Meniere xəstəliyi daxili qulaqda maye balansının pozulması nəticəsində yaranan xəstəlikdir. O, şiddətli başgicəllənmə tutmaları, qulaqda küy (cingilti), eşitmə zəifləməsi və qulaqda doluluq hissi ilə özünü göstərir. Xəstəlik gündəlik həyatı ciddi şəkildə çətinləşdirir.
Kimlərdə daha çox rast gəlinir?
Ən çox 40–60 yaş arasında müşahidə olunur.
20–40 yaşlı insanlarda da inkişaf edir.
Qadınlarda kişilərə nisbətən bir qədər daha çox rast gəlinir.
Xəstəliyin səbəbi
Meniere xəstəliyi daxili qulaqda endolimfa adlanan mayenin həddindən artıq toplanması nəticəsində yaranır. Bu, mayenin artıq istehsalı, normal axınının pozulması və ya axar yollarının tutulması səbəbindən baş verir.
Əsas əlamətlər
Güclü başgicəllənmə tutmaları
Qulaqda küy (cingilti)
Eşitmənin azalması
Qulaqda doluluq hissi
Ürəkbulanma və qusma
Başgicəllənmə tutmaları 24 saata qədər davam edə və insanın işləməsinə, oxumasına və gündəlik fəaliyyətinə mane olur. Təkrarlanan tutmalar zamanla daimi eşitmə itkisinə səbəb olur.
Risk faktorları
Tutmaların artmasına aşağıdakılar təsir göstərir:
Stress
Yuxu rejiminin pozulması
Siqaret çəkmək
Qəhvə istehlakı
Şokolad
Yağda qızardılmış qidalar
Duzlu qidalar (turşular, duzlu zeytun, pendir və s.)
Həyat keyfiyyətinə təsiri
Tez-tez təkrarlanan tutmalar:
İş və təhsil fəaliyyətini məhdudlaşdırır.
Tarazlıq pozğunluğu və növbəti tutma qorxusu yaradır.
Yorğunluq, ruh düşkünlüyü, depressiya və digər psixoloji problemlərə səbəb olur.
Ağır hallarda insanın gündəlik qayğılarını yerinə yetirməsini çətinləşdirir.
Bəzi xəstələrdə Tumarkin böhranı inkişaf edir. Bu zaman insan huşunu itirmədən qəfil yıxılır və ciddi xəsarətlər, o cümlədən sınıqlar və baş-beyin travması riski artır.
Müalicə
Müalicə iki mərhələdən ibarətdir:
Kəskin tutma zamanı
Başgicəllənmə, ürəkbulanma və qusmanı azaltmaq üçün dərmanlar təyin edilir.
Uzunmüddətli müalicə
Duzsuz qidalanma
Müntəzəm yuxu
Stressdən uzaq durmaq
Siqaretdən imtina
Qəhvə və şokoladın məhdudlaşdırılması
Yağlı və qızardılmış qidalardan uzaq durmaq
Gündə təxminən 30 dəqiqə piyada gəzmək
Bu tədbirlərlə tutmalar nəzarət altına alınmazsa, dərman müalicəsi başlanılır. Dərmanlara baxmayaraq tutmalar davam edərsə, bəzi hallarda cərrahi müalicə üsullarına müraciət olunur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
