” kimi fikirlər bir çox insan üçün tanışdır. Davamlı yemək istəyi, xüsusilə piylənmənin geniş yayıldığı müasir dövrdə ciddi problemə çevrilir.

Bəs insan niyə daim yemək istəyir? Bunun tək bir səbəbi yoxdur. Problem həm fizioloji, həm də psixoloji amillərlə bağlı olur. Stress, narahatlıq, yuxusuzluq, tənhalıq və hətta qəzəb kimi emosiyalar insanlarda yemək istəyini artırır.

Fizioloji və psixoloji səbəblər

Sağlam və balanslı qidalanma orqanizmin normal fəaliyyəti üçün vacibdir. Lakin bəzi insanlar davamlı aclıq hiss etdikləri üçün ehtiyaclarından artıq qida qəbul edirlər.

Sağlamlıq Elmləri Universitetinin Qidalanma və Dietologiya kafedrasının müəllimi, dosent Elvan Yılmaz Akyüzün sözlərinə görə, aclıq fizioloji və psixoloji olmaqla iki yerə ayrılır.

Qanda qlükoza səviyyəsinin aşağı düşməsi fizioloji aclıq hissinə və qida qəbul etmək istəyinə səbəb olur. Psixoloji səbəblər zamanı isə orqanizmin qidaya ehtiyacı olmadığı halda belə impulsiv yemək istəyi yaranır. Hormonal amillərlə yanaşı, stress, təşviş və yuxusuzluq da iştaha təsir göstərir.

Həddindən artıq yemək istəyini nə artırır?

Ətraf mühit amilləri də yemək istəyinin artmasına səbəb olur. Tərkibində yüksək miqdarda yağ və şəkər olan, dadlandırıcı xüsusiyyətləri artırılmış qidalar insanı tox olduğu halda belə yeməyə sövq edir.

Qidanı görmək və ya qoxusunu hiss etmək, reklamlarda yeməklərlə qarşılaşmaq, stress və emosional dəyişikliklər də yemək istəyini tətikləyir. Xüsusilə şəkər və şəkərli məhsullar, emal olunmuş qidalar və tez-tez qəlyanaltı etmək bu istəyi gücləndirir.

Bundan başqa, balanssız qidalanma, zülal və yağın həddindən artıq məhdudlaşdırılması, kifayət qədər su içməmək, yeməklər arasında uzun fasilələr, yuxusuzluq, stress, leptin və insulin müqaviməti, rafinə olunmuş qidaların çox istehlakı və lifli qidaların az qəbulu da davamlı yemək istəyini artırır.

Davamlı yemək istəyinin qarşısını necə almaq olar?

Mütəxəssisin fikrincə, ilk növbədə stressi azaltmaq və yuxu rejimini qaydaya salmaq lazımdır.

İnsan qəlyanaltı etmək istədikdə nəfəs məşqləri edə, musiqi dinləyə, söhbət edə və ya zövq aldığı başqa fəaliyyətlə məşğul ola bilər. Yeməkdən əvvəl su içmək də faydalı vərdişlərdən biridir.

Bütün qida qruplarını əhatə edən balanslı qidalanma planı da davamlı yemək istəyinin azalmasına kömək edir.

Əgər davamlı yemək istəyi fizioloji səbəblərlə deyil, emosional və ya impulsiv aclıqla, yaxud qidalanma davranışındakı problemlərlə əlaqəlidirsə, dietoloq, psixoloq və ya psixiatrdan peşəkar dəstək almaq tövsiyə olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az