İyul 8, 2026
Baku
Ədəbiyyat

Xalqa aşırımın o üzündəki həqiqəti göstərən sənətkar-Fərman Kərimzadə

Vedinin yanı dağlar, 
  Ürəyi, canı dağlar,  
 Burda bir el var idi,
Siz deyin, hanı dağlar?!
Çox az adam bilir ki, bu bayatının müəllifi Fərman Kərimzadədir. Deyilənə görə Vedinin adı çəkilən kimi yazıçının gözündə yaş gilələnər, dilindənsə ürəkləri titrədən bayatı qoparmış.  Bəli, insan gəldi-gedər cismi ilə deyil, əbədi ruhu, əməlləriylə yaşayır…
Fərman Kərimzadə insanlara qəlbən bağlı idi. O, yaşamağı, həyatı, təbiəti çox sevirdi. Yaxşı vətənpərvər insanlara ürəyini verərdi. Bu özgə bir sevgi idi. Bəlkə ona görə də xalqının başına gələn fəlakətlərin kökünü keçmişdə axtarırdı.  O illərdə Fərman Kərimzadə Vedibasarın sözə qarışıb qələmlə döyüşən sərkərdəsi, içindəki göynərtisi, iztirabı, başının üstündəki tüstü-dumanıyla elə bil Ağrı dağının özü idi. O, yazıçı olmamışdan əvvəl rəssam idi.  Ağlı, mənəvi saflığı ilə Tanrı onu xoşbəxt yaratmışdı. Ancaq onun içində gözə görünməyən, duyulmayan yurd həsrəti vardı… O, həm də zərif, incəduyumlu şeirlər müəllifi idi.
F.Kərimzadə hadisələrin məntiqini tutmağı, obrazların mənəvi-psixoloji aləmini aydın cizgilərlə əks etdirməyi bacaran sənətkar idi. Onun ictimai-siyasi və pedoqoji fəaliyyəti ilə ədəbi yaradıcılığı bir-birini tamamlayırdı. Bu cəhət onun müharibə mövzusunda yazdığı hekayələrlə yanaşı, Ölülər yalan danışmır Mis qazan Talad Ümid, Xınalıq və başqa hekayələrində, Xallı maral Toy dəvətnaməsi povestlərində də güclü və qabarıqdır. Povestlər işıqlı ideallar təbliğ edir, xalq malını dağıdanları, israfçıları, əliəyriləri, tüfeyli və kübar yaşayış tərzini ifşa edir.
Müasir Azərbaycan ədəbiyyatında özünün dəsti-xətti ilə seçilən Fərman  Kərimzadə imzası daha çox tarixi roman müəllifi kimi məşhurdur. Biz bunu Çaldıran döyüşü Xudafərin körpüsü, Qarlı aşırım Qoca qartalın ölümü  və sair məşhur əsərləri oxuduğumuz zaman anlayırıq.
Tarixi şəxsiyyətlər haqqında bədii əsər yazmaq məqbul və təqdirəlayiqdir. Çünki millət özünün böyük övladlarını mütləq olduğu kimi tanımalıdır və Fərman Kərimzadə bunu bacardı. Xüsusən xalqımızın yaxın və uzaq tarixi, onun başına gətirilən müsibətlər Fərman Kərimzadənin sənət dünyasında mühüm yer tuturdu. Ona görə də yazıçının tarixi mövzulara müraciəti olduqca təbii idi. F.Kərimzadənin tarixi romanları çağdaş Azərbaycan nəsrində janrın potensial imkanlarının genişliyini sübut edirdi. Onu bir yazıçı kimi şöhrətləndirən də onun tarixi romanları olmuşdur. Bu baxımdan şübhəsiz, “Qarlı aşırım” romanı xüsusi yer tutur. Bu əsər həm də F.Kərimzadənin bütün sonrakı tarixi romanlarının özünəməxsusluğunu, digər müəlliflərlə müqayisədə tarixə və tarixi şəxsiyyətlərə münasibətini aydınlaşdırmağa kömək edir. F.Kərimzadəni sinfi toqquşmaların təsvirindən daha çox, bu toqquşmaya qoşulanların ürək dünyası və mənəvi ovqatı, onların hərəkətlərini şərtləndirən daxili impulslar maraqlandırırdı. Yazıçı həyatı ədəbiyyata gətirdiyindən yaradıcılığında obrazlar qalereyası da olduqca real və zəngindir. F.Kərimzadənin yazdığı əsərlər, yaratdığı obrazlar öz milli koloriti, milli özünəməxsusluğu, milli düşüncə tərzi ilə secilirdi. O, yazdığı əsəri, təsvir etdiyi obrazı yaşayırdı.
1967-ci ildə çap olunmuş Qarlı aşırım" onun yazıçı istedadını, ümidverici və gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə Qarlı aşırım"da 30-
cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki nəsr ustalarını təkrar etmədən tamamilə yeni ruhda əks etdirdi. 30-cu illərə 60-cı illərin və altmışıncıların gözü ilə baxış, hadisələrin dolğun-dürüst mənalandırılması bu əsəri oxuculara sevdirdi.
Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin ömrünün son üç günü, xalqının səadəti yolunda ürəyini məşələ çevirməsi, cəsarət və qorxmazlığı, yüksək ağıl və
