İyul 15, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Ani başlayan baş ağrısı ciddi təhlükənin xəbərçisi ola bilər

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qəfil başlayan, getdikcə güclənən və ya keyimə, nitq pozğunluğu kimi əlamətlərlə müşayiət olunan baş ağrıları ciddi sağlamlıq problemlərinin göstəricisidir.

Baş ağrısı əksər hallarda stress, yuxusuzluq və susuzluq kimi gündəlik səbəblərdən yaranır. Lakin bəzi hallarda bu ağrı beyin qanaxması, insult, infeksiya və digər ciddi nevroloji xəstəliklərin ilk əlamətidir.

Xüsusilə qəfil başlayan, getdikcə şiddətlənən və ya qeyri-adi əlamətlərlə müşayiət olunan baş ağrılarını qətiyyən diqqətsiz yanaşmaq olmaz.

Haven Headache and Migraine Center-in baş həkimi, nevroloq Dr. Nada Hindiyeh təcili tibbi qiymətləndirmə tələb edə biləcək baş ağrısının 5 kritik əlamətini açıqlayıb.

Onun sözlərinə görə, insan daha əvvəl yaşamadığı növdə baş ağrısı ilə qarşılaşarsa, vaxt itirmədən tibb müəssisəsinə müraciət etməlidir.

Baş ağrısı dünyada ən çox rast gəlinən sağlamlıq şikayətlərindən biridir. Yuxusuzluq, güclü stress, kifayət qədər su içməmək və uzun müddət ekrana baxmaq kimi səbəblərlə yaranan ağrılar adətən istirahətdən sonra azalır. Ancaq bəzi əlamətlər baş ağrısının adi səbəblərdən qaynaqlanmadığını göstərir.

1. Qəfil başlayan çox şiddətli baş ağrısı

Bir neçə saniyə ərzində ən yüksək həddə çatan və insanın “Həyatımda yaşadığım ən güclü baş ağrısıdır” kimi təsvir etdiyi ağrılar təcili tibbi müdaxilə tələb edir.

“İldırımvari baş ağrısı” adlandırılan bu vəziyyət aşağıdakı ciddi problemlərlə əlaqəli olur:

Beyin qanaxması;

Beyin damarının cırılması;

Beyində laxta əmələ gəlməsi;

Hipertonik kriz;

Meningit;

Ensefalit;

İnsult.

Belə baş ağrısı yarandıqda dərhal təcili yardım şöbəsinə müraciət etmək tövsiyə olunur.

2. Baş ağrısı ilə yanaşı keyimə, nitq pozğunluğu və ya görmə itkisi olarsa

Baş ağrısı ilə birlikdə qəfil zəiflik, bədənin bir hissəsində keyimə, nitq pozğunluğu, şüurun bulanması, görmə itkisi və ya yeriməkdə çətinlik yaranması ciddi xəbərdarlıq əlaməti hesab olunur.

Dr. Hindiyehin sözlərinə görə, bu əlamətlər bəzi miqren növlərində də müşahidə olunur. Lakin onlar qəfil başlayarsa, insult ehtimalı mütləq qiymətləndirilməlidir.

3. 50 yaşdan sonra başlayan yeni baş ağrıları

Əvvəllər miqren keçirməyən və ya uzun illər eyni tip baş ağrısı yaşayan şəxslərdə 50 yaşdan sonra yaranan yeni baş ağrıları diqqətlə araşdırılmalıdır.

Mütəxəssislərə görə, bu ağrılar aşağıdakı problemlərlə əlaqəli ola bilər:

Damar iltihabı;

Kəllədaxili təzyiq dəyişiklikləri;

Dərmanların yan təsirləri;

Beyində struktur dəyişiklikləri.

4. Getdikcə güclənən baş ağrıları

Günlər və ya həftələr ərzində artan, xarakteri dəyişən və gündəlik həyata mane olan baş ağrıları da ciddi xəstəliklərin əlamətidir.

Xüsusilə aşağıdakı hallarda həkimə müraciət etmək vacibdir:

Ağrı insanı yuxudan oyadırsa;

Uzananda daha da güclənirsə;

Öskürək və ya gücənmə zamanı artırsa;

Davamlı qusmaya səbəb olursa;

Əvvəlki baş ağrılarından fərqli xarakter daşıyırsa.

5. Qızdırma və boyun sərtliyi ilə müşayiət olunursa

Baş ağrısı qızdırma, boyun sərtliyi, şüur dəyişikliyi, qıcolma və ya zehni vəziyyətdə dəyişikliklərlə birlikdə baş verirsə, bu, infeksiya və ya iltihabi prosesin əlamətidir.

Həmçinin xərçəng xəstəliyi keçirmiş və ya immun sistemi zəif olan şəxslər bu cür əlamətlərə qarşı daha diqqətli olmalıdırlar.

Mütəxəssislərin tövsiyəsi

Mütəxəssislər bildirirlər ki, baş ağrılarının əksəriyyəti ciddi xəstəliklə əlaqəli olmur. Lakin qəfil başlayan, adi baş ağrılarından fərqlənən və ya nevroloji əlamətlərlə müşayiət olunan baş ağrılarını qətiyyən laqeyd yanaşmaq olmaz. Belə hallarda vaxt itirmədən həkimə və ya təcili tibbi yardıma müraciət etmək həyati əhəmiyyət daşıyır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az