Venesuela müxalifətinin lideri María Corina Machado bildirib ki, cümə axşamı günü Ağ Evdə keçirilən qapalı görüş zamanı Nobel Sülh Mükafatı medalını ABŞ prezidenti Donald Trampa təqdim edib.
“O düşünürəm ki, bu gün biz venesuelalılar üçün tarixi gündür,” – deyə o, Trampla ilk dəfə üzbəüz görüşdən sonra bildirib. Görüş ABŞ qüvvələrinin bir neçə həftə əvvəl Karakasda Venesuela prezidenti Nikolas Maduronu saxlayaraq onu narkotik alveri ittihamı ilə məsuliyyətə cəlb etməsindən sonra baş tutub.
Tramp sosial şəbəkədə paylaşım edərək jestə görə təşəkkür edib və bunu “qarşılıqlı hörmətin möhtəşəm nümunəsi” adlandırıb.
ABŞ prezidenti 2024-cü ildə keçirilmiş və geniş şəkildə mübahisəli sayılan seçkilərdə Machado hərəkatının qələbə qazandığını iddia etməsinə baxmayaraq, onu Venesuelanın yeni lideri kimi tanımaqdan imtina edib. Tramp bunun əvəzinə Maduronun keçmiş vitse-prezidenti və hazırda ölkənin müvəqqəti dövlət başçısı kimi fəaliyyət göstərən Delsi Rodriqeslə işləməyə üstünlük verib.
Buna baxmayaraq, Tramp Machado ilə görüşü “böyük şərəf” adlandırıb və onu “çox şeylər yaşamış möhtəşəm bir qadın” kimi xarakterizə edib.
Ağ Evdən ayrıldıqdan sonra Machado darvazalar önündə toplaşan tərəfdarlarına müraciət edərək, Associated Press-in verdiyi məlumata görə, ispan dilində belə deyib:
“Biz Prezident Trampa arxalana bilərik.”
Machado daha sonra jurnalistlərə ingiliscə açıqlamasında bildirib:
“Mən ABŞ prezidentinə Nobel Sülh Mükafatı medalını təqdim etdim,” – və bunu “onun azadlığımız naminə göstərdiyi bənzərsiz öhdəliyin tanınması” adlandırıb.
Nobel Sülh Mükafatını almağa böyük maraq göstərdiyini tez-tez dilə gətirən Tramp, mükafatın ötən il Machadəyə verilməsindən narazılığını ifadə etmişdi. Buna baxmayaraq, Machado mükafatı qəbul etmişdi.
BBC Ağ Evdən mövzu ilə bağlı şərh almağa çalışıb.
Machado ötən həftə mükafatı Trampla bölüşəcəyini bildirmişdi, lakin Nobel Komitəsi sonradan açıqlama verərək mükafatın ötürülə bilməyəcəyini vurğulayıb.
“Bir dəfə Nobel Mükafatı elan edildikdən sonra o, geri alına, bölüşdürülə və ya başqasına verilə bilməz,” – deyə komitə bəyan edib. “Bu qərar qətidir və əbədi olaraq qüvvədə qalır.”
Machadonun açıqlamalarına reaksiya soruşulduqda, komitə BBC-ni əvvəlki bəyanatına yönləndirib.
Ağ Evdəki görüşdən əvvəl Nobel Sülh Mərkəzi X platformasında paylaşım edərək bildirib ki, “medal sahibini dəyişə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı dəyişməz.”
Machado çıxışında ABŞ-ın Müstəqillik Müharibəsində iştirak etmiş Markiz de Lafayetin Corc Vaşinqtonun təsviri olan medalı müasir Venesuelanın qurucularından biri Simon Bolivara hədiyyə etməsini xatırladıb.
Bu hədiyyə, onun sözlərinə görə, ABŞ və Venesuela arasında “zülmə qarşı azadlıq uğrunda mübarizədə qardaşlığın simvolu” olub.
“Və tarixdə 200 il sonra Bolivar xalqı Vaşinqtonun varisinə – bu halda Nobel Sülh Mükafatı medalını – azadlığımız uğrunda bənzərsiz sədaqətinə görə təqdim edir,” – deyə Machado bildirib.
Machado Vaşinqtona səfəri çərçivəsində ABŞ senatorları ilə görüşmək üçün Konqresə də baş çəkib. Jurnalistlərə verdiyi açıqlamalar isə Venesuela bayraqları dalğalandıran və “María, presidente” şüarları səsləndirən tərəfdarların sədaları altında eşidilməz olub.
Gözlənilirdi ki, Machado Trampla görüş zamanı Rodriqesin müvəqqəti hökumətinə dəstək verməyin səhv olduğunu və keçid dövrünü onun müxalifət koalisiyasının idarə etməli olduğunu izah etməyə çalışsın.
Ağ Evin mətbuat katibi Karolin Livitt görüş davam edərkən jurnalistlərə bildirib ki, Machado “Venesuela xalqının çoxu üçün cəsur və diqqətəlayiq bir səsdir” və Tramp “Venesuelada mövcud həyat reallıqları barədə səmimi və müsbət müzakirə” gözləyir.
Tramp daha əvvəl Machadonu “azadlıq döyüşçüsü” adlandırsa da, Maduronun devrilməsindən sonra onu ölkənin rəhbəri təyin etmə fikrini rədd edib və bunun səbəbi kimi onun ölkə daxilində yetərli dəstəyə malik olmamasını göstərib.
Maduro 3 yanvar tarixində saxlanıldıqdan sonra Tramp administrasiyası ABŞ sanksiyaları altında olan Venesuela neft sektorunda sürətli dəyişikliklərə başlayıb. Çərşənbə günü amerikalı rəsmi bildirib ki, ABŞ Venesuela neftinin ilk satışını həyata keçirib və bu satışın dəyəri 500 milyon dollar (373 milyon funt sterlinq) olub.
ABŞ qüvvələri sanksiyalı Venesuela neftini daşıdığı güman edilən tankerləri də ələ keçirib və cümə axşamı altıncı tankerə mindiklərini açıqlayıblar.
New York Times qəzetinin məlumatına görə, Venesuela hökumətinin nümayəndəsi cümə axşamı Vaşinqtona səfər edərək ABŞ rəsmiləri ilə görüşəcək və ölkənin səfirliyinin yenidən açılması istiqamətində ilkin addımlar atacaq.
Bildirilir ki, bu nümayəndə Rodriqesin yaxın müttəfiqi və dostudur və Ağ Ev tərəfindən “son dərəcə əməkdaşlığa açıq” kimi xarakterizə olunur.
Rodriqes cümə axşamı Karakasda illik “Millətə Müraciət” çıxışı edərək Vaşinqtonda keçiriləcək görüşlərə qatılmağa hazır olduğunu bildirib.
“Əgər nə vaxtsa müvəqqəti prezident kimi Vaşinqtona getməli olsam, bunu dik duraraq, yeriyərək edərəm – sürünərək yox,” – deyə o bildirib və ölkəni ABŞ-la diplomatiyadan qorxmamağa çağırıb.
Tramp və Rodriqes çərşənbə günü telefonla da danışıb. Tramp sosial mediada onu “möhtəşəm insan” adlandırıb. Rodriqes isə danışığı “məhsuldar və nəzakətli”, “qarşılıqlı hörmətə əsaslanan” kimi qiymətləndirib.
Mənbə:BBC
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
