Açar sözlər: süni intellekt, süni intellekt sistemləri, süni intellektin hüquqi tənzimlənməsi, rəqəmsal transformasiya, süni intellekt strategiyası.
Ключевые слова: искусственный интеллект, системы искусственного интеллекта, правовое регулирование искусственного интеллекта, цифровая трансформация, стратегия в области искусственного интеллекта.
Keywords: artificial intelligence, artificial intelligence systems, legal regulation of artificial intelligence, digital transformation, artificial intelligence strategy.
Müasir dövrdə süni intellekt texnologiyalarının sürətli inkişafı hüquq sistemləri qarşısında yeni çağırışlar yaratmışdır. Bu çağırışların mərkəzində Sİ sistemlərinin hüquqi tənzimlənməsi, onların təhlükəsiz istifadəsi, şəffaflığı və insan hüquqlarının qorunması məsələləri dayanır. Hüquqi tənzimləmə həm texnoloji innovasiyaların stimullaşdırılmasını, həm də sosial-etik risklərin azaldılmasını təmin etməlidir.
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və qlobal miqyasda rəqəmsallaşma proseslərinin dərinləşməsi süni intellekt sistemlərinin geniş tətbiqini zəruri etmişdir. Lakin bu texnoloji transformasiya ilə bağlı bir çox nəzəri və praktiki sualların elmi ədəbiyyatda kifayət qədər əhatə olunmaması, mövcud dinamik proseslərin sürəti ilə müqayisədə tədqiqatların məhdudluğu ciddi nəzəri boşluqlar yaratmaqdadır.
Ədəbiyyatlarda qeyd etdildiyi kimi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişafı, rəqəmsallaşma proseslərindən qaynaqlanan süni intellekt sistemləri ilə bağlı yaranan bir çox sualların nəzəri ədəbiyyatda da cavabını tapmaq çətin olur. [2, 6] Bu isə mövcud və gələcək münasibətlərin daha geniş miqyasda analitik təhlilini zəruri edir.
Rəqəmsal cəmiyyətin formalaşması şəraitində insan hüquqlarının reallaşma mexanizmlərində yeni tendensiyalar meydana çıxmışdır. Belə ki, rəqəmsallaşma proseslərinin yaratdığı hüquqi və sosial münasibətlərin bir qismi hələ də normativ tənzimləmə müstəvisində tam əksini tapmamışdır. Nəticədə, insan hüquqlarının müdafiəsi sahəsində ənənəvi yanaşmaların transformasiyası, yeni hüquqi institutların formalaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı normativ-hüquqi çərçivələrin müəyyənləşdirilməsi aktuallıq kəsb edir. Bu səbəbdən də Sİ anlayışı və onların hüquqi statusu ilə bağlı məsləyə elmi cəhətdən yanaşmanı zəruri hesab edirik. Ona görə də ayrı-ayrı rəsmi və elmi mənbələrdə, habelə nüfuzlu beynəlxalq lüğətlərdə süni intellektin və süni intellekt sisyemlərinin terminoloji məna yükünü
aydınlaşdıraq.
UNESCO tərəfindən 193 üzv dövlət tərəfindən yekdilliklə qəbul edilən 2021-ci il tarixli Süni intellekt etikası haqqında Tövsiyədə süni intellektin mahiyyəti izah edilir: Süni intellekt məlumatlar, avadanlıqlar və əlaqəlilik üzərində formalaşaraq maşınlara insan zəkasının əsas funksiyalarını qavrama, problem həll etmə, dil vasitəsilə qarşılıqlı əlaqə və yaradıcılıq qabiliyyətlərini təqlid etməyə imkan verir. Bu texnologiyalar Birləşmiş Millətlər Təşkilatının 2030 Davamlı İnkişaf Gündəliyində müəyyən edilmiş məqsədlərə nail olunmasına əhəmiyyətli töhfə verməklə yanaşı, həyatın müxtəlif sahələrində əvəzsiz xidmətlərin yaradılmasını təmin edir. Bununla belə, süni intellektin sürətli inkişafı etik, sosial və hüquqi xarakterli bir sıra problemləri də gündəmə gətirir. UNESCO bu çağırışların həlli istiqamətində süni intellektin etik çərçivəsinin formalaşdırılması, onun təhsil sistemlərinə inteqrasiyası, gender bərabərliyinin təşviqi, eləcə də hökumət və məhkəmə institutlarının potensialının gücləndirilməsi istiqamətində
