İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Pekində tarixi zirvə: Xi Cinpin və Donald Tramp görüşü başladı

ABŞ Prezidenti Donald Tramp ilə Çin Prezidenti Xi Cinpinin Pekində keçirilən görüşü başlayıb.

Xinhua agentliyinin məlumatına görə, Xi görüşün əvvəlində çıxış edərək bildirib ki, ABŞ Prezidenti Tramp ilə iki ölkəni və bütün dünyanı maraqlandıran məsələləri müzakirə etmək, münasibətləri düzgün istiqamətdə inkişaf etdirmək və gələcək üçün yeni bir səhifə açmaq istəyirlər.

Xi qeyd edib ki, hazırda qlobal səviyyədə yüz ildə bir dəfə rast gəlinən dəyişikliklər sürətlənib, beynəlxalq vəziyyət qeyri-sabit və gərgindir, dünya isə yeni tarixi dönəmdədir. O, “Çin və ABŞ dövrün problemlərinə birlikdə cavab verməlidir” deyib.

O, həmçinin vurğulayıb ki, Çin və ABŞ-ın fərqliliklərindən daha çox ortaq maraqları var və bir ölkənin uğuru digərinə də fürsət yaradır. Xi bildirib ki, iki ölkə rəqib yox, tərəfdaş olmalı, bir-birinin inkişafına töhfə verməlidir.

Xi Cinpin əlavə edib ki, böyük dövlətlər arasında düzgün münasibət dünyanın da xeyrinədir və “Çin–ABŞ münasibətlərinin gəmisini düzgün istiqamətə yönəldərək 2026-cı ili yeni tarixi mərhələyə çevirməyə hazırıq”.

O, həmçinin deyib: “Ticarət müharibələrinin qalibi olmur. Mübahisələr və fikir ayrılıqları varsa, bərabərlik əsasında dialoq yeganə yoldur.”

Tayvan məsələsinə toxunan Xi, Tayvan boğazında sülh və sabitliyin qorunmasının Çin və ABŞ üçün “ən böyük ortaq maraq” olduğunu bildirib.

ABŞ Prezidenti Donald Tramp isə görüşün açılışında Xi ilə “böyük məsələləri müzakirə etməyi” səbirsizliklə gözlədiyini və bunun “bəlkə də indiyə qədərki ən böyük zirvə” ola biləcəyini deyib.

Tramp ABŞ–Çin münasibətlərinin daha da yaxşı olacağına inandığını bildirib və “Çətinliklər qarşısında həmişə yol tapmışıq. Birlikdə möhtəşəm bir gələcək qura bilərik” deyib.

Görüş Pekində Böyük Xalq Salonunda baş tutub. Müzakirələrdə ticarət və iqtisadi məsələlərlə yanaşı, İran, Tayvan və digər beynəlxalq mövzuların da gündəmdə olduğu bildirilir.

Trampın səfər proqramına Gök Tapınağına ziyarət və rəsmi nahar da daxildir. Səfərin sonunda isə Xi Cinpinlə çay görüşü və birgə iş yeməyi planlaşdırılıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az