Yaponiyada havanın temperaturunun 40 dərəcəni keçməsi ilə əlaqədar olaraq, bu ilin aprel ayında qüvvəyə minən yeni təsnifat çərçivəsində ilk dəfə “amansız isti gün” xəbərdarlığı elan edilib. Rekord səviyyəyə çatan istilər insan tələfatına səbəb olmaqla yanaşı, gündəlik həyat, kənd təsərrüfatı və iş mədəniyyətində ciddi dəyişikliklərə yol açıb.
Yaponiya Meteorologiya Agentliyi əvvəllər nadir rast gəlinən, lakin son illərdə daha tez-tez müşahidə olunan ekstremal istilərə diqqət çəkmək üçün temperaturun 40 dərəcədən yuxarı olduğu günləri ifadə edən “kokuşobi” (“amansız isti gün”) terminindən istifadə etməyə başlayıb.
Ölkənin Guco, Tacimi və Toyota şəhərlərində temperatur 40 dərəcə və daha yüksək səviyyəyə çataraq tarixi rekordları yeniləyib. Milli miqyasda fəaliyyət göstərən yüzlərlə meteoroloji müşahidə məntəqəsinin üçdə birindən çoxunda temperatur 35 dərəcəni keçib. Güclü istilər nəticəsində Niiqata və Kanaqava şəhərlərində insan tələfatı qeydə alınıb.
Gündəlik həyat, kənd təsərrüfatı və idman təsirlənir
Artan temperatur Yaponiyada sosial və iqtisadi həyata da ciddi təsir göstərir. Əsas ərzaq məhsullarından olan düyünün məhsuldarlığı azalır. Fermerlər isə istiyədavamlı düyü növlərinin, eləcə də avokado kimi ənənəvi olmayan məhsulların becərilməsinə üstünlük verməyə başlayıblar.
Ölkənin ən nüfuzlu idman tədbirlərindən biri olan milli lisey beysbol turniri də iştirakçıları istidən qorumaq məqsədilə səhər və axşam sessiyalarına bölünüb.
Araşdırmalara görə, istixana qazı emissiyaları azaldılmasa, qarşıdakı onilliklərdə məktəblərdə açıq havada keçirilən idman fəaliyyətləri tamamilə mümkünsüz ola bilər.
İş yerlərində geyim qaydaları dəyişir
Həddindən artıq istilər və elektrik enerjisi təchizatındakı çətinliklər Yaponiyanın korporativ mədəniyyətinə də təsir edib. Kondisionerlərin istifadəsini azaltmaq və elektrik sərfiyyatına qənaət etmək məqsədilə həyata keçirilən “Cool Biz” proqramı çərçivəsində ofis əməkdaşlarına şort, polo yaxalı köynək və idman ayaqqabısı geyinmək tövsiyə olunur.
Ənənəvi olaraq kostyum və qalstukun məcburi olduğu iş mühitində daha rahat geyimlərin təşviq edilməsi ölkədə korporativ iş mədəniyyətinin dəyişdiyini göstərir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