fəaliyyət göstərir. [4]
Avropa İttifaqının 2024-cü il tarixli Süni İntellekt Aktı süni intellekt sistemlərini hüquqi tənzimləmənin predmetinə çevirmək üçün onların mahiyyətini texnoloji deyil, funksional baxımdan müəyyən edir. [8] Bununla əlaqədar üç əsas komponent önə çıxır. Birincisi, süni intellekt sistemi insanın birbaşa müdaxiləsi olmadan qərarlar qəbul edə və fəaliyyət göstərə bilər. Avtonomiya səviyyəsinin “dəyişkən” olması isə onun tam müstəqil deyil, müəyyən nəzarət çərçivəsində fəaliyyət göstərə biləcəyini nəzərdə tutur. İkincisi, sistem istifadəyə verildikdən sonra yeni məlumat və təcrübələrə əsasən öz davranışını və nəticələrini dəyişə bilir. Bu xüsusiyyət, maşın öyrənməsi və dərin öyrənmə texnologiyalarının hüquqi baxımdan tanınması anlamına gəlir. Üçüncüsü isə, süni intellekt sistemi daxil olan məlumatlardan (input) nəticələr (output), yəni proqnozlar, məzmun, tövsiyələr və ya qərarlar çıxarır. Bu nəticələr həm fiziki (məsələn, robotların fəaliyyəti), həm də virtual (məsələn, alqoritmik qərarvermə sistemləri) mühitlərə təsir göstərə bilər. Yəni, hüquqi nəzarət süni intellektin texnoloji quruluşuna deyil, onun insan hüquqlarına, təhlükəsizliyə və cəmiyyətə potensial təsir səviyyəsinə əsasən müəyyən olunur.
Nüfuzlu “Britannika” lüğətində Si-yə aşağıdakı məzmunda anlayış verilir: Süni intellekt rəqəmsal kompüterin və ya kompüter tərəfindən idarə olunan robotun, adətən ağıllı varlıqlara məxsus olan vəzifələri yerinə yetirmək qabiliyyətidir. Bu termin tez-tez insanlara xas intellektual proseslər məsələn, məntiqi nəticə çıxarma, mənanı anlama, ümumiləşdirmə və ya keçmiş təcrübədən öyrənmə qabiliyyəti ilə təmin edilmiş sistemlərin hazırlanması layihəsinə tətbiq olunur. 1940-cı illərdən etibarən rəqəmsal kompüterlər çox mürəkkəb tapşırıqları — məsələn, riyazi teoremlərin isbatlarını tapmaq və ya şahmat oynamaq kimi işləri — yüksək səviyyədə yerinə yetirmək üçün proqramlaşdırılmışdır. Kompüterlərin emal sürəti və yaddaş tutumundakı
davamlı inkişaflara baxmayaraq, hələ də geniş fəaliyyət sahələrində və gündəlik bilik tələb edən tapşırıqlarda insan çevikliyinə tam uyğun proqramlar mövcud deyil. Digər tərəfdən, bəzi proqramlar müəyyən konkret tapşırıqları yerinə yetirərkən insan mütəxəssisləri və peşəkarlarının səviyyəsinə çatmışdır. Buna görə də, süni intellekt bu məhdud mənada tibbi diaqnostika, kompüter axtarış sistemləri, səs və ya əl yazısı tanınması, həmçinin çatbotlar kimi müxtəlif tətbiqlərdə özünü göstərir. [3]
İtalyalı professor Luciano Floridi süni intellekti informasiya fəlsəfəsi kontekstində “məlumatın işlənməsi və semantik anlaması” kimi görür və Si-nin “hansı dərəcədə əsl intellektə sahib olması” sualını fəlsəfi və etik çərçivədə təhlil edir. [9] Bu fikirlərdən də göründüyü kimi, süni intellektin əsas mahiyyəti informasiya ilə işləmək və ona mənalı məzmun qazandırmaq bacarığında ifadə olunur. “Məlumatın işlənməsi” süni intellektin texniki tərəfini, alqoritmik analiz, hesablama və məlumatların modelləşdirilməsini göstərir. “Semantik anlam” isə, bu məlumatların yalnız mexaniki deyil, məna daşıyan kontekstlərdə şərh olunmasını nəzərdə tutur.
