İyul 17, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda bazarlarda bütün açıq məhsullar etiketlənəcək

Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.

Gundelik.az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əli Nəbiyev Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını dama əhatə edəcək:

“Dövlət hesabına, AQTA tərəfindən bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsi həyata keçirilir. Artıq Təzə bazarda etiketləmə başlayıb. Yaxın zamanda digər bazarları da əhatə edəcək”.

Həmçinin mətbuat konfransında bildirilib ki, fəaliyyət göstərən 79 ərzaq bazarından 19-da planlı yoxlamalar aparılıb. İndiyədək 17 bazarda sağlamlaşdırma işləri görülüb, 30-da nöqsanlar qismən aradan qaldırılıb. İlin sonunadək bütün bazarlara tələblərə tam uyğunlaşmaq üçün vaxt verilib. AQTA-nın sədr müavini Əli Nəbiyev küçə ticarətinə qarşı ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırıb. Əlavə olaraq vurğulayıb ki, ailə təsərrüfatlarında hazırlanan qidalara effektiv nəzarətin təşkili və bazarlarda satışın qanunvericiliyə uyğun təşkil edilməsi üçün xüsusi qablaşdırma materialları və etiketlərin formaları hazırlanaraq bazarlara təqdim edilib.