İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə

“İnsanları eyni dil deyil, eyni hisslər birləşdirir” – Vəsilə Möhsümova

Bəşəriyyət tarix boyu böyük şəhərlər, möhtəşəm abidələr, inkişaf etmiş texnologiyalar və qüdrətli dövlətlər yaradıb. Lakin zaman sübut edib ki, sivilizasiyaların əsl gücü onların maddi imkanlarında deyil, mənəvi dayaqlarında, dəyərlər sistemində və insan amilinə verdiyi qiymətdədir. İnsan öz keçmişini unutduqda yaddaşını, dəyərlərini itirdikdə isə gələcəyini itirmək təhlükəsi ilə üz-üzə qalır.

Müasir dövr informasiya və texnologiya əsri kimi xarakterizə olunsa da, bu sürətli inkişaf fonunda insanın mənəvi dünyası, sosial münasibətləri və milli-mədəni kimliyi ilə bağlı suallar daha da aktuallaşır. Bir tərəfdən qloballaşma xalqları bir-birinə yaxınlaşdırır, digər tərəfdən isə mənəvi uzaqlaşma, etimad böhranı və sosial tənhalıq kimi problemləri gündəmə gətirir. Belə bir zamanda fəlsəfi düşüncə cəmiyyətin qarşısında duran mürəkkəb suallara cavab axtarmağa, mədəniyyət isə həmin cavabları həyatın praktik müstəvisində yaşatmağa çalışır.

Mədəniyyət təkcə incəsənət və ya tarixi irs deyil. O, xalqın yaddaşı, mənəvi pasportu, özünüifadə forması və gələcəyə ünvanlanan mesajıdır. Fəlsəfə isə bu dəyərlərin mahiyyətini anlamağa, insanın cəmiyyətdəki yerini müəyyənləşdirməyə və inkişafın istiqamətlərini dəyərləndirməyə xidmət edir. Məhz buna görə də mədəniyyət və fəlsəfə bir-birindən ayrılmaz anlayışlar kimi çıxış edir.

Gundelik.az xəbər portalının müsahibi, fəlsəfə üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Vəsilə Möhsümova ilə söhbətimizdə mədəniyyət idarəçiliyi ilə fəlsəfi düşüncənin qarşılıqlı əlaqəsindən, müasir dünyanın sosial-mənəvi problemlərindən, insan amilinin əhəmiyyətindən, dəyərlər və etimad böhranından, eləcə də cəmiyyətin gələcəyinin hansı prinsiplər üzərində qurulmalı olduğundan bəhs etdik.

Buyurun, müasir dövrün çağırışlarına fəlsəfi baxış təqdim edən müsahibəni oxuyun.

Mədəniyyət idarəçiliyi ilə fəlsəfi düşüncə arasında hansı əlaqəni görürsünüz?
– Maraqlı sualdı Aynur xanım… Maraqlı olduğu qədər də dərin… Mən hesab edirəm ki, mədəniyyət idarəçiliyi ilə fəlsəfi düşüncə arasında çox dərin və üzvi bir əlaqə mövcuddur. Çünki fəlsəfə insana, cəmiyyətə, dəyərlərə və həyatın mənasına dair suallar axtarır, mədəniyyət idarəçiliyi isə məhz həmin dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi prosesini təşkil edir. Başqa sözlə desək, fəlsəfə mədəniyyətin ideya əsaslarını, mədəniyyət idarəçiliyi isə onun praktik həyata tətbiq mexanizmlərini formalaşdırır. Xüsusilə də qeyd edim ki, mədəniyyəti yalnız incəsənət və ya folklor kimi deyil, kulturologiya elmi nöqteyi- nəzərdən insanın yaratdığı bütün maddi və mənəvi sərvətlərin məcmusu kimi dəyərləndirmək lazımdır. Bu baxımdan mədəniyyət idarəçisinin əsas vəzifəsi təkcə tədbirlər təşkil etmək deyil, cəmiyyətin dəyər sistemini qorumaq, milli kimliyi gücləndirmək və mədəni irsi gələcəyə daşımaqdır.

   Mən bir fəlsəfəçi olaraq həm də tarixi nəzərlə baxmaq istəyirəm: Qərb fəlsəfəsində Platon dövlətin gücünü onun ordusunda deyil, vətəndaşlarının mənəvi tərbiyəsində görürdü. O hesab edirdi ki, cəmiyyətin inkişafı düzgün dəyərlər üzərində qurulmalıdır. Bu fikir bu gün də mədəniyyət idarəçiliyinin əsas missiyalarından biri kimi aktuallığını qoruyur. Çünki mədəniyyət idarəçiliyi insanın estetik, etik və mənəvi inkişafına xidmət edən bir fəaliyyət sahəsidir. Şərq fəlsəfəsinə nəzər saldıqda isə görürük ki, Cəlaləddin Rumi insanı kainatın mənəvi mərkəzi hesab edir və deyirdi: “Bir insanı diriltmək, bir aləmi diriltmək kimidir.” Bu fikir mədəniyyət siyasətində insan amilinin nə qədər vacib olduğunu göstərir. Yəni, mədəniyyət yalnız abidələrin qorunması deyil, insanın mənəvi dünyasının zənginləşdirilməsidir. Mədəniyyət də əslində bir xalqın özünü tanıma formasıdır.
Xalq öz tarixini, dilini, ədəbiyyatını, musiqisini və adət-ənənələrini dərk etdikcə milli özünüdərk prosesi güclənir. Mədəniyyət idarəçiliyi bu mənada milli yaddaşın idarə olunmasıdır.

