İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İrandan ABŞ-ın hücum təhdidlərinə cavab: “Bizimlə müharibə etdilər, nəticəsini gördülər”

İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-ın hücum təhdidləri ilə bağlı bildirib ki, “40 gün ərzində bizimlə müharibə etdilər və nəticəsini gördülər. İranla hörmətli dildə danışanlar eyni dildə cavab alacaqlar.”

Arakçi Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS Xarici İşlər Nazirləri Toplantısından sonra İran mediasına açıqlama verib.

ABŞ Prezidenti Donald Trampın müharibəni yenidən başlatmaqla bağlı təhdidləri barədə suala cavab verən Arakçi deyib ki, “Bu təhdidlərə öyrəşmişik. Uzun müddətdir müxtəlif forma və üsullarla təhdidlərini təkrarlayırlar, lakin özləri də bilirlər ki, nə bu təhdidlərdən, nə də başlatdıqları müharibədən heç bir nəticə əldə edə bilməyəcəklər.”

Məsələnin hərbi yollarla həllinin mümkün olmadığını bildirən Arakçi əlavə edib: “40 gün ərzində bizimlə müharibə etdilər və nəticəsini gördülər. İranla hörmətli şəkildə danışanlar eyni dildə cavab alacaqlar. Ümid edirəm bu ritorikanı kənara qoyub ağıla yönələrlər. Baxmayaraq ki, onların ağıla yönələcəyi gözlənilmir, yenə də problemlərin hərbi yolla deyil, başqa yollarla həll edilməli olduğunu anlamalıdırlar, çünki bu yol heç bir nəticə verməyəcək.”

İranlı nazir Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ABŞ–İsrailin İrana hücumları ilə başlayan müharibə zamanı hücum edən tərəflərə öz ərazisini və hava məkanını istifadə etməyə icazə verdiyini və bununla bağlı əlində konkret sübutların olduğunu bildirib.

Arakçi deyib: “Birləşmiş Ərəb Əmirlikləri bu müharibədə ABŞ-ın yanında idi və özünü zərərçəkmiş kimi göstərib ərazisinə hücum edildiyini deyə bilməz. İran yalnız Əmirliklər ərazisindəki ABŞ hədəflərinə cavab hücumları edib. Bu məsələni BRICS toplantısında da gündəmə gətirdim.”

İranlı nazir həmçinin bildirib: “Biz və Birləşmiş Ərəb Əmirlikləri qonşuyuq, keçmişdə birlikdə yaşamışıq və gələcəkdə də birlikdə yaşamalıyıq. Buna görə baxışımızı dəyişməli və təhlükəsizliyi xarici ölkələrdə deyil, bir-birimizlə əməkdaşlıqda görməliyik.”

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az