Son dövrlərdə qlobal iqtisadiyyatda baş verən hadisələr – enerji bazarlarında gərginlik, ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlar və müxtəlif regionlarda davam edən münaqişələr – dünya iqtisadiyyatının gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır. Xüsusilə Hörmüz boğazı ətrafında baş verənlər, Yaxın Şərqdəki qeyri-sabitlik və Rusiya-Ukrayna müharibəsi fonunda həm enerji, həm də ərzaq böhranı riskləri geniş müzakirə olunur. Gundelik.az xəbər portalı bu məsələlərlə bağlı tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun fikirlərini öyrənib.
Enerji böhranı qlobal bazarların gələcəyini necə dəyişəcək?
– Hazırkı dövrdə enerji bazarlarında müşahidə olunan gərginliklər, xüsusilə Hörmüz boğazı kontekstində baş verən hadisələr və Yaxın Şərqin müxtəlif bölgələrindəki proseslər müəyyən risklər yaradır. Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsi də enerji təchizat zəncirinə təsir göstərir. Lakin hesab edirəm ki, bu faktorlar qlobal bazarları ciddi şəkildə sarsıdacaq səviyyəyə çatmayacaq. Çünki bu proseslər müəyyən mənada idarə olunan proseslərdir.
Qlobal ərzaq böhranı riski nə dərəcədə ciddidir?
– Ərzaq təhlükəsizliyi məsələsi də eyni kontekstdə qiymətləndirilməlidir. Münaqişələr və geosiyasi gərginliklər ərzaq təchizatında problemlər yaratsa da, bu risklər tam nəzarətdən çıxmış vəziyyətdə deyil. Müəyyən çətinliklər mümkündür, amma bu, qlobal miqyasda idarəolunmaz böhran səviyyəsində deyil.
Sizcə, mövcud risklər dünya iqtisadiyyatına böyük zərər verə bilərmi?
– Mən belə düşünmürəm. Bu gün baş verən proseslər böhran riskini artırsa da, onların dünya iqtisadiyyatına 2007–2008-ci illərdəki kimi böyük təsir göstərəcəyi ehtimalı azdır. Çünki həmin dövrdə ABŞ-da baş verən maliyyə böhranı iqtisadi zərurətdən doğmuş, idarə olunmayan bir böhran idi və bütün dünyaya yayıldı.
Müharibə və iqtisadi böhranların təsiri arasında hansı fərq var?
– Əsas fərq ondadır ki, müharibələrin yaratdığı böhranlar müəyyən qədər idarə edilə biləndir. Lazım gəldikdə tərəflər geri çəkilə bilər və ya üçüncü, dördüncü tərəflərin təzyiqi ilə proseslər yumşaldıla bilər. Amma həqiqi iqtisadi böhran zamanı vəziyyət tam fərqlidir. Belə hallarda, hətta BMT-yə üzv olan 193 ölkə birlikdə hərəkət etsə belə, böhranı dərhal aradan qaldırmaq mümkün olmur.
Yəni nəticə olaraq hansı qənaətə gəlmək olar?
– Nəticə olaraq demək olar ki, hazırkı risklər ciddi olsa da, qlobal iqtisadi sistem üçün dağıdıcı xarakter daşımır. Ən təhlükəli böhranlar iqtisadi sistemin daxilindən yaranan, idarə olunmayan böhranlardır. Bugünkü geosiyasi proseslər isə daha çox idarə olunan risklər çərçivəsində qalır.
Gundelik.az
