Cəmiyyətdə hüquqi münasibətlərin inkişafı ilə yanaşı, mübahisələrin alternativ həlli üsullarına maraq da artmaqdadır. Son illər Azərbaycanda mediasiya institutu həm hüquqi, həm də sosial baxımdan əhəmiyyətli bir mexanizm kimi diqqət mərkəzinə çevrilib. Mübahisələrin məhkəmədənkənar, daha çevik və sülh yolu ilə həllini təmin edən mediasiya, eyni zamanda tərəflər arasında münasibətlərin qorunmasına xidmət edir.
Mövzu ilə bağlı daha ətraflı məlumat almaq üçün Bakı şəhər 25 saylı Mediasiya Təşkilatının rəhbəri Aqil Əsgərovla həmsöhbət olduq.
– Aqil müəllim, mediasiya son illər Azərbaycanda daha çox müzakirə olunur. Sizcə mediasiyanın vətəndaşlar üçün əsas rolu nədir?
– Mediasiyanın əsas məqsədi insanların mübahisəni məhkəmə çəkişməsinə çevirmədən, qarşılıqlı anlaşma yolu ilə həll etməsinə kömək etməkdir. Bu, həm vaxt, həm də maddi baxımdan vətəndaşlar üçün daha əlverişlidir. Mediasiya insanları qarşıdurmadan uzaqlaşdırır və onları dialoqa dəvət edir. Bizim məqsədimiz insanlara göstərməkdir ki, “problemin həlli mübahisədə deyil, anlaşmadadır.”
Bakı 25 saylı Mediasiya Təşkilatı vətəndaşlara mediasiyanı necə çatdırır?
Biz yalnız mübahisələri həll etmirik, eyni zamanda maarifləndirmə aparırıq. Vətəndaşlarla görüşlər, sosial şəbəkələrdə məlumatlandırma, hüquqi izahlar və müxtəlif tədbirlər vasitəsilə mediasiyanın üstünlüklərini izah edirik. İnsanların bilməsi vacibdir ki, mediasiya onların hüquqlarını qoruyan, amma eyni zamanda münasibətləri qoruyub saxlayan bir mexanizmdir.
Bizim əsas mesajımız belədir:
“Mediasiya – mübahisəni sülhə çevirən yoldur.”
Sizcə mediasiyanın gələcəyi necədir?
–Mən hesab edirəm ki, mediasiya cəmiyyətimizdə getdikcə daha geniş tətbiq olunacaq. İnsanlar artıq başa düşür ki, uzun məhkəmə prosesləri əvəzinə daha sürətli və səmərəli bir yol var. Mediasiya cəmiyyətimizdə hüquqi mədəniyyətin inkişafına da böyük töhfə verir.
Biz hər zaman deyirik:
“Danışaraq həll etmək – ən böyük qələbədir.”
Sonda vətəndaşlara mesajınız nə olardı?
Mübahisə yarandıqda ilk addım kimi mediasiyanı seçin. Çünki mediasiya qarşı tərəfi uduzdurmaq deyil, hər iki tərəfi qazandırmaq deməkdir.
“Mediasiya seçin – vaxtınıza, münasibətlərinizə və gələcəyinizə dəyər verin.”
Gundelik.az