Beləliklə, süni intellekt təkcə məlumatı emal etmir, həm də onu müəyyən məqsədlər və dəyərlər kontekstində məna kəsb edən struktur halına gətirir. Bu, onu “saf alqoritmdən” fərqli, müəyyən “idrak tutumuna malik” sistem kimi təqdim edir.
Süni intellektin hüquqi status məsələsi də elmi dairələrdə mübahisəli olaraq qalmaqdadır. Hüquqi subyektlik məsələsi və ya Sİ-yə “hüquqi şəxs” statusunun verilməsi (məsələn, Avropa Parlamentinin keçmişdə müzakirə etdiyi “electronic personality” ideyası) təklif edilsə də, lakin əksər hüquqşünas alimlər bunun ciddi risklər doğuracağını qeyd edirlər. Bu mənada professor J. Bryson maşınlara hüquqi şəxs statusu verilməsinə qarşı çıxaraq yazır ki, məsuliyyət istehsalçıya, operatora və ya istifadəçiyə aid edilməlidir. O “robot qul olmadır” (robots should be slaves) tezisi ilə məsuliyyətin insanlara və təşkilatlara aid edilməsinin vacibliyini vurğulayır. [5, 275]
Fikrimizcə, süni intellektin hüquqi statusu məsələsində ciddi yanaşılmalı, məsuliyyətin insanlardan texnologiyaya ötürülməsinə yol verilməməlidir ki, bu həm də sosial ədalətin təmin olunması baxımından əhəmiyyətli hesab ediə bilər. Beləliklə, təhlillərə əsasən deyə bilərik ki, bununla bağlı üç əsas model fərqləndirilir:
1) İstehsalçının məsuliyyəti – sistemin yaradıcısı və ya tədarükçüsü zərərə görə məsuliyyət daşıyır; bu model ənənəvi maddi məsuliyyət prinsiplərinə əsaslanır.
2) İstifadəçi məsuliyyəti – Sİ-ni tətbiq edən və ya onu idarə edən şəxs və ya şirkət məsuliyyət daşıyır.
3) Hibrid və riskə əsaslanan yanaşmalar – yuxarıda təhlil etdiyimiz Süni İntellekt Aktı kimi sənədlər risk kateqoriyalarına görə xüsusi tələblər və məsuliyyət mexanizmləri müəyyən edir; yüksək riskli tətbiqlər üçün operatorların və təminatçıların konkret öhdəlikləri nəzərdə tutulur. [8]
Avropa İttifaqı təcrübəsində yüksək riskli sistemlərdən hesab edilən məhkəmə, hüquq- mühafizə orqanları və s. üçün xüsusi tələblər irəli sürülür. Bu tələblərə təhlükəsizlik, şəffaflıq və insan nəzarətinin təmin olunması daxildir.
Eyni zamanda, süni intellektin hüquqi tənzimlənməsi ilə bağlı xarici ölkələrin təcrübəsinin qısa təhlilinə də diqqət yetirilməsini faydalı hesab edirik. ABŞ-da süni intellektin hüquqi tənzimlənməsi vahid federal qanun səviyyəsində mövcud olmasa da, federal agentliklər və ştat administrasiyaları tərəfindən hazırlanmış etik kodekslər strateji sənədlər və təlimatlar vasitəsilə tənzimlənir. Bu normalar əsasən təhlükəsizlik, şəffaflıq, insan hüquqları və hesabatlılıq prinsiplərinə əsaslanır. ABŞ-ın bütün Sİ sənədlərinin mərkəzində insan amili daynır. Bu sənədləri ruhuna görə Sİ texnologiyaları insan rifahına xidmət etməli, insan qərarlarını tam əvəz etməməlidir. Eyni zamanda, istifadə olunan sistemlər etik məsuliyyət və insan nəzarəti altında fəaliyyət göstərməlidir. Alqoritmik proseslərdə “qara qutu” modelindən uzaqlaşmaq və hesabatlılıq təmin edilməlidir. Bu, xüsusilə məhkəmə, polis və səhiyyə sistemlərində tətbiq olunan alqoritmik qərarvermə mexanizmlərinə aiddir. Sİ sistemlərinin irqi, cinsi və sosial qərəz əsasında fərqləndirmə aparmaması üçün dəyərləndirmə və audit mexanizmləri tələb olunur.[6] Sİ sistemlərinin topladığı məlumatların qorunması və şəxsi həyatın toxunulmazlığına hörmət əsas şərtdir. ABŞ siyasətində əsas yanaşma innovasiyanı məhdudlaşdırmayan tənzimləmə prinsipi ilə ifadə olunur. Bu, Avropa İttifaqındakı kimi sərt hüquqi məhdudiyyətlərdən fərqli olaraq etik və könüllü standartlara əsaslanan tənzimləməni nəzərdə tutur.
