İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

Macarıstanda siyasi dönüş: Orban dövrü başa çatdı?

Viktor Orbanın 16 illik hakimiyyətinin ardından Macarıstan parlament seçkiləri 2026 ölkənin siyasi gündəmində ciddi dəyişikliklərə səbəb oldu. Seçkilərdə müxalifətin qalib gəlməsi və Peter Magyarın önə çıxması həm daxili, həm də xarici siyasət kursu ilə bağlı müxtəlif suallar doğurur. Mövzu ilə bağlı Gundelik.az xəbər portalının suallarını politoloq, elmlər doktoru Elşad Mirbəşiroğlu cavablandırır.

– Macarıstanda keçirilən son parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

– Bu seçkilər olduqca maraqlı və diqqətçəkici idi. Viktor Orbanın rəhbərlik etdiyi siyasi qüvvə 16 il hakimiyyətdə qaldıqdan sonra məğlub oldu. Bununla belə, onun partiyası parlamentdə 55 mandatla təmsil olunacaq və bu da Orbanın siyasi səhnədən kənarda qalmayacağını göstərir. O, artıq müxalifət kimi fəaliyyətini davam etdirəcək.

 Yeni hakimiyyətin xarici siyasətdə kəskin dəyişikliklər edəcəyini gözləmək olarmı?

– Mən hesab etmirəm ki, Macarıstanın xarici siyasətində çox sərt dönüşlər baş verəcək. Peter Magyar Avropa İttifaqı ilə daha konstruktiv və yumşaq münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib. Bu, seçicilərin də gözləntilərindən irəli gəlir. Çünki əvvəlki dövrdə Avropa İttifaqı ilə gərgin münasibətlər Macarıstanın bəzi imkanlardan tam istifadə etməsinə mane olurdu.

Seçicilərin müxalifəti dəstəkləməsinin əsas səbəbləri nə idi?

– Əsas səbəblərdən biri məhz Avropa ilə münasibətlərin normallaşdırılması istəyi idi. Seçicilər Avropa İttifaqı çərçivəsində təqdim olunan iqtisadi və siyasi üstünlüklərdən daha çox yararlanmaq istəyirdilər. Bu baxımdan dəyişiklik tələbi formalaşmışdı.

Yeni hakimiyyətin beynəlxalq münasibətlərdə mövqeyi necə olacaq?

– Düşünürəm ki, Peter Magyarın qələbəsi beynəlxalq aktorlar tərəfindən qəbul ediləcək. Burada həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları kimi gücləri qeyd etmək olar. Viktor Orbanın Donald TrumpVladimir Putin ilə yaxın münasibətləri olsa da, bu seçkinin nəticələrinə ciddi təsir etmədi.

Bu nəticələr hakimiyyət daxilində müəyyən transformasiya ehtimalını gündəmə gətirirmi?

– Bu, tam sübut olunmasa da, belə bir ehtimalı istisna etmək olmaz. Peter Magyar əvvəllər Viktor Orban hökumətində tanınan simalardan biri idi və qısa müddətdə böyük siyasi dəstək qazanması müəyyən suallar doğurur. Bu da bəzi ekspertləri daxili siyasi transformasiya ehtimalını düşünməyə vadar edir.

Yeni hakimiyyətin Rusiya və Ukrayna məsələsində mövqeyi necə olacaq?

– Bu məsələdə ciddi fərqlər gözlənilmir. Peter Magyar də Rusiya ilə dialoqun davam etdirilməsinin tərəfdarıdır və enerji məsələlərində tam imtinanın düzgün olmadığını bildirir. Eyni zamanda, Ukraynaya birbaşa dəstək mövqeyində deyil. Sadəcə fərq ondan ibarət ola bilər ki, Macarıstan bundan sonra Avropa İttifaqınin Ukraynaya dəstəyini bloklamayacaq.

 Ümumilikdə Macarıstanın siyasi kursu necə dəyişəcək?

– Mən hesab edirəm ki, ölkənin ümumi siyasi-geosiyasi kursunda kəskin dəyişikliklər baş verməyəcək. Adətən siyasi fiqurlar əvvəlki siyasi mövqelərindən tamamilə uzaqlaşmırlar. Bu baxımdan Peter Magyarın da Viktor Orban xəttindən tam qopduğunu düşünmürəm. Daha çox müəyyən siyasi kompromisin əldə olunduğunu ehtimal etmək olar.

Tərtib etdi: Məhəmməd Nəzərov
Gundelik.az