İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

Cənubi Qafqazın ən riskli layihəsi -Zəngəzur dəhlizi

2020-ci ildə başa çatan İkinci Qarabağ müharibəsindən sonra regionun gələcək siyasi və iqtisadi düzəni ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi layihəsidir. İlk baxışda regional nəqliyyat-kommunikasiya layihəsi kimi görünən bu məsələ artıq Cənubi Qafqazın sərhədlərini aşaraq Yaxın Şərq və Avrasiya geosiyasətinin mühüm müzakirə mövzularından birinə çevrilib.
Mövzu ətrafında Azərbaycan, Ermənistan, Türkiyə, İran və Rusiyanın fərqli maraqları mövcuddur. Xüsusilə də “dəhliz” anlayışının hüquqi və siyasi mahiyyəti tərəflər arasında ciddi fikir ayrılığı yaradıb. Ermənistan bunu öz suverenliyinə təhlükə kimi qiymətləndirir, Azərbaycan isə Naxçıvana maneəsiz quru bağlantısının təmin edilməsini strateji zərurət hesab edir. Regionda dəyişən güc balansı və beynəlxalq qarşıdurmalar isə layihənin taleyini daha da mürəkkəbləşdirir.
Gundelik.az xəbər portalının bu mövzu ilə bağlı suallarını tanınmış politoloq Çingiz Şahbazi cavablandırıb.

Çingiz müəllim, Zəngəzur dəhlizi məsələsi bu gün hansı geosiyasi əhəmiyyət daşıyır?
– Artıq Zəngəzur dəhlizini yalnız regional layihə kimi qiymətləndirmək doğru deyil. Bu məsələ hazırda Cənubi Qafqaz, Yaxın Şərq və ümumilikdə Avrasiya geosiyasətinin kəsişmə nöqtəsinə çevrilib. Çünki burada təkcə yol və kommunikasiya məsələsi yoxdur, eyni zamanda böyük güclərin təsir və nəzarət mübarizəsi də mövcuddur.

 2020-ci ildən sonra bu layihənin gündəmə gəlməsinin əsas səbəbi nə oldu?
– İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli bəyanatın xüsusilə 9-cu bəndində kommunikasiya xətlərinin açılması ilə bağlı razılıq əldə olunmuşdu. Azərbaycan əsas tələb kimi Naxçıvana maneəsiz quru əlaqəsinin təmin edilməsini irəli sürdü. Ermənistan isə “dəhliz” anlayışına qarşı çıxaraq bunu öz suverenliyinə təhdid hesab etdiyini bildirdi və yalnız öz nəzarəti altında fəaliyyət göstərəcək yol variantını qəbul etdiyini açıqladı.

 Bu məsələdə region dövlətlərinin maraqları necə toqquşur?
– Burada xüsusilə Türkiyə, Rusiya və İranın fərqli maraqları prosesə ciddi təsir edir. Türkiyə layihəni Türk dünyasını birləşdirən strateji xətt kimi görür. Rusiya regionda nəzarət imkanlarını saxlamağa çalışır. İran isə sərhədlərin dəyişməsi və bölgədə geosiyasi balansın öz əleyhinə dəyişməsi ehtimalından narahatdır. Buna görə də Zəngəzur dəhlizi ətrafında müzakirələri birmənalı qiymətləndirmək mümkün deyil.

Ermənistanın əsas etirazı nədən ibarətdir?
– Ermənistan hesab edir ki, ekstraterritorial status veriləcəyi halda həmin ərazi üzərində nəzarət imkanlarını itirə bilər. Azərbaycanın maksimal yanaşması kimi təqdim olunan maneəsiz keçid və xüsusi status məsələsi də müzakirələri dalana dirəyən əsas məqamlardan biridir. Ermənistan yalnız öz sərhəd və gömrük nəzarəti altında fəaliyyət göstərəcək marşruta razıdır.

İranın məsələyə münasibətini necə qiymətləndirirsiniz?
– İran dəfələrlə bəyan edib ki, regionda sərhədlərin dəyişməsinə qarşıdır və bunu “qırmızı xətt” hesab edir. Tehran düşünür ki, Ermənistan üzərindən keçəcək yeni marşrut gələcəkdə İranı regional tranzit və logistika proseslərindən kənarda qoya bilər. Bu səbəbdən İran Zəngəzur dəhlizi məsələsinə ehtiyatlı və həssas yanaşır.

Əgər layihə reallaşmasa, alternativ variant mümkündürmü?
– Bəli, belə bir halda Azərbaycan İran üzərindən Naxçıvana yeni yol layihəsini genişləndirə bilər. Bu ssenaridə Ermənistan regionun əsas tranzit imkanlarından məhrum ola bilər. Yəni məsələ təkcə siyasi deyil, həm də iqtisadi və strateji əhəmiyyət daşıyır.

 Beynəlxalq proseslər layihənin gələcəyinə necə təsir göstərə bilər?
– Şübhəsiz ki, regionda və dünyada baş verən hadisələr Zəngəzur dəhlizi layihəsinə də təsirsiz ötüşmür. ABŞ-İran münasibətlərinin daha da gərginləşməsi və ya Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi layihənin uzun müddət dondurulmuş vəziyyətdə qalmasına səbəb ola bilər. Hazırda layihənin taleyi daha çox regional və qlobal güc balansından asılı görünür.

 Sizcə, Zəngəzur dəhlizi gələcəkdə hansı rolu oynaya bilər?
– Bu marşrut müxtəlif tərəflər üçün fərqli məna daşıyır. Kimlər üçünsə Cənubi Qafqaza nəzarət mexanizmi, kimlər üçünsə Şərq-Qərb ticarət xəttinin vacib hissəsi hesab olunur. Azərbaycan üçün isə bu, ilk növbədə strateji nəqliyyat və bağlantı məsələsidir.
Zəngəzur dəhlizi iqtisadi və logistika baxımından faydalı layihə sayılsa da, siyasi risklərlə əhatə olunub və potensial gərginlik nöqtəsi kimi qalır. Hesab edirəm ki, layihə hansısa dövlətin siyasi təsir alətinə çevrilməzsə və heç bir kənar gücün tam nəzarəti altında olmazsa, həm region, həm də dünya üçün faydalı nəticələr verə bilər.

Gundelik.az