Qarayev Yaşar Vahid oğlu — tənqidçi, ədəbiyyatşünas, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1980), professor (1985), Azərbaycan Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının həqiqi üzvü (1990), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2002)
Yaşar Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində xırda sənətkar ailəsində anadan olmuşdur. ADU-nun filologiya fakültəsində təhsil almışdır (1954-1958). Sonra
Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş laborant, kiçik elmi işçi baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, institutda direktorun elmi işlər üzrə müavini işləmiş, həmin şöbəyə başçılıq etməklə yanaşı, institutun direktoru vəzifəsində çalışmışdır (1987). Məqalə və kitabları “Yaşar”, “Q.Yaşar”, “Y.Qarayev” imzaları ilə dərc olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqının tənqid və ədəbiyyatşünaslıq şurasının rəhbəri olmuşdur (1976-1991). “Ədəbi proses” adlı illik elmi-tənqidi məcmuənin təşəbbüsçüsü, müəlliflərindən biri və məsul redaktoru olmuşdur.
Respublikanın elmi və ədəbi-mədəni inkişafında fəal çalışmış, Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları problemi üzrə əlaqələndirmə şurasının sədri, ədəbiyyat
institutu elmi şurasının sədri, Memarlıq və İncəsənət İnstitutunun, Türkmənistan EA Dil və Ədəbiyyat İnstitutu elmi şurasının, Azərbaycan Dövlət nəşrkomu yanında redaksiya heyətinin, Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin, Mədəniyyət Nazirliyi bədii şurasının, “Yazıçı” nəşriyyatının bədii şurasının, “Azərbaycan” və “Ulduz” jurnalı redaksiya heyətinin, “Bilik” Cəmiyyəti rəyasət heyətinin, ensiklopediya elmi redaksiya heyətinin üzvü olmuşdur. Eyni zamanda SSRİ Yazıçılar İttifaqı rəyasət heyəti yanında tənqid və ədəbiyyatşünaslıq şurasının, Azərbaycan Yazıçılar İttifaqı M.F.Axundov adına mükafat komissiyasının üzvü idi. “Füzuli Vəqfı” fondunun rəyasət heyətinin üzvü kimi fəaliyyət göstərmişdir (1994-?).2002-ci il avqustun 25-də vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Faciə və qəhrəman” (1965), “Səhnəmiz və müasirlərimiz” (1972), “Tənqid: problemlər, portretlər” (1976), “Poeziya və nəsr” (1979), “Realizm: sənət və həqiqət” (1980), ”Mirzə Fətəli Axundov” (1982), ”Poeziyanın kamilliyi” (1985), “Ədəbi üfüqlər” (1985), “Meyar-şəxsiyyətdir” (1989), “Xan bülbülün nağılı” (1994), “Tarix: Yaxından və uzaqdan” (1996) və s.
Filmoqrafiya: “Geriyə baxmağa dəyər” (film, 1985), “Sən həmişə bizimləsən” (film, 1997), “Cavad Heyət varlığı” (film, 2001), “Üç zirvənin fatehi” (film, 2008)
Gundelik.az
