İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Müasir dövrün paradoksu: bolluq içində mənəvi boşluq

Müasir dövr insan həyatına saysız-hesabsız imkanlar gətirsə də, eyni zamanda dərin mənəvi suallar və psixoloji çətinliklər də yaradıb. Maddi rifahın artdığı bir  zamanda insanın daxili dünyasında boşluq hissinin güclənməsi, münasibətlərin mürəkkəbləşməsi və gənclər arasında məqsədsizlik kimi problemlər daha qabarıq görünür.

Gundelik.az xəbər portalının müsahibi — professor, NLP (neyrolinqvistik proqramlaşdırma) və karmologiya üzrə ustad, uzun illər praktik psixoloji fəaliyyətlə məşğul olan mütəxəssis Namiq Qüdrətov bu mövzulara fəlsəfi və psixoloji aspektdən aydınlıq gətirir. Onun fikirləri müasir insanın daxili dünyasını anlamaq və həyatın əsas suallarına cavab tapmaq baxımından diqqət çəkir.

Suallarınıza cavab verməzdən əvvəl, müasir dövr haqqında fikirlərinizi bölüşmək istərdiniz. Bu dövrü necə xarakterizə edərdiniz?

— Psixoloqların fikrinə görə, müasir dövrün əsas xüsusiyyəti ondan ibarətdir ki, bu gün insanlar arasında elə bir münasibət demək olar ki, yoxdur ki, orada pul mövzusu olmasın. Pul qazanmaq həyatın bütün sahələrinə sirayət edib.

Əgər 1980-ci ildə dünyada cəmi 1–2 milyon milyoner var idisə, bu gün onların sayı 60 milyonu keçib. Yəni insanlıq daha varlı olub… amma sual budur — daha xoşbəxt olubmu?

Bugünkü reallıq göstərir ki, müharibələr artır, ədalətsizlik hissi güclənir, ailə institutları zəifləyir, sosial və mədəni dəyişikliklər insanların psixologiyasına ciddi təsir göstərir.

Bu gün bizim hər şeyimiz var: ev, maşın, texnologiya, imkanlar… amma çox vaxt bir suala cavab tapa bilmirik: “Nə üçün yaşayırıq?” Məqsəd itkisi var, mənəvi boşluq var, insanlar gələcəklərini planlaşdırmaqda çətinlik çəkir.

Mənim son kitabım — “Allah insanı niyə yaradıb: Tanrının məntiqi” — məhz bu suallara cavab axtarır. Bu kitabda Bronnie Ware adlı tibb bacısının müşahidələri xüsusi yer tutur. O, ölümcül xəstələrlə işləyərək insanların həyatlarının sonunda dedikləri peşmançılıqları toplayıb.

Diqqət edin, insanlar həyatın sonunda demirlər: “Kaş ki daha çox pul qazanaydım…” Onlar deyirlər:

  1. Kaş ki başqalarının istədiyi kimi yox, öz istədiyim kimi yaşamaq üçün cəsarətim olaydı.
  2. Bu qədər çox işləməyə dəyməzdi.
  3. Kaş ki hisslərimi açıq deyəydim.
  4. Dostlarla münasibətləri qoruya biləydim.
  5. Kaş ki özümə xoşbəxt olmağa icazə verəydim.

Və mən hesab edirəm ki, gələcək nəsil üçün ən təhlükəli söz budur: “Kaş ki…”

 İnsan münasibətlərində ən çox edilən səhvlər hansılardır?

— Ən böyük səhvlərdən biri qarşı tərəfi anlamaq əvəzinə onu dəyişməyə çalışmaqdır. Bilirsiniz, insanın həyat ssenarisi 5–8 yaşına qədər formalaşır. Eric Berne-ə görə bu ssenari yalnız bədbəxt hadisə, güclü sevgi və ya psixoterapiya vasitəsilə dəyişə bilər. Münasibətdə isə əsas prinsip konsensusdur.

İkinci səhv emosiyaları gizlətməkdir. İnsan uzun müddət narazılığını ifadə etmədikdə, bir gün kiçik səbəbdən böyük partlayış yaşayır. Eyni zamanda, hisslərini demədikdə həyatın gözəl anlarını itirir.

Üçüncü məqam — “mən haqlıyam” mövqeyinə bağlılıqdır. Münasibətlərdə haqlı olmaqdan daha vacibi əlaqəni qorumaqdır.

Və nəhayət, ən dərin səhvlərdən biri — münasibətə yox, gözləntilərə aşiq olmaqdır. İnsan qarşısındakı real insanı yox, beynində yaratdığı obrazı sevir. Reallıq üzə çıxanda isə məyusluq başlayır.

 Gənclər arasında artan passivlik və məqsədsizlik nədən qaynaqlanır?

— İlk səbəb seçim bolluğudur. Bu gün gənc yüzlərlə imkan arasında qalır və nəticədə qərarsızlıq passivliyə çevrilir. Psixologiyada buna “seçim iflici” deyilir.

İkinci faktor — mənanın itirilməsidir. Gənc “niyə yaşayıram?” sualına cavab tapmayanda, “nə etməliyəm?” sualına da cavab tapa bilmir.

Üçüncü səbəb — müqayisə mədəniyyətidir. Sosial şəbəkələr gəncə daim başqalarının “ideal həyatını” göstərir və nəticədə öz həyatı ona dəyərsiz görünür.

Əksər insanların yeganə məqsədi pul qazanmaq olur. Pul vasitə kimi yox, məqsəd kimi qarşıya qoyulur. Bu mənada Kral Midas hekayəsi çox düşündürücüdür — o, toxunduğu hər şeyi qızıla çevirmək istəyirdi, amma sonda bunun insanı xoşbəxt etmədiyini anladı.

 Cəmiyyətdə artan aqressiyanın psixoloji və sosial səbəbləri nələrdir?

— Aqressiya heç vaxt səbəbsiz olmur. İnsan qorxu, narazılıq və dəyərsizlik hisslərini uzun müddət içində saxladıqda, bu enerji gec-tez aqressiya kimi üzə çıxır.

İkinci faktor — ədalətsizlik hissidir. Sosial bərabərsizlik və qeyri-müəyyən gələcək insan daxilində gizli narazılıq yaradır.

Jalal ad-Din Rumi deyirdi: “Həddini bilmək — ən böyük hikmətdir.” İnsan imkanlarını aşaraq özünü süni şəkildə yüklədikdə bu da daxili gərginlik yaradır.

Və nəhayət, emosional savadın zəifliyi — insan hisslərini tanımadıqda onları idarə edə bilmir və nəticədə aqressiya yaranır.

İnsanların daha empatik və anlayışlı olması üçün nə dəyişməlidir?

— Ən böyük dəyişiklik insanın daxilində başlamalıdır. İnsan öz hisslərini tanımırsa, başqasını da anlaya bilməz.

Birinci vacib məqam — emosional savadın artırılmasıdır. Empatiya öyrənilən bacarıqdır.

İkinci — dinləmə mədəniyyətidir. İnsanlar cavab vermək üçün yox, anlamaq üçün dinləməyi öyrənməlidir.

Və ən dərin dəyişiklik — insanın öz zəifliyini qəbul etməsidir. Öz zəif tərəflərini qəbul edən insan başqasına qarşı daha yumşaq olur.

Nəticə olaraq: empatiya zəiflik deyil, cəmiyyətin ən böyük gücüdür.