Beləliklə, ABŞ-da süni intellektin tənzimlənməsi vahid qanunvericilik aktı formasında deyil, etik prinsiplər, idarəetmə çərçivələri və federal təlimatların sintezi şəklində həyata keçirilir. Bu modelin mahiyyəti elastik, innovasiyanı təşviq edən, lakin insan hüquqlarını qoruyan hüquqi yanaşma yaratmaqdan ibarətdir.
Süni intellektin hüquqi tənzimlənməsində fərqli elementlər Çin qanunvericilində də ifadə edilmişdir. Bu ölkədə süni intellektin tənzimlənməsində dövlət nəzarətinə əsaslanan mərkəzləşdirilmiş model tətbiq edilir. Bu modeldə əsas məqsəd süni intellekt texnologiyalarının ictimai sabitlik, milli təhlükəsizlik və ideoloji nəzarət prinsiplərinə uyğun idarə edilməsidir. Elmi baxımdan bu yanaşma “Sİ-nin dövlət mərkəzli tənzimlənməsi” kimi xarakterizə olunur və onun əsas xüsusiyyətləri aşağıdakılardır: alqoritmik idarəetmənin hüquqi tənzimlənməsi, məxfilik və ideoloji nəzarət mexanizmləri, məsuliyyət və qeydiyyat tələbləri. Qeyd edək ki, Çin Xalq Respublikasında “Alqoritmik Tövsiyə Sistemlərinin İdarə Edilməsi Qaydaları” (2022) və “Generativ Süni İntellektə dair Tədbirlər” (2023) adlı qanunvericlik sənədləri alqoritmlərin şəffaflığını, məsuliyyətini və dövlət nəzarətini müəyyən edir.
Beləliklə, Çin modeli innovasiya ilə dövlət nəzarəti arasında balansdan daha çox, nəzarət və milli təhlükəsizlik prioritetinə əsaslanan hüquqi-fəlsəfi yanaşma kimi dəyərləndirilir. Son zamanlar dünya miqyasında süni intellekt sistemlərinin müxtəlif sahələrdə tətbiqi fiziki və hüquqi şəxslərə sosial-iqtisadi üstünlüklər qazandırmışdır. Buna görə də bir çox dövlətlər süni intellekt sahəsi üzrə ayrıca strategiyalar qəbul etmişlər və onların icrası həyata
keçirilməkdədir.
Digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da süni intellekt texnologiyaları ölkəmizin iqtisadi və sosial inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Odur ki, bu sahədə sistemli yanaşmaya ehtiyac vardır. Süni intellektin dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirəcəyi, eləcə də bununla bağlı yaranacaq çağırışlar və təhdidlər nəzərə alınaraq, süni intellekt üzrə milli strategiyanın hazırlanması zərurəti yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 530 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilmişdir. Strategiya qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, akademik və elmi tədqiqatların gücləndirilməsi,startap və innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir. [1]
Sİ sistemləri hüquq münasibətlərinə müxtəlif səviyyələrdə təsir göstərir: əmək bazarında avtomatlaşdırma, şəxsi məlumatların emalı, hüquqi qərarların verilməsi və digər sahələrdə. Bu təsirlərin balanslaşdırılması üçün hüquqi mexanizmlərin işlənməsi vacibdir. [5, 283] Əks halda, qərəzli alqoritmlər, məsuliyyət boşluqları və məxfilik pozuntuları hüquqi mübahisələrin əsasına çevrilə bilər. Strategiyanın hüquqi əhəmiyyəti nədən ibarətdir? İlk növbədə qeyd etmək lazımdır ki, bu sənəd Sİ sahəsində hüquqi tənzimetməni həyata keçirən ilk normativ mexanizmdir. Bu sənədlə qeyd edilən sahədə normativ-strateji baza formalaşmış, milli səviyyədə Sİ siyasətinin prioritetləri müəyyən edilmişr. Dövlət strategiyası olduğu üçün hüquqi aktların (qanun layihələri, qaydalar) hazırlanmasında əsas göstərici rolunu oynaya bilər. İkincisi, bu sənəd Sİ sahəsində hüquqi tənzimləməyə təkan vermişdir. Strategiyada etik-məxfilik, təhlükəsizlik, təbii dil emalı və elmi- tədqiqatın gücləndirilməsi kimi maddələr var ki, bunlar şəxsi məlumatların qorunması qaydalarının milli adaptasiyasını, məhsul və operator məsuliyyəti mexanizmlərinin işlənməsini tələb edir. Nəhayət bu Strategiyanın qəbulu ilə infrastruktur və institusional təşəbbüslər üçün əsas olmuşdur. Strategiya dövlət qurumlarında və tədqiqat müəssisələrində Sİ infrastrukturunun, həmçinin test-məkanların (sandbox) yaradılmasını vurğulayır ki, bu da sektoral tənzimləmə və pilot-layihələr üçün hüquqi çərçivələrin operativ hazırlanmasını zəruri edir.
