King’s College London-un professoru Alan Read sosial mediada qarşısına çıxan saxta videolara (deepfake) əvvəl ciddi fikir vermirmiş. Bəzən şikayət edir, bəzən də sadəcə keçirdi.
Lakin bir gün naməlum hesab onun öz siması olan videonu paylaşaraq onu işarələyib. Videoda süni intellektlə yaradılmış və onun səsinə çox bənzəyən saxta səs Fransa prezidenti Emmanuel Macron və digər Qərb liderlərinə qarşı siyasi ittihamlar səsləndirirdi. Onları “gövdəsində ‘Avropa İttifaqı’ yazılmış Titanik gəmisində” olmaqda günahlandırırdı.
Professor bildirib ki, videodakı fikirlər ona tamamilə yad və qəbuledilməzdir. Əslində isə həmin video universitet tərəfindən paylaşılmış real görüntünün üzərinə saxta səs əlavə edilərək hazırlanıb və Rusiya ilə əlaqəli şəbəkələr tərəfindən yayılıb.
Mütəxəssislər deyirlər ki, bu, sadəcə deepfake-lərin artması deyil, siyasi təsir mexanizminin dəyişməsidir. European Policy Centre-dən təhlükəsizlik analitiki Kris Kremidas-Kortni bildirib ki, artıq süni intellekt vasitəsilə çox ucuz və kütləvi şəkildə təsir və manipulyasiya yaratmaq mümkündür və mövcud qanunvericilik buna hazır deyil.
Bu videoların bəziləri yüz minlərlə baxış toplayır. Onlarda Avropa İttifaqı institutları gözdən salınır və Ukrayna hökuməti korrupsiyada ittiham olunur — xüsusilə də Ukrayna Qərbdən maliyyə dəstəyi almağa çalışdığı bir vaxtda.
Artım, OpenAI şirkətinin daha realistik video yaradan Sora2 proqramını təqdim etməsindən bir neçə ay sonra müşahidə olunub. Digər, daha zəif nəzarətli tətbiqlər isə müştəri cəlb etmək üçün qiymətləri aşağı salıb və təhlükəsizlik tədbirlərini (məsələn, videoya əlavə olunan su nişanlarını) aradan qaldırıb.
Rusiyalı süni intellekt eksperti Arman Tuqanbayev bildirib ki, bəzi ikinci dərəcəli tətbiqlər konkret insanların saxta videolarını yaratmağa imkan verir.
Dekabrın sonunda TikTok-da Polşanın Avropa İttifaqından çıxmasını (“Polexit”) tələb edən saxta videolar yayılıb. Polşa hökumət sözçüsü Adam Şlapka bunun Rusiya dezinformasiyası olduğunu bildirib və məsələ ilə bağlı araşdırma tələb edib.
TikTok həmin videoları və hesabları silib və 2025-ci ildə dünya üzrə 75-dən çox gizli təsir əməliyyatını aradan qaldırdığını açıqlayıb.
Mütəxəssislər xəbərdarlıq edir ki, süni intellekt artıq informasiya müharibəsində yeni və təhlükəli mərhələ yaradır.
Mənbə: BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
