İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Beynəlxalq Təqaüdlər Akademik Bilik Mübadiləsini necə mümkün edir

Dr. Əli Xəlilov WashU-nun Kimya Departamentində Fulbright proqramı üzrə Qonaq Tədqiqatçı (Visiting Scholar) kimi çalışır və professor Birmanın tədqiqat qrupunun üzvüdür. Onun hazırkı layihəsi yeni öz-özünü tamamlayan hidrogen rabitəli strukturların dizaynına yönəlib və onların özünü bərpa edən ağıllı materiallar kimi potensialını araşdırır. Bu tədqiqat hələ erkən mərhələdə olsa da, Dr. Xəlilovun professor Birmanla əməkdaşlığı 2014-cü ilə gedib çıxır. Həmin il o, Fulbright Qonaq Tədqiqatçı təqaüdünə müraciət etmək üçün ilk cəhdini etmişdi.

2014–2015-ci tədris ilində Dr. Xəlilov Avropa İttifaqının Erasmus Mundus Proqramı tərəfindən dəstəklənən postdoktoral tədqiqatını İspaniyanın Kordoba Universitetində, Prof. Alberto Marinasın rəhbərlik etdiyi Davamlı Üzvi Kimya tədqiqat qrupunda həyata keçirmişdir.

Daha sonra 2017–2018-ci illərdə Birman qrupuna qoşularaq ilk Fulbright tədqiqat səfərini həyata keçirmiş və fenazin əsaslı redoks-həssas molekulyar açarlara əsaslanan molekulyar əzələ layihəsi üzərində çalışmışdır.

Bu layihənin ilkin nəticələri Dr. Xəlilovun da töhfə verdiyi tədqiqat kimi nüfuzlu Journal of the American Chemical Society jurnalında dərc olunmuşdur. O, tədqiqat qrupundan ayrıldıqdan sonra layihə digər üzvlər tərəfindən inkişaf etdirilmiş, nəticədə digər yüksək təsirli jurnallarda əlavə məqalələr dərc edilmiş və hidrogen rabitəli massivlər üzrə davam edən tədqiqatların əsasını qoymuşdur.

Dr. Xəlilov hesab edir ki, elm vətəni olmayan bir sahədir və bütün bəşəriyyətə məxsusdur. O vurğulayır ki, bilik paylaşma və əməkdaşlıq yolu ilə inkişaf edir və bu, təkcə elmi tədqiqatları irəli aparmır, həm də müxtəlif mədəniyyətlər arasında anlayış və dostluqları gücləndirir. 60-dan çox resenziyalı elmi məqalənin müəllifi olan Dr. Xəlilov, onların bir çoxunun beynəlxalq əməkdaşlıq çərçivəsində hazırlandığını bildirir və Fulbright kimi proqramları qlobal akademik mübadiləni təşviq etmək üçün vacib hesab edir.

Bu il Fulbright Proqramı 80 illiyini qeyd edərkən, Dr. Xəlilov onun dünyaya ölçüyəgəlməz təsiri barədə düşünür. O, bu yüksək rəqabətli proqramda iki dəfə qalib olan tədqiqatçılar arasında yer almaqdan xüsusi qürur duyur. Ən son olaraq, 2025-ci ilin payızında Kolorado Dövlət Universitetinin ev sahibliyi etdiyi Colorado Fulbright Scholar Enrichment Seminarında iştirak edib, burada 60-dan çox ölkədən olan alimlərlə fikir mübadiləsi aparıb, peşəkar əlaqələr qurub və gələcək əməkdaşlıq imkanlarını araşdırıb

.Tədqiqat fəaliyyəti ilə yanaşı, Dr. Xəlilov həm də təcrübəli müəllimdir. 2022-ci ildən etibarən o, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Kimya üzrə dosent vəzifəsində çalışır, bundan əvvəl isə öz alma materində, Bakı Dövlət Universitetində, 20 ildən artıq müddətdə tədqiqat və tədris sahəsində fəaliyyət göstərmişdir. O, həmçinin UNEC Mühəndislik və Tətbiqi Elmlər Jurnalının baş redaktorudur; bu beynəlxalq jurnal yaxın zamanda Scopus Q2 kvartil indeksinə daxil edilmişdir.

Dr. Xəlilov gənc alimləri ruhlandırmaq, onların beynəlxalq proqramlarda iştirakını təşviq etmək və akademik inkişaflarını dəstəkləmək üçün çalışır. O, ABŞ-da Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyası (AAA)-nın üzvü olaraq, yeni müraciət edənlərlə öz təcrübəsini paylaşır və növbəti tədqiqatçı nəsli yetişdirməkdən qürur duyur.

O, Washington University in St. Louis (WashU)-da keçirdiyi vaxtı əvəzolunmaz hesab edir, bunun UNEC-in elmi mühitini gücləndirəcəyinə, universitetin dünyanın ən yaxşı universitetlərinə qoşulmaq məqsədini dəstəkləyəcəyinə və gələcək alimlərə bilik və təcrübəni ötürməyə imkan verəcəyinə inanır. O, Fulbright Proqramı vasitəsilə dünyanın qabaqcıl universitetlərindən birində tədqiqat aparma şansına malik olduğu üçün özünü şanslı hesab edir—bu hər bir tədqiqatçının arzulaya biləcəyi bir şərəf və imtiyazdır.

Mənbə: Global Washu Edu

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az