Müəyyən səslərə qarşı həddindən artıq həssaslıqla xarakterizə olunan mizofoniya, insanın gündəlik həyatına və psixoloji rifahına mənfi təsir göstərirsə, mütləq mütəxəssisə müraciət edilməlidir.
Bu barədə danışan türkiyəli psixiatr Prof. Dr. Nuray Atasoy bildirib ki, mizofoni xüsusilə çeynəmə, udqunma, ağız şappıldatma, qələmin masaya vurulması və saatın tıqqıltısı kimi gündəlik səslərə qarşı güclü narahatlıqla özünü göstərir.
Onun sözlərinə görə, bu səslər bəzi insanlarda qəzəb, narahatlıq, ikrah hissi və güclü emosional reaksiyalar yaradır. Mizofoniya xəstəlik hesab olunmur və anadangəlmə ola, yaxud yeniyetməlik dövründən etibarən meydana çıxır.
Fiziki reaksiyalar da yaranır
Prof. Atasoy qeyd edib ki, mizofoniya bəzən ailənin bir neçə üzvündə müşahidə olunur. Ağır hallarda insanlar həmin səslərlə qarşılaşacaqları mühitlərdən qaçmağa başlayır, bu isə zamanla narahatlıq pozuntusu və hətta depressiyaya səbəb olur.
Belə insanlar eyni masada ailə üzvləri və ya dostları ilə yemək yeməkdə, yaxın məsafədə oturmaqda çətinlik çəkirlər.
Mizofoniya zamanı səslərə məruz qalan şəxslərdə stressə bağlı:
tərləmə,
titrəmə,
üzün qızarması,
arterial təzyiqin yüksəlməsi kimi fizioloji reaksiyalar da müşahidə olunur.
Daha çox yeniyetməlik dövründə üzə çıxır
Mütəxəssisin sözlərinə görə, mizofoniya əksər hallarda yeniyetməlik dövründə nəzərə çarpmağa başlayır. Bu vəziyyətə malik şəxslər çox vaxt ailə üzvlərinə qarşı sərt reaksiya verə bilir ki, bu da ailədaxili münaqişələrə səbəb olur.
Müalicə necə aparılır?
Prof. Atasoy bildirib ki, yüngül hallarda insanlar zamanla vəziyyətə uyğunlaşır, diqqətlərini başqa istiqamətə yönəltməklə narahatlıqları azaltmağa çalışırlar.
Mizofoniyanın yaranma səbəbi hələ tam məlum olmasa da, müalicədə əsasən:
psixomaarifləndirmə,
koqnitiv-davranış müdaxilələri,
narahatlıq və obsesiv əlamətlərə yönəlmiş terapiya üsullarından istifadə edilir.
Yüngül hallarda dərman müalicəsinə ehtiyac olmur. Lakin güclü fizioloji reaksiyalar, qəzəbi idarə etməkdə çətinlik, yuxu və qidalanma pozuntuları olduqda dərman müalicəsi də tətbiq olunur.
Təhsil və sosial həyata təsir edə bilər
Mizofoniya diqqətin cəmlənməsinə də mane olur. Həmin səslərin olduğu mühitdə insan dərsə və ya işinə fokuslana bilmir. Əgər bu vəziyyət gündəlik fəaliyyəti, təhsili, sosial münasibətləri və həyat keyfiyyətini əhəmiyyətli dərəcədə pozursa, psixiatrdan və ya klinik psixoloqdan yardım almaq tövsiyə olunur.
Mütəxəssis vurğulayıb ki, mizofoniya qadın və kişilərdə təxminən eyni tezlikdə rast gəlinir və vaxtında müdaxilə olunmadıqda narahatlıq pozuntusu, depressiya və obsesiv düşüncələrin inkişaf riskini artırır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