Bundan əlavə, bu sənədin müddalarının Si-nin hüququn konkret sahələrinə təsirləri də danılmazdır. Məsələn, cinayət hüququ sahəsində istifadə olunan texnologiyalar kiber-təhlükəsizlik hücumları, avtomatlaşdırılmış qərarvermənin qüsurları və səhv yönləndirmələr vasitəsilə cinayət nəticələri yarada bilər. Strategiya milli təhlükəsizliyi və etibarlılığı vurğulayır; buna görə cinayət qanunvericiliyində “Sİ-lə bağlı” yeni maddə və ya interpretasiyanı zəruri edir. Ona görə də xüsusilə kibercinayətkarlığa qarşı tədbirlərdə Sİ-spesifik elementlər, sübutların toplanması üçün qaydalar və ilkin icra prosedurlar, həmçinin Sİ-də sui-istifadəyə qarşı inzibati sanksiyalar və cinayət məsuliyyəti mexanizmlərinin təkmilləşdirilməsi zəruru hesab edilir. Digər tərəfdən məlumatların qorunması və konfidensiallıq baxımından da Strategiya müvafiq prinsipləri özündə ehtiva edir. Çünki, Sİ sistemləri böyük həcmdə şəxsi məlumatları emal etdiyindən burada səmərəli hüquqi tənzimləmə önəmli hesab edilir.
Beləliklə, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkədə Sİ sahəsində vahid strategiya və yol xəritəsi təqdim edərək hüquqi və institusional dəyişikliklər üçün əsas yaradır. Strategiyanın uğuru onu tətbiq edəcək konkret qanunvericilik, institusional islahatlar və texniki standartların vaxtında və peşəkar surətdə işlənib hazırlanmasından asılıdır. Xüsusilə mülki məsuliyyət, məlumatların qorunması, məhkəmə
ekspertizası, əmək hüququ və inzibati hüquq sahələrində strategiyanın əks-effektlərini minimuma endirəcək, vətəndaşların hüquqlarını və milli təhlükəsizliyi təmin edəcək hüquqi mexanizmlər zəruridir.
Beləliklə bu elmi məqalənin nəticəsi olaraq, belə qənaətə gəlmək olar ki, süni intellektin hüquqi tənzimlənməsi müasir dövrdə qlobal hüquq sistemlərinin qarşısında duran ən mühüm və çoxşaxəli çağırışlardan biridir. Bu sahədə aparılan təhlillər göstərir ki, Sİ-nin sürətli inkişafı
təkcə texnoloji deyil, həm də etik, sosial və hüquqi məsuliyyət məsələlərini aktuallaşdırır. Süni intellektin qərarvermə proseslərində iştirakı insan hüquqları, şəxsi məlumatların qorunması, ayrı-seçkiliyin qarşısının alınması və hüquqi cavabdehlik kimi fundamental hüquq prinsiplərinə
birbaşa təsir göstərir.
Bu gün artıq müxtəlif ölkələrin təcrübəsi fərqli tənzimləmə modellərinin formalaşdığını nümayiş etdirir. Avropa İttifaqı risk əsaslı və insan mərkəzli hüquqi yanaşmanı qəbul edərək hüquqi normalar vasitəsilə sistemli normativ baza yaratmışdır. ABŞ daha çox etik kodekslərə və institusional təlimatlara əsaslanan çevik model tətbiq edir. Çin isə süni intellekti dövlət nəzarəti və ictimai sabitlik kontekstində hüquqi çərçivəyə salır. Bu fərqli modellər göstərir ki, süni intellektin tənzimlənməsi universal standartlardan çox, hər bir ölkənin hüquqi və siyasi mədəniyyətinə uyğun adaptiv yanaşma tələb edir.