idrak sahibi kimi tədbirli hərəkətləri, qolçomaq qiyamını öz qanı bahasına ləğv edə bilməsi yazıçının tarixi fakt və hadisələrə böyük duyum və həssaslıqla yanaşdığını,yüksək ümumiləşdirmə gücünə malik olduğunu göstərir. Hər dəfə onun ssenarisi əsasında çəkilən “Axırıncı aşırım” bədii filmi ekranlarda nümayiş etdiriləndə millətimizin yaşadığı çətin günlər, keçdiyi ağıryollar yenidən göz önündə canlanır. Abasqulu bəy kimi vətənpərvərlərdən, Kərbəlayi kimi “Namus-qeyrəti, duz-çörəyi” urvatlı tutanlardan qürur hissi duyuruq. Əsəri oxuyan hər bir oxucu Abasqulu bəyin qeyrət simvolu olduğunu anlayır.
F.Kərimzadə yazdığı əsərlərində göstərirdi ki, hər bir xalqın tarixində unudulmaz səhifələr olur. Bu cür səhifələr adətən ictimai şüurun yetkinliyi, milli dirçəliş və qurtuluş, böyük amallar uğrunda çarpışmanın kəskinliyi və nəticələri ilə şərtlənir.
F.Kərimzadənin uzun tədqiq və araşdırmalardan sonra qələmə aldığı Xüdafərin körpüsü dilogiyası xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir. Oxucunu orta əsr Azərbaycan həyatının həyəcanlı səhnələri ilə qarşılaşdıran bu roman Ağqoyunlularla Səfəvilər hakimiyyətinin qovuşduğu, birincilərin ikincilərlə əvəzləndiyi dövrün, Azərbaycan torpaqlarının birlik, Azərbaycan mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir. F.Kərimzadə yeni faktlar əsasında dövrün ziddiyyət və çətinliklərini, qızılbaş bayrağı altında tarixi mübarizənin məqsədini, köklərini müasirlik ruhu ilə təsvir etmiş, qaranlıq səhifələri kifayət qədər işıqlandırmışdır. Xüdafərin körpüsü istər yazı tərzi, istərsə də təhkiyə və dialoqlarının səlisliyi, zənginliyi ilə seçilən bir romandır, qəhrəmanlıq dastanıdır.
Hər iki kitab Xüdafərin körpüsü" və Çaldıran döyüşü yüksək ideya- estetik keyfiyyətləri, güclü ictimai-siyasi məziyyətləri ilə yanaşı, quruluş xüsusiyyətləri ilə də diqqəti çəkir. Zəngin bədiilik vasitələri oxucunu 500 il keçmişə aparır, təsvir edilən dövrün havasına daxil edir. Gözəl təbiət lövhələri, min bir rəng heyranlığı ilə ictimai hadisələrin rəmzi əlaqəsi yaranır. Fərman Kərimzadənin əsərləri kino sənəti üçün zəngin material verir. İlk romanı əsasında çəkilmiş Axırıncı aşırım filmi Azərbaycanfilmin uğurlarından sayılır. YazıçınınToy toğlusu hekayəsi əsasında qısametrajlı Zınqırov  bir novellası əsasında Mənim arvadım, mənim uşaqlarım" filmi çəkilmişdir. Şah İsmayıl haqqında tutarlı bir əsər olan bu dilogiya özünün kino təcəssümünü gözləyir. F.Kərimzadə ixtisasına görə rəssam idi. O, maddi-mədəniyyət
abidələrinin qorunub-öyrənilməsində əməyini əsirgəmirdi. Ölkəmizin müxtəlif yerlərindən topladığı sənət nümunələri, qədim əşyalar, silah və alət növləri yazıçıya tarixi qəhrəmanların həyatını, məişətini, mübarizəsini canlandırmaqda kömək edirdi. Yazıçı təsvir etdiyi hadisələrin baş verdiyi əraziləri qarış-qarış gəzir, qəhrəmanlarının yeri-yurdu ilə maraqlanırdı. Abbasqulu bəy Şadlinskinin ev muzeyinin açılmasında, Şadlinski ilə bağlı sənədlərin toplanmasında yaxından iştirakına görə (Şadlinskinin 100 illiyi günlərində) Naxçıvan MSSR Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılması da bununla bağlıdır.
Bəli, Fərman Kərimzadə yaddaşımıza çökmüş hisi, pası, unutqanlıq qalıqlarını bir kənara atıb əsl ədəbiyyat nümunələri yaratdı. Fərman müəllim rəssam təfəkkürü, şair zərifliyi ilə nəsrimizə bir şirinlik gətirdi. Onun hər əsəri bir insan dünyası idi. Fərman Kərimzadə azərbaycançılıq ideologiyasının bətnindən doğulmuş insan idi. Onun yaradıcılığı, düşüncəsi, atdığı hər bir addım bütöv Azərbaycan savaşına hesablanmışdı. Fərman Kərimzadə ölməz əsərləriylə, böyük vətəndaşlıq qüruruyla özünə əbədi heykəl qoyub getdi. Yazıçının tarixi romanları ona əbədi ölməzlik qazandırdı.
Məmmədli Ruhiyyə – F.Köçərli adına Respublika Uşaq Kitabxanası Elmi-metodika şöbəsinin müdiri

Gundelik.az