İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Açıq satılan qidalar “təbii ” təsəvvürü ilə risk yarada bilər

Muhammet Arıcı bildirib ki, “təbii” adı altında satılan hər məhsulun təhlükəsiz və sağlam olması demək deyil. Xüsusilə açıq şəkildə satılan qidalar müəyyən sağlamlıq riskləri daşıya bilər.

Antalyada keçirilən 5-ci Beynəlxalq Qida Kimyası Konqresi çərçivəsində açıqlama verən Arıcı qeyd edib ki, qidanın sağlam olub-olmamasını müəyyən edən əsas amil onun istehsal və saxlanma şəraitidir.

Onun sözlərinə görə, açıq satılan məhsulların əksəriyyəti lazımi nəzarət və qeydiyyat sistemlərindən kənarda istehlakçıya çatır. Bu isə məhsulun istehsal və paylanma mərhələləri ilə bağlı qeyri-müəyyənlikləri artırır.

Arıcı vurğulayıb ki, bu cür qidalarda xüsusilə mikrobioloji risklər ön plana çıxır. Elmi baxımdan sübut olunub ki, istilik emalı və ya fermentasiya kimi proseslər qidalardakı riskləri azaldaraq onları daha təhlükəsiz edir.

Ədviyyatlar və çiy süd daha riskli ola bilər

Açıq şəkildə satılan ədviyyatlar və çiy süd kimi məhsulların ciddi nəzarət altında istehsal edilməsinin vacibliyini qeyd edən Arıcı deyib:

“Qidanın açıq satılması onun xaricdən çirklənməyə və müxtəlif zərərli maddələrin düşməsinə açıq olması deməkdir. Nəzarət olmadıqda mikotoksin və aflatoksin kimi təhlükələr yaranır. Buna görə də qablaşdırılmış qidalar daha təhlükəsiz seçim hesab edilir.”

O bildirib ki, qida mənşəli risklər hər zaman dərhal özünü göstərmir. Mikotoksinlər kimi zərərli maddələr zamanla orqanizmdə toplanaraq bəzi orqanlarda yığıla və uzun müddətdə zəhərlənmə, hətta xərçəng kimi ciddi xəstəliklərə səbəb ola bilər.

Manqal tüstüsü də sağlamlıq üçün təhlükə yarada bilər

Arıcı qeyd edib ki, qida təhlükəsizliyi yalnız məhsulun seçilməsindən deyil, onun hazırlanma üsulundan da asılıdır.

Onun sözlərinə görə, yüksək temperaturda və sıx tüstü altında bişirilən qidalarda zərərli kimyəvi birləşmələr əmələ gələ bilər. Xüsusilə manqalda ətin alova çox yaxın bişirilməsi zamanı yağ tüstüsü yaranır və bu tüstüdə olan PAH (polisiklik aromatik karbohidrogenlər) adlı maddələr ətə keçərək sağlamlıq riski yaradır.

Qida təhlükəsizliyində şəffaflıq və izlənəbilərlik vacibdir

Arıcı bildirib ki, qablaşdırılmış və emal olunmuş qidaların üstünlüklərindən biri onların mənşəyinin və istehsal prosesinin izlənə bilməsidir.

Barkod sistemləri vasitəsilə istehlakçılar mobil telefonla məhsulu skan edərək onun mənşəyi və istehsal mərhələləri haqqında məlumat əldə edə bilirlər. Buna görə də izlənəbilən və mənşəyi məlum olan məhsullara üstünlük verilməsi tövsiyə olunur.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, qablaşdırması zədələnmiş, paslanmış, əyilmiş və ya şişmiş konserv məhsulları qətiyyən alınmamalı və istifadə edilməməlidir. Şübhəli görünən məhsullar isə dadına baxılmadan məhv edilməlidir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az