Avqust 23, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Televizor qarşısında uzun müddət vaxt keçirmək beynin həcmini kiçildir

Uşaqlıqda saatlarla televizor qarşısında oturanlara deyilən “O qutu beynini əridəcək” xəbərdarlığının elmi əsası ola bilər. Yeni araşdırma televizora baxmağa sərf olunan uzun saatların beyin sağlamlığına mənfi təsir göstərə biləcəyini ortaya qoyub.

“Alzheimer’s & Dementia” jurnalında dərc olunan və 1700-dən çox yetkin insanın təxminən 24 il ərzində izlənildiyi araşdırmada orta yaşlarında tez-tez televizora baxan kişilərin beyin həcmində kiçilmə müəyyən edilib.

Müəyyən olunub ki, bu kiçilmə Alzheimer xəstəliyinə həssas olan beyin bölgələrində baş verir və koqnitiv geriləmə ilə əlaqəli zədələnmələrin artması ilə müşayiət olunur.

Eyni araşdırma göstərib ki, günün böyük hissəsini oturaraq keçirən, lakin bu müddətdə tapmaca həll edən, elektron məktublara cavab verən və ya zehni səy tələb edən işlərlə məşğul olan insanların beyin strukturları daha sağlam qalır.

Təsir kişilərdə daha güclü müşahidə olunub

Araşdırmada ortaya çıxan cins fərqi alimləri təəccübləndirib. Televizora baxmaqla beyin strukturundakı dəyişikliklər arasındakı əlaqənin kişilərdə qadınlarla müqayisədə daha güclü olduğu müəyyən edilib.

Mütəxəssislər bunu qadınların oturma müddətini daha tez-tez bölməsi və ya iki cins arasındakı bioloji fərqlərlə əlaqələndirirlər. Həmçinin qeyd olunur ki, qadınlar televizora daha qısa müddətli fasilələrlə baxmağa meylli olduqları halda, kişilər idman yarışları və filmlər səbəbindən daha uzun və fasiləsiz müddət ərzində televizor qarşısında qala bilirlər.

Oturarkən nə etdiyiniz də önəmlidir

Cənubi Kaliforniya Universitetinin tədqiqatçıları bildiriblər ki, illərdir əsas diqqət yalnız oturma müddətinə yönəldilib. Lakin oturarkən hansı fəaliyyətlə məşğul olmağın da beyin sağlamlığı baxımından mühüm amil olduğu vurğulanıb.

Televizora baxmaq zehni baxımdan passiv fəaliyyət hesab olunur. Masa arxasında işləmək isə planlaşdırma, oxuma, yazma və problem həll etmə kimi müxtəlif zehni prosesləri əhatə edir. Bu cür zehni fəaliyyətlər beynin yaşlanmaya qarşı müqavimətini artıran “koqnitiv ehtiyat”ın formalaşmasına kömək edir.

Araşdırmanın nəticələri göstərib ki, insan müntəzəm olaraq idman etsə belə, uzun müddət televizora baxmağın beyin üzərində yaratdığı mənfi təsirlər tamamilə aradan qalxmır.

Mütəxəssislər uzun müddət ekran qarşısında qalan insanlara beyin sağlamlığını qorumaq üçün tez-tez fasilə verməyi tövsiyə edirlər.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az