İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

“Nvidia”nın bazar dəyəri 5 trilyon dolları ötüb

Amerikanın çip istehsalçısı “Nvidia Corp.” tezliklə bazar kapitallaşması 5 trilyon dollardan çox olan ilk şirkətə çevrilə bilər. Bu barədə Bloomberg məlumat yayıb.

Gundelik.az xəbər verir ki, çərşənbə günü Nyu-York birjasında bazaröncəsi ticarət zamanı “Nvidia”nın səhmləri 3,5% bahalaşaraq bir səhm üçün 208,05 dollara çatıb. Bununla da şirkətin bazar dəyəri 5,05 trilyon dollar təşkil edib.

Şirkətin kapitallaşması ilin əvvəlindən etibarən 50% artıb. Bu artım süni intellekt texnologiyalarında istifadə edilən “Nvidia” çiplərinə qlobal tələbin güclənməsi ilə əlaqələndirilir. Yalnız üç ay əvvəl şirkətin bazar dəyəri 4 trilyon dollar həddini keçmişdi.

Səhmlərin qiymətinin artmasına şirkətin gələn il üçün planlaşdırılan Blackwell və Rubin çiplərini ümumilikdə 500 milyard dollar dəyərində satmağı gözlədiyi xəbəri də təsir edib.

Bloomberg qeyd edir ki, “Nvidia”nın səhmlərinin yüksəlişi bu il S&P 500 indeksində müşahidə edilən ümumi 17%-lik artımın təxminən beşdə birini təmin edib.

Truist Advisory Services şirkətinin baş investisiya direktoru Keith Lerner bildirib: “Bir neçə il əvvəl hər hansı bir şirkətin 5 trilyon dollar dəyərində olması ağlasığmaz görünürdü. Bazar süni intellektin dəyişdirici qüvvə olacağına böyük ümid bəsləyir”.

Gundelik.az