Ukraynanın Prezidenti Volodimir Zelenski Rusiyaya təqdim edilən yenilənmiş sülh planının detallarını açıqlayıb. Plana görə, Ukrayna qoşunları ölkənin şərqindən çıxarılacaq və onların yerində demilitarizasiya olunmuş zona yaradılacaq.
Zelenski bildirib ki, həftəsonu ABŞ-nin Florida ştatında ABŞ və Ukrayna nümayəndələri arasında 20 maddəlik plan üzrə razılıq əldə olunub. Onun sözlərinə görə, amerikalı nümayəndələr əvvəlcə Rusiya ilə danışıqlar aparacaq və ruslar çərşənbə günü plana cavab verəcəklər.
Prezident planı “müharibəni sona çatdırmaq üçün əsas çərçivə” adlandırıb. O qeyd edib ki, sənəddə Rusiyanın gələcəkdə Ukraynaya yenidən hücum edəcəyi halda ABŞ, NATO və Avropa ölkələri tərəfindən təhlükəsizlik zəmanətləri və koordinasiyalı hərbi cavab tədbirləri nəzərdə tutulur.
Donbas bölgəsi ilə bağlı məsələyə toxunan Zelenski bildirib ki, burada “azad iqtisadi zona”nın yaradılması variantlardan biridir. O vurğulayıb ki, Ukrayna qoşunların geri çəkilməsinə qarşıdır, lakin ABŞ tərəfi demilitarizasiya olunmuş zona və ya azad iqtisadi zona yaradılması imkanlarını müzakirə edir.
Zelenski xüsusi olaraq qeyd edib ki, Ukrayna qoşunlarının çıxarıldığı hər hansı ərazi Ukraynanın nəzarətində qalmalı və həmin ərazilərdə asayiş Ukrayna tərəfindən təmin edilməlidir.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
