Yulaf son illərdə sağlam qidalanma siyahılarında ən çox tövsiyə olunan taxıllardan biridir. Yüksək lif tərkibi, zəngin vitamin-mineral profili və orqanizmə çoxşaxəli təsiri sayəsində həm həkimlər, həm də dietoloqlar tərəfindən geniş şəkildə məsləhət görülür.
Yulaf digər taxıllarla müqayisədə daha balanslı və zəngin tərkibə malikdir. Bundan əlavə yulaf vitamin və minerallarla zəngindir: B1(tiamin) və digər B qrupu vitaminləri, dəmir, maqnezium, fosfor, sink, manqan. Yulafın əsas üstünlüyü tərkibində olan beta-qlükan adlı həll olan lifdir. Yulafın tərkibindəki beta-qlükan qanda pis xolesterinin səviyyəsini azaltmağa kömək edir. Bu lif bağırsaqda jelvari maddə əmələ gətirərək xolesterinin sovrulmasını azaldır və artıq xolesterinin orqanizmdən xaric olunmasını sürətləndirir.
Mütəmadi olaraq yulaf istehlakı ateroskleroz riskini azaldır, qan təzyiqini sabitləşdirməyə kömək edir, ürək infarktı və insult riskini azaldır. Araşdırmalara görə, gündə təxminən 3 qram beta-qlükan qəbul etmək xolesterinin azalmasına müsbət təsir göstərir.
Yulaf aşağı və orta glisemik indeksə malikdir. Bu o deməkdir ki, o, qanda şəkərin sürətlə qalxmasına səbəb olmur. Lifli quruluşu sayəsində karbohidratların həzmi ləngiyir və qlükoza qana tədricən keçir. Bu xüsusiyyət şəkər xəstələri üçün daha stabil enerji təmin edir və gün ərzində ani aclıq hissini azaldır.
Yulaf arıqlamaq istəyənlər üçün ideal qidalardan biridir. Bunun əsas səbəbi onun uzunmüddətli toxluq hissi yaratmasıdır. Beta-qlükan mədədə şişərək doyma hissini artırır və iştahı azaldır. Nəticədə gün ərzində daha az kalori qəbul edilir, şirniyyata və tez-tez qəlyanaltıya ehtiyac azalır və çəki nəzarəti daha asan olur. Xüsusilə səhər yeməyində yulaf sıyığı gün boyu enerjili qalmağa kömək edir.
Yulaf bağırsaq sağlamlığı üçün də çox faydalıdır. Onun tərkibindəki lif bağırsaq hərəkətlərini tənzimləyir, qəbizliyin qarşısını alır və faydalı bağırsaq bakteriyalarını qidalandırır. Sağlam bağırsaq isə ümumi immun sisteminin güclənməsinə də müsbət təsir göstərir.
Yulafın tərkibində olan B qrupu vitaminləri və maqnezium sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Bu səbəbdən, yorğunluq və halsızlıq azalır, stressə qarşı davamlılıq artır və konsentrasiya yaxşılaşır. Səhər yeməyində yulaf istehlakı uzunmüddətli və sabit enerji mənbəyini təmin edir.
Yulaf yalnız qida kimi deyil, kosmetik məqsədlərlə də istifadə olunur. O, dəridə qaşınmanı və qıcıqlanmanı azaldır, həssas dəri üçün sakitləşdirici təsir göstərir və ekzema və dermatit hallarında rahatlaşdırıcı vasitə kimi istifadə olunur. Yulaf vannası və ya yulaf maskaları dəriyə təbii qulluq üsulu sayılır.
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
