İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Media: ABŞ diplomatları avropalı həmkarlarını hədələyiblər

ABŞ diplomatları ətraf mühitlə bağlı müzakirələr zamanı avropalı həmkarlarını hədələyiblər.

Gundelik.az xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrə istinadən məlumat yayıb.

Xəbərdə bildirilir ki, ABŞ-nin milli maraqlarını müdafiə edən diplomatlar “yaşıl daşınma” qaydalarının müzakirəsi zamanı avropalı danışıqlarçılara qarşı “şəxsi nəticələrlə” hədələr səsləndiriblər.

Avropa Komissiyasının rəsmiləri “Politico”ya bildiriblər ki, danışıqlar zamanı amerikalı diplomatların davranışı “son dərəcə qeyri-adi” olub və bu, görüşdən sonra avropalı nümayəndələr arasında ciddi narahatlıq yaradıb.

Məlumata görə, hadisə oktyabr ayında Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatının iclasında baş verib. Həmin iclasda ABŞ gəmilərə ətraf mühiti çirkləndirdiklərinə görə vergi tətbiq edilməsinin qarşısını almağa çalışıb.

Nəşr yazır ki, bəzi Avropa İttifaqı diplomatları Vaşinqtonun mövqeyinə qarşı çıxacaqları təqdirdə “şəxsi nəticələrlə üzləşəcəkləri” barədə xəbərdarlıq alıblar.

Politico-nun mənbələrinin sözlərinə görə, bir sıra avropalı diplomatlar görüşlərdən sonra “həyəcanlı vəziyyətdə” evlərinə qayıdıblar.
“Biz danışıqlarda iştirak edən bir neçə şəxsdən üzləşdikləri təzyiqlərlə bağlı məlumat toplamışıq”, – nəşrin mənbəsi bildirib.

Qeyd edək ki, “Politico” daha əvvəl ABŞ və Çin arasında iqtisadi əməkdaşlığın güclənməsi fonunda Avropa İttifaqının beynəlxalq arenada ikinci dərəcəli rol almağa başladığını yazmışdı.

Gundelik.az