Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 28 May – Müstəqillik Günü münasibətilə saytımıza verdiyi açıqlamada səsləndirib.
Sadiq Qurbanov bildirib ki, müasir Azərbaycan dövlətinin qüdrətini və müstəqilliyini təcəssüm etdirən əsas amillərdən biri onun güclü ordusudur. Azərbaycan Ordusu bu gün xalqımızın milli qürur mənbəyi, dövlətimizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır. Dünyanın nüfuzlu hərbi reytinqlərində özünə layiqli yer qazanan Azərbaycan Ordusu regionun ən güclü silahlı qüvvələrindən biri kimi tanınır.
Komitə sədrinin sözlərinə görə, müasir Azərbaycan Ordusunun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu Öndərin müəyyənləşdirdiyi ordu quruculuğu strategiyası nəticəsində milli silahlı qüvvələrimizin formalaşması və inkişafı təmin olunub. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ordumuz yeni inkişaf mərhələsinə qədəm qoyub, müasir silah və texnologiyalarla təchiz olunaraq dünyanın ən güclü orduları sırasına yüksəlib.
Sadiq Qurbanov qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Xalqımızın əzmi, ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu, işğal altında olan torpaqlarımız azad edildi. Bu möhtəşəm qələbə Prezident İlham Əliyevin adını Azərbaycan tarixinə Qarabağ Fatehi və Müzəffər Ali Baş Komandan kimi həkk etdi.
Komitə sədri Prezident İlham Əliyevin Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlərin bu gün də öz aktuallığını qoruduğunu vurğulayaraq bildirib:
“Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən hərbi təlimlər, döyüş potensialının davamlı şəkildə artırılması, hərbi sənayenin inkişaf etdirilməsi və xarici asılılığın minimuma endirilməsi məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsidir”.
Sadiq Qurbanov vurğulayıb ki, bu gün Azərbaycan Ordusunun gücü təkcə müasir silahlarla deyil, həm də yüksək vətənpərvərlik ruhuna malik şəxsi heyəti, peşəkar hazırlığı və xalq–ordu birliyi ilə ölçülür. Məhz bu amillər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu, dövlətimizin təhlükəsizliyinin etibarlı əllərdə qorunduğunu bir daha nümayiş etdirir.
Gundelik.az
