Müasir dövrdə cəmiyyət sürətlə dəyişir, texnologiya həyatın bütün sahələrinə nüfuz edir, iqtisadi və sosial münasibətlər isə yeni məzmun qazanır. Bu dəyişikliklər insanların düşüncə tərzinə, həyat seçimlərinə, ailə institutuna və sosial münasibətlər sisteminə də birbaşa təsir göstərir. Xüsusilə gənclərin evliliyə münasibəti, qadın və kişinin cəmiyyətdəki rolu, eləcə də rəqəmsal texnologiyaların ünsiyyət mədəniyyətinə təsiri son illərin ən çox müzakirə olunan mövzuları sırasında yer alır.
Bəs qloballaşma fonunda ailə dəyərləri hansı istiqamətdə dəyişir? Gənclərin evlilik qərarlarına təsir edən əsas amillər hansılardır? Texnologiyanın sürətli inkişafı insanlar arasında münasibətləri necə formalaşdırır? Qadın və kişinin sosial mövqeyində baş verən dəyişikliklər cəmiyyətə hansı təsirləri göstərir?
Bu və digər aktual məsələlərlə bağlı Gundelik.az-ın suallarını sosioloq Yusif Nəbiyev cavablandırıb. Müsahibimiz müasir cəmiyyətin sosial transformasiyalarını, ailə institutunun qarşılaşdığı çağırışları və texnoloji inkişafın insan münasibətlərinə təsirini sosioloji aspektdən təhlil edərək maraqlı fikirlərini bölüşüb.
Gənclərin evliliyə münasibətində hansı dəyişikliklər müşahidə olunur?
– Hazırda gənclərin evliliyə münasibətində müəyyən soyuma və evlilikdən çəkinmə meylləri müşahidə olunur. Bu, yalnız Azərbaycana məxsus problem deyil, qlobal xarakter daşıyan bir tendensiyadır. Dünyanın müxtəlif ölkələrində gənc nəsil arasında ailə qurmağa marağın və ehtiyac hissinin azalması diqqət çəkir.
Bu vəziyyətin əsas səbəblərindən biri mədəni qloballaşmadır. Qərb dünyasının fərdiyyətçi düşüncə tərzi getdikcə daha geniş yayılır. Şəxsi azadlıq, fərdi maraqlar və karyera planları ön plana keçdikcə ailə qurmaq istəyi arxa plana çəkilir. Çünki ailə müəyyən məsuliyyətlər, güzəştlər və məhdudiyyətlər tələb edir.
Digər mühüm amil iqtisadi çətinliklərdir. İnflyasiya, yaşayış xərclərinin artması, təhsil və səhiyyə xidmətlərinin bahalaşması ailə qurmağı və onu davam etdirməyi daha mürəkkəb edir. Müasir dövrdə övladın dünyaya gəlməsindən başlayaraq təhsil almasına qədər olan mərhələlər ciddi maliyyə resursları tələb edir. Buna görə də bir çox gənclər əvvəlcə maddi sabitlik əldə etməyə çalışır, ailə qurmaq qərarını isə sonrakı dövrə saxlayırlar.
Nəticədə evlilik yaşı yüksəlir, insanlar həyatlarını müəyyən qədər qaydaya saldıqdan sonra ailə qurmağa üstünlük verirlər.
Texnologiyanın sürətli inkişafı insanların ünsiyyət mədəniyyətinə necə təsir edib?
– Texnologiyanın sürətli inkişafı ümumilikdə insan mədəniyyətində ciddi transformasiya yaradıb. Bu dəyişikliklər xüsusilə ünsiyyət sahəsində daha aydın görünür. İnformasiya texnologiyalarının inkişafı insanların məlumat alma və ötürmə üsullarını, eləcə də ünsiyyət formalarını köklü şəkildə dəyişib.
