Yaş artdıqca dəridə qırışlar yaranır, sallanmalar başlayır. Cavanlaşdırma əməliyyatlarına marağın yüksək olduğunu bildirən plastik, rekonstruktiv və estetik cərrah Hayati Akbaş qeyd edib ki, müasir estetik cərrahiyyə sayəsində bəzi pasiyentlərdə 20-30 il daha gənc görünüş əldə etmək mümkündür.
Yaşlandıqca dəridə kollagen və elastin istehsalı azalır. Bunun nəticəsində qırışlar, sallanmalar, quruluq, ləkələr və həcm itkisi daha qabarıq şəkildə özünü göstərir.
Prof. Dr. Hayati Akbaş bildirib ki, bir çox insan özünü daha gənc və enerjili hiss etmək üçün estetik əməliyyatlara müraciət edir. Onun sözlərinə görə, yaşlanmanın ən aydın əlamətləri üzdə müşahidə olunur:
“Zaman keçdikcə üz əzələləri boşalır, göz qapaqları sallanır, gözaltı torbalar yaranır. Cazibə qüvvəsinin təsiri ilə yanaqlar aşağı enir, boyun nahiyəsində qırışlar və dəri qatlanmaları əmələ gəlir. Bu dəyişikliklər qadın və ya kişi olmasından asılı olmayaraq insanların əhvalına və motivasiyasına mənfi təsir göstərə bilər.”
Daha gənc və enerjili görünmək mümkündür
Mütəxəssis vurğulayıb ki, estetik cərrahiyyənin texnoloji və elmi inkişafı üz cavanlaşdırılması sahəsində uğurlu nəticələr əldə etməyə imkan verir.
“Bəzi hallarda insanı 10, 20, hətta 30 il daha gənc göstərə bilən nəticələr əldə etmək mümkündür. Bu da insanların daha gənc, enerjili, gözəl və ya yaraşıqlı görünməsinə kömək edir. Belə dəyişikliklər ailə həyatında, iş mühitində və sosial münasibətlərdə insanın özünəinamına müsbət təsir göstərə bilər.”
Yaşlanma izləri ilə fəxr edənlərin əməliyyata ehtiyacı yoxdur
Akbaş qeyd edib ki, üz cavanlaşdırma əməliyyatları hər kəs üçün vacib deyil. Bəzi insanlar yaşlanma əlamətlərini həyat təcrübələrinin və xatirələrinin bir hissəsi kimi qəbul edirlər.
“Bəzən elə insanlarla qarşılaşıram ki, ‘Həkim, üzümdəki yaşlanma izləri yaşadığım həyatın bir hissəsidir və mən bununla fəxr edirəm’ deyirlər. Əgər insan bunu səmimi şəkildə söyləyirsə, buna hörmətlə yanaşmaq lazımdır və onun əməliyyata ehtiyacı yoxdur.”
Diqqət çəkən məqam
Mütəxəssis bildirib ki, xüsusilə iş həyatında gənc nəsillə birlikdə çalışan bəzi insanlar yaşlı görünüşün onlara mənfi təsir göstərə biləcəyini düşünürlər.
“Xaricdən gələn bəzi pasiyentlərim gənc əməkdaşlarla rəqabət apardıqlarını və yaşlı görünüşlərinin işlərini itirmələrinə səbəb ola biləcəyindən narahat olduqlarını bildirirlər. Özlərini enerjili hiss etsələr də, üzlərindəki yaşlanma əlamətlərinə görə estetik əməliyyat keçirmək istəyirlər.”
“Hər kəs üçün vahid doğru yoxdur”
Akbaşın sözlərinə görə, gec yaşda evlənmə və valideyn olma kimi sosial dəyişikliklər də estetik əməliyyatlara marağı artırır. Bəzi valideynlər uşaqlarının məktəbdə yaşadıqları müəyyən vəziyyətlərdən təsirlənərək daha gənc görünmək istəyirlər.
“Əgər insan özünü sevir, görünüşündən razıdır və yaşlanma əlamətləri onda özünəinam problemi yaratmırsa, əməliyyata ehtiyac yoxdur. Əsas məsələ insanın öz ehtiyaclarını və gözləntilərini düzgün qiymətləndirməsidir. Hər kəs üçün keçərli olan tək bir doğru yoxdur. Əhəmiyyətli olan insanın özünü necə hiss etməsidir.”
Mənbə:CNN
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
