Şimali Koreya Koreya yarımadasının yenidən birləşdirilməsinə dair bütün ifadələri konstitusiyasından çıxarıb.
Cənubi Koreyanın Yonhap agentliyinin məlumatına görə, bu dəyişiklik ölkənin milli doktrinasında köklü dönüşün göstəricisi hesab olunur.
Konstitusiyada edilən dəyişikliklə “sülh yolu ilə yenidən birləşmə” və “milli birlik” kimi ifadələr çıxarılıb. Onların yerinə Şimali Koreyanı cənubda Cənubi Koreya, şimalda isə Çin və Rusiya ilə dəqiq sərhədləri olan ayrı bir dövlət kimi təsvir edən müddəalar əlavə edilib.
Məlumatda həmçinin bildirilir ki, Şimali və Cənubi Koreya arasında uzun müddətdir mübahisə mövzusu olan Sarı dənizdəki dəniz sərhədi isə konstitusiyada açıq şəkildə göstərilməyib.
Kim Çen Inun səlahiyyətləri genişləndirilib
Konstitusiya dəyişikliyi ilə Şimali Koreya lideri Kim Çen Inun səlahiyyətləri xeyli artırılıb. Yeni qaydalara əsasən, o, nüvə qüvvələri üzərində birbaşa komandanlıq da daxil olmaqla, dövlət qurumları üzərində daha güclü nəzarət əldə edib.
Bundan əlavə, Ali Xalq Məclisinin lideri vəzifədən kənarlaşdırmaq səlahiyyəti ləğv edilib. Bu isə parlamentin Kim Çen In üzərində rəsmi nəzarət rolunun faktiki olaraq aradan qaldırılması deməkdir.
Həmçinin, Şimali Koreyanın qurucusu Kim İl Sunq və keçmiş lider Kim Çen İlin nailiyyətlərinə dair konstitusiyadakı istinadların da çıxarıldığı qeyd olunur.
Mənbə: TRT Haber
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