Bu gün dünyanın müxtəlif nöqtələrində yaşayan insanlar bir-biri ilə saniyələr ərzində əlaqə qura bilirlər. Uzaq məsafələr əvvəlki qədər maneə yaratmır. Lakin bununla yanaşı maraqlı bir paradoks da yaranıb: uzaqdakılar bizə yaxınlaşdıqca, yaxınlarımız bəzən bizdən uzaqlaşır.
Araşdırmalar göstərir ki, insanın aktiv sosial əlaqələr qura bildiyi çevrə müəyyən sayla məhdudlaşır. Sosial şəbəkələrin və mesajlaşma platformalarının inkişafı isə bu sərhədləri xeyli genişləndirib. İnsanlar gün ərzində yüzlərlə insanla virtual təmasda olurlar. Bu isə ünsiyyətin keyfiyyətinə və formasına təsir göstərir.
Müasir dövrdə bir çox məsələlər telefon zəngləri və ya mesajlaşmalar vasitəsilə həll edilir. Üz-üzə ünsiyyətin payı əvvəlki dövrlərlə müqayisədə azalıb. İnsanlar emosiyalarını və münasibətlərini bəzən emojilər, qısa mesajlar və rəqəmsal simvollar vasitəsilə ifadə edirlər.
Bununla belə, vacib məsələlərin müzakirəsində canlı ünsiyyət öz əhəmiyyətini qoruyur. Çünki bədən dili, mimika, baxışlar və səs tonu insanın demək istədiklərini daha dəqiq və dolğun şəkildə çatdırmağa imkan verir. Məhz buna görə də mühüm qərarlar və ciddi söhbətlər zamanı insanlar hələ də üz-üzə görüşə üstünlük verirlər.
Cəmiyyətdə qadın və kişinin sosial rollarında hansı dəyişikliklər baş verir?
– Cəmiyyətdə iş bölgüsü və əmək münasibətləri dəyişdikcə qadın və kişinin sosial rollarında da dəyişikliklər baş verir. Keçmişdə əmək fəaliyyətinin əsas hissəsini ağır fiziki işlər təşkil edirdi. Bu səbəbdən kişilər iqtisadi fəaliyyətin əsas iştirakçıları hesab olunur, qadınlar isə daha çox ailə və ev təsərrüfatı ilə məşğul olurdular.
Müasir dövrdə isə texnologiyanın inkişafı nəticəsində fiziki əmək tələb edən işlərin sayı azalıb. Kompüter texnologiyaları və rəqəmsal sistemlər sayəsində qadınlar da əmək bazarında kişilərlə bərabər rəqabət aparmaq imkanı əldə ediblər. Xüsusilə ofis və idarəetmə sahələrində qadınların sayı və təsir imkanları əhəmiyyətli dərəcədə artıb.
Bu gün qadınlar biznesdə, dövlət idarəçiliyində, təhsildə və digər sahələrdə mühüm mövqelər tuturlar. Onların iqtisadi müstəqilliyi və sosial nüfuzu yüksəldikcə cəmiyyətdə söz sahibi olmaq imkanları da artır.
Bununla yanaşı, tam bərabərlikdən danışmaq hələ də çətindir. Çünki bəzi sahələrdə, xüsusilə fiziki güc və yüksək risk tələb edən fəaliyyət istiqamətlərində kişilər üstün mövqelərini qoruyub saxlayırlar. Digər tərəfdən, ailə daxilində emosional münasibətlərin qurulması, övlad tərbiyəsi və ailədaxili ünsiyyət kimi məsələlərdə qadınlar daha fəal rol oynamağa davam edirlər.
Beləliklə, müasir cəmiyyətdə qadın və kişinin sosial rolları əvvəlki dövrlərlə müqayisədə daha çox yaxınlaşsa da, müəyyən fərqlər və özünəməxsus xüsusiyyətlər hələ də qalmaqdadır.
Müsahibəni tərtib etdi: Jalə Əliyeva
Gundelik.az