– Sizcə bugünkü cəmiyyətdə ən böyük sosial problem hansıdır və onun həlli  hansı fəlsəfi yanaşmadan keçir?
– Sosial problemlər hər dövr üçün aktualdır. Sosial sahə cəmiyyətin və dövlətin onurğa sütunudur. Əgər zədələnərsə ağrılar, sancılar başlayar. Vaxtında müalicə olunmazsa ciddi fəsadlara gətirib çıxarda bilər- Onurğanın ziddi zədələnməsi necə ki, orqanizmi əlilliyə gətirib çıxarır… Mənim fikrimcə, müasir cəmiyyətin qarşısında duran ən böyük sosial problemlərdən biri texnoloji və iqtisadi inkişafın sürətlənməsinə baxmayaraq, insanın mənəvi dünyası ilə sosial münasibətləri arasında yaranan uçurumdur. Bu gün insanlar informasiya baxımından bir-birinə daha yaxın görünsələr də, mənəvi baxımdan tənhalıq, özgələşmə, etimadsızlıq və sosial parçalanma halları artmaqdadır. Bir çox hallarda insanlar nəinki cəmiyyətlə, hətta öz daxili dünyaları ilə də əlaqəni itirirlər… Sosiologiyanın klassik nümayəndələrindən Emile Durkheim bu vəziyyəti anomiya anlayışı ilə izah edirdi. Yəni, cəmiyyətdə ortaq dəyərlər zəiflədikdə insanlar istiqamət hissini itirir, sosial bağlar zəifləyir və müxtəlif sosial problemlər meydana çıxır. Bu baxımdan mən hesab edirəm ki, bugünkü dövrün əsas problemi yalnız iqtisadi və ya siyasi deyil, ilk növbədə dəyərlər problemidir…

   Bir misal da göstərim: Qərb fəlsəfəsində Aristotel insanı ictimai varlıq adlandırırdı. Onun fikrincə, insan yalnız cəmiyyət daxilində öz mahiyyətini reallaşdıra bilər. Müasir dövrdə isə fərdiyyətçiliyin həddindən artıq güclənməsi bəzən kollektiv məsuliyyət hissini zəiflədir. Nəticədə insanlar öz hüquqlarını müdafiə etsələr də, vəzifələrini və sosial məsuliyyətlərini unutmağa başlayırlar. Aynur xanım, məsələyə bir az da obrazlı yanaşsaq, Şərq fəlsəfəsində, daha konkret olaraq Mövlanənin məhşur bir fikrini xatırlatmaq istəyərdim: Eyni dili danışanlar deyil, eyni hissləri paylaşanlar anlaşırlar… Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, cəmiyyətin əsas problemi ünsiyyət çatışmazlığı deyil, empatiya çatışmazlığıdır. İnsanlar bir-birini eşidirlər, lakin çox zaman anlamırlar… Konfutsinin dediyi kimi, dövlətin gücü ilk növbədə insanların əxlaqında və qarşılıqlı hörmətində əks olunur. Əgər ailədə, məktəbdə və cəmiyyətdə mənəvi dəyərlər möhkəm olarsa, sosial problemlərin əhəmiyyətli hissəsi öz-özünə azalacaqdır. O ki, qaldı məsələnin həllinə, cəmiyyətləri ayaqda saxlayan əsas amil sosial həmrəylikdir. Bu gün qloballaşma şəraitində texnologiya bizi bir-birimizə bağlasa da, bəzən mənəvi yaxınlığı zəiflədə bilir. Buna görə də həmrəyliyin, qarşılıqlı etimadın və sosial məsuliyyətin yenidən gücləndirilməsi vacibdir. Mən hesab edirəm ki, bu problemin həlli üçün ən uyğun fəlsəfi yanaşma humanizm və etik məsuliyyət fəlsəfəsidir. İnsan yenidən inkişafın mərkəzinə qaytarılmalıdır. Texnologiyalar, iqtisadiyyat və idarəetmə sistemləri insan üçün mövcuddur, insan onların xidmətçisi deyil.
Cəmiyyət yalnız maddi rifahla deyil, həm də mənəvi rifahla inkişaf edir. Nəticə etibarilə, müasir cəmiyyətin ən böyük problemi dəyərlər və etimad böhranıdır. Bu problemin həlli isə yalnız iqtisadi və inzibati tədbirlərdən deyil, insanı mərkəzə qoyan fəlsəfi düşüncədən, mənəvi tərbiyədən, sosial həmrəylikdən və humanist dəyərlərin gücləndirilməsindən keçir. Çünki cəmiyyəti dəyişdirməyin ən etibarlı yolu insanın özünü dəyişdirməsidir… Bu gün bəşəriyyətin ehtiyacı olan ən böyük inkişaf texnoloji deyil, mənəvi inkişafdır…

AYNUR TURAN 

Gundelik.az