Birləşmiş Krallıq və Fransa Ukraynada hərbi mərkəzlər yaradacaq.
Rusiya ilə sülh razılaşması əldə olunacağı təqdirdə Birləşmiş Krallıq və Fransa Ukrayna ərazisində “hərbi mərkəzlər” yaratmağı planlaşdırır.
Amerika Birləşmiş Ştatları Ukrayna üçün təhlükəsizlik zəmanətlərini dəstəklədiyini bildirib. Bu zəmanətlərə Rusiya ilə atəşkəs əldə olunacağı halda atəşkəsə nəzarət mexanizminə Amerika Birləşmiş Ştatlarının rəhbərlik etməsi də daxildir. Eyni zamanda Fransa və Birləşmiş Krallıq atəşkəs qüvvəyə minərsə, Ukrayna ərazisinə hərbi qüvvələr yerləşdirməyə söz veriblər.
Bu öhdəliklər çərşənbə axşamı Parisdə keçirilən və Rusiyanın təcavüzünə qarşı Ukraynaya dəstək göstərən 35 ölkəni birləşdirən “istəklilər koalisiyası”nın sammitində səsləndirilib. Toplantıda 27 dövlət və hökumət başçısı da daxil olmaqla, iştirakçı ölkələrin nümayəndələri Kiyev üçün müharibədən sonrakı təhlükəsizlik zəmanətlərini konkretləşdirmək məqsədilə bir araya gəliblər.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, 2022-ci ildə isə Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, nəzərdə tutulan “güclü” təhlükəsizlik zəmanətləri Amerika Birləşmiş Ştatlarının Avropa ölkələrinin iştirakı ilə atəşkəsə nəzarət mexanizminə rəhbərlik etməsini, eləcə də çoxmillətli Avropa hərbi qüvvəsinin Ukrayna ərazisində yerləşdirilməsini əhatə edir.
Danışıqlardan sonra Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Krallığın Baş naziri Kir Starmer bu qüvvələrin yerləşdirilməsi üçün çərçivəni müəyyən edən niyyət bəyannaməsini imzalayıblar.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
