Yeni bir fəlsəfi araşdırma şüurun yalnız ət və sümükdən ibarət bioloji quruluşlara bağlı olmadığını, kainatda Yerdə formalaşmışlardan tamamilə fərqli fiziki maddələrdə də ortaya çıxa biləcəyini göstərir.
Kaliforniya Universitetindən fəlsəfə professoru Eric Schwitzgebel və Lissabon Universitetindən Jeremy Pober tərəfindən hazırlanan araşdırmada şüurun mövcud olması üçün Yerdə inkişaf etmiş bioloji quruluşlara bağlı qalmaq məcburiyyətinin olmadığı irəli sürülür.
Tədqiqatçılar “qəribə” (ekzotik) yadplanetli zihinlərin mütləq var olduğunu iddia etmirlər, lakin şüurun yalnız bizimkine bənzər kimyəvi quruluşlara məhkum edilə bilməyəcək qədər çevik ola biləcəyini müdafiə edirlər.
Maddənin ötəsində çeviklik
Filosofların arqumenti “daşıyıcı çeviklik” anlayışına əsaslanır. Bir xüsusiyyətin müxtəlif materiallarla həyata keçirilə bilməsi onun bu cür çevikliyə malik olduğunu göstərir.
Məsələn, bir stəkanın şüşədən və ya plastikdən hazırlanması onun su saxlama funksiyasını dəyişmir. Eyni şəkildə, şüurun da müxtəlif fiziki mexanizmlərdə meydana gələ biləcəyi irəli sürülür.
Bu yanaşma müşahidə edilə bilən kainatın nəhəng miqyasına tətbiq edildikdə, kosmos tarixində inkişaf etmiş davranış nümunələrinə sahib ən azı minlərlə sivilizasiyanın mövcud olmuş ola biləcəyi ehtimal edilir.
Həyatın çox fərqli kimyəvi şərtlərdə yarana bildiyi bu qədər geniş kainatda, bütün uğurlu canlıların eyni biokimyəvi formulu seçməsi ehtimalının çox zəif olduğu vurğulanır.
Şüurda Kopernik inqilabı
Astronomiya tarixində hər böyük kəşf insanlığı kainatın mərkəzindən uzaqlaşdıraraq ona daha təvazökar yer göstərdi.
Tədqiqatçılar bu fəlsəfi dərsi şüur anlayışına da tətbiq edərək bunu “şüurun Kopernik prinsipi” adlandırırlar.
Fərqindəliyin yalnız insanabənzər canlılara aid olduğunu düşünməyin dünyamərkəzçi bir səhv və əsassız bir iddia olduğu bildirilir.
Süni intellekt mövzusuna gəldikdə isə tədqiqatçılar tam razılığa gəlmirlər. Bəzi sistemlərin çevik olması hər süni sistemin şüura sahib olacağı demək deyil və hazırkı silikon texnologiyasının bunu təmin etməyə biləcəyi qeyd olunur.
Bununla belə, insan biologiyası şərtindən imtina edilərsə, silikon əsaslı sistemlərin də tamamilə istisna edilməsi çətinləşir.
Mütəxəssislər əsas sualın bir maşının insan beynini təqlid edib-etməməsi deyil, hansı sistemlərin həqiqətən “şüur” və ya “oyanış” yaşaya bilməsi olduğunu vurğulayırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