Azərbaycan da bu sahədə mühüm nailiyyətlər əldə etmiş, xüsusilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın qəbulu ölkədə Sİ sahəsində vahid strategiyanı formalaşdırmış və bu istiqmətdə yol xəritəsi hesab edilir. Lakin əlbəttə bu istiqamətdə beynəlxalq təcrübənin elmi təhlili və milli normativ-hüquqi bazanın təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sİ-nin tətbiqi yalnız texnoloji deyil, həm də hüquqi məsuliyyət sisteminə inteqrasiya olunmalı, etik prinsiplər, şəffaflıq və insan nəzarəti əsas şərtlər kimi qəbul edilməlidir. Nəticə etibarilə, süni intellektin hüquqi tənzimlənməsi texnologiyanın məhdudlaşdırılması deyil, onun etik və hüquqi prinsiplərlə uzlaşdırılaraq cəmiyyətin rifahına xidmət etməsini təmin edən bir mexanizm kimi dərk olunmalıdır.
Ədəbiyyat siyahısı:
1. “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, https://e-qanun.az/framework/59218
2. Rzayeva G., İbrahimova A. Süni intellekt, insan hüquqları və fərdi məlumatların təhlükəsizliyi. Dərs vəsaiti. Bakı: “Nurlar” nəşriyyatı, 2021, 200 s. s.
3. Artificial intelligence, https://www.britannica.com
4. Artificial Intelligence & Emerging Technologies,
https://www.unesco.org/en/artificial-intelligence
5. Bryson, J., Diamantis, M. E., & Grant, T. D. (2017). Of, for, and by the People:
The Legal Lacuna of Synthetic Persons. Artificial Intelligence and Law, 25(3),
273-291.
6. Blueprint for an AI Bill of Rights, https://bidenwhitehouse.archives.gov
7. Joanna J. Bryson, Robots Should Be Slaves, https://static1.squarespace.com
8. The EU Artificial Intelligence Act, https://artificialintelligenceact.eu
9. From the Philosophy of AI to the Philosophy of Information,
https://philarchive.org
Халилов Елвар Мирзеелекбер оглы
ПРАВОВЫЕ ПРОБЛЕМЫ ИСКУССТВЕННОГО ИНТЕЛЛЕКТА:
ТЕРМИНОЛОГИЯ, ПРАВОВОЙ СТАТУС, МЕЖДУНАРОДНЫЕ И
НАЦИОНАЛЬНЫЕ НОРМЫ, ЗАРУБЕЖНЫЙ ОПЫТ.
РЕЗЮМЕ
В статье анализируются актуальные теоретические и практические вопросы, связанные с правовым регулированием искусственного интеллекта (ИИ).
Рассматриваются проблемы определения правового статуса искусственного интеллекта, вопросы ответственности, а также правовые подходы на национальном и международном уровнях. На основе международных документов, принятых международными
организациями, и опыта зарубежных стран определяются основные направления правового регулирования искусственного интеллекта. Анализируются существующие институциональные и нормативные инициативы в Азербайджанской Республике, включая Стратегию по искусственному интеллекту Азербайджанской Республики на 2025–2028 годы. Обосновывается необходимость формирования национальной правовой базы вконтексте современной политики цифровой трансформации.
Khalilov Elvar Mirzeelekber oqlu
LEGAL ISSUES OF ARTIFICIAL INTELLIGENCE: TERMINOLOGY, LEGAL STATUS, INTERNATIONAL AND NATIONAL REGULATIONS, FOREIGN EXPERIENCE.
SUMMARY
The article examines the current theoretical and practical issues related to the legal regulation of artificial intelligence (AI). It analyzes the determination of the legal status of AI, issues of liability, as well as legal approaches at both national and international levels. Based on international instruments adopted by global organizations and the experiences of foreign countries, the main directions of the legal regulation of artificial intelligence are identified. The article also reviews the existing institutional and normative initiatives in the Republic of Azerbaijan, including the Artificial Intelligence Strategy of the Republic of Azerbaijan for 2025–2028, and substantiates the necessity of developing a national legal framework in the context of contemporary digital transformation policy.
Xəlilov Elvar Mirzəələkbər oğlu
Azərbaycan Dillər Universiteti
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin Beynəlxalq münasibətlər
kafedrasının dosent əvəzi, h.ü.f.d.
e-mail: [email protected]
Gundelik.az
