İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Bosniya və Herseqovinada qocalar evində yanğın: ölənlər və yaralananlar var

Bosniya və Herseqovinanın Tuzla şəhərində yerləşən qocalar evində güclü yanğın baş verib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həyatını itirib, 38 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, yanğın axşam saatlarında başlayıb. Alovun söndürülməsinə Tuzla şəhəri ilə yanaşı, Srebrenik, Jivinitse, Lukavaç və Kalesija şəhərlərindən gələn yanğınsöndürən qruplar da cəlb olunub.

Tuzla Kantonunun baş prokuroru Vedran Alidzanoviç bildirib ki, hadisə nəticəsində ölən və yaralananların hamısı qocalar evinin sakinləridir. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu qeyd edilib.

“İlk xəbər axşam saat 20:45-də daxil olub. Yanğınsöndürənlər, polis və təcili yardım qrupları dərhal hadisə yerinə göndərilib,” – deyə Alidzanoviç vurğulayıb.

Onun sözlərinə görə, yanğın yataq xəstələrinin yerləşdiyi mərtəbədə baş verib ki, bu da təxliyyəni çətinləşdirib:
“Hadisə şahidləri güclü tüstünün sürətlə yayıldığını, partlayış səslərinin eşidildiyini və panika yaşandığını bildiriblər. Yanğının səbəbi hələ müəyyən edilməyib. Ekspertlər hadisə yerində araşdırma aparır.”

Hadisədən sonra qocalar evinin direktoru Mirsad Bakaloviç məsuliyyəti üzərinə götürərək istefa verdiyini açıqlayıb.

Gundelik.az