“Apple Inc.” 2025-ci maliyyə ilinin dördüncü rübündə xalis mənfəətini 1,9 dəfə, ümumi gəlirini isə 8% artırıb.
Gundelik.az şirkətin məlumatına istinadən xəbər verir ki, bu dövrdə həm səhm başına qazanc, həm ümumi gəlir, həm də iPhone satışları üzrə rekord göstəricilər əldə edilib. Xidmətlərdən əldə olunan gəlir isə tarixdə ən yüksək səviyyəyə çatıb.
Hesabata əsasən, 27 sentyabrda başa çatan rübdə “Apple”ın xalis mənfəəti ötən ilin eyni dövründəki 14,74 milyard dollar (səhm başına 0,97 dollar) ilə müqayisədə 27,47 milyard dollara (səhm başına 1,85 dollar) yüksəlib. Şirkətin ümumi gəliri 94,93 milyard dollardan 102,47 milyard dollara çatıb.
Analitiklərin “FactSet” sorğusuna görə, gözləntilər 102,2 milyard dollar gəlir və səhm başına 1,78 dollar qazanc idi, lakin nəticələr bu proqnozları üstələyib.
Məhsul kateqoriyaları üzrə göstəricilərə gəlincə, iPhone satışlarından gəlir 6% artaraq 49,03 milyard dollara çatıb (proqnoz: 50,1 milyard dollar). Mac satışları 13% artımla 8,7 milyard dollara (proqnoz: 8,63 milyard dollar), iPad gəlirləri isə cüzi artımla 6,95 milyard dollara (proqnoz: 6,94 milyard dollar) yüksəlib.
Xidmət sektorundan əldə olunan gəlir 15% artaraq 28,75 milyard dollara çatıb (proqnoz: 28,2 milyard dollar). Geyilə bilən cihazlar və aksessuar satışları isə 0,3% azalaraq 9 milyard dollara enib.
Regional göstəricilərə əsasən, Çində (Honq Konq və Tayvan daxil olmaqla) satışlar 4% azalaraq 14,93 milyard dollar təşkil edib. Şimali və Cənubi Amerikada gəlir 6% artaraq 44,19 milyard dollar, Avropada 15% artımla 28,7 milyard dollar, Yaponiyada isə 12% artaraq 6,6 milyard dollar olub.
“Apple” növbəti – birinci maliyyə rübündə gəlirin 10–12% artacağını proqnozlaşdırır. Analitiklərin orta proqnozu isə 6% artım səviyyəsindədir.
Şirkət hər səhm üçün 0,26 dollar məbləğində dividend ödəyəcəyini açıqlayıb. “Apple”ın səhmləri hesabatın açıqlanmasından sonra birjada 2,3% bahalaşıb. Ümumilikdə, şirkətin səhmlərinin qiyməti il ərzində 8,4% artıb.(Trend)
Gundelik.az
