İyul 13, 2026
Baku
Dünya Xəbərlər

Səhiyyə Nazirliyi yay istisinə qarşı xəbərdarlıq edib

Səhiyyə Nazirliyi yay aylarında artan isti hava və rütubət səbəbindən vətəndaşlara maye qəbulu, qidalanma və günəşdən qorunma ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin açıqlamasına görə, yay aylarında havanın temperaturu və rütubət yüksəldikcə bədən istiliyi artır, orqanizm isə bu şəraitə uyğunlaşmağa çalışır. Həddindən artıq tərləmə nəticəsində, xüsusilə maye və mineral itkisi baş verir. Bu isə halsızlıq, ürəkbulanma, başgicəllənmə və huşunu itirmə hissi kimi sağlamlıq problemlərinə səbəb olur.

Xroniki xəstəliyi olan şəxslər, azyaşlı uşaqlar, 65 yaşdan yuxarı insanlar, hamilə qadınlar və açıq havada çalışanlar isti hava şəraitindən daha çox təsirlənən risk qruplarına daxildir.

Nazirlik bildirir ki, bu dövrdə sağlamlığın qorunması üçün balanslı qidalanma vərdişlərinin davam etdirilməsi, kifayət qədər maye qəbul edilməsi və qida təhlükəsizliyi qaydalarına əməl olunması böyük əhəmiyyət daşıyır.

Gün ərzində kifayət qədər su qəbul edilməlidir

Yay aylarında susama hissini gözləmədən gün ərzində mütəmadi su içilməsi tövsiyə olunur.

Gündəlik su ehtiyacı bədən çəkisinin hər kiloqramı üçün təxminən 35 millilitr hesablanır. Bu isə orta hesabla yetkin bir insanın gündə 2,5–3 litr su qəbul etməsinə uyğundur.

Maye ehtiyacının ödənilməsi üçün çay, qəhvə və qazlı içkilər əvəzinə azyağlı süd, ayran və meyvə şirələrinə üstünlük verilməsi məsləhət görülür.

Yay aylarında idmanla məşğul olan şəxslərin isə tərləmə nəticəsində itirilən mayeni kompensasiya etmək üçün kifayət qədər su içmələri tövsiyə edilir.

Yüngül və açıq rəngli geyimlər seçilməlidir

Həddindən artıq istidən qorunmaq üçün bol, yüngül və açıq rəngli geyimlər geyinmək, sərinlənmək məqsədilə ilıq duş qəbul etmək, istivurma və ya digər isti ilə bağlı narahatlıq əlamətləri hiss olunduqda isə vaxt itirmədən tibbi yardıma müraciət etmək tövsiyə edilir.

Açıqlamada yay aylarında da sağlam və balanslı qidalanmanın davam etdirilməsinin vacibliyi vurğulanır. Səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzlərə üstünlük verilməsi, kofeinli içkilər əvəzinə azyağlı süd, meyvə şirələri, cökə və itburnu çaylarının seçilməsi tövsiyə olunur.

Yağlı qidalardan uzaq durmaq tövsiyə edilir

Yağlı yeməklərdən, qızartmalardan və xəmir məmulatlarından mümkün qədər uzaq durmaq, yeməkləri qaynatma, qril və ya öz suyunda, az su ilə bişirmə üsulları ilə hazırlamaq məsləhət görülür.

Bundan əlavə, meyvə və tərəvəz istehlakının artırılması, tam buğda çörəyi, yulaf və bulqur kimi liflə zəngin məhsulların seçilməsi, yüksək kalorili şirniyyatlar əvəzinə südlü, meyvəli desertlər və dondurmanın istehlak edilməsi tövsiyə olunur.

Nazirlik həmçinin bildirir ki, yay aylarında qida zəhərlənmələri daha çox müşahidə olunduğundan açıq havada satılan qidaların qəbul edilməməsi, ət, süd, yumurta və balıq kimi tez xarab olan məhsulların açıqda saxlanılmaması, qidaların hazırlanması, saxlanılması və bişirilməsi zamanı gigiyena qaydalarına ciddi riayət olunması qida mənşəli xəstəliklərin qarşısının alınması baxımından böyük əhəmiyyət kəsb edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az