İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Avropa aerokosmik nəhəngləri kosmik fəaliyyətlərini birləşdirir

Avropanın aparıcı aerokosmik şirkətləri — “Airbus”, “Leonardo” və “Thales” — İlon Maskın “SpaceXşirkətinin “Starlink” peyk internet sistemi ilə rəqabət aparmaq məqsədilə birgə yeni kosmik şirkət yaratmaq barədə razılığa gəliblər.

Gundelik.az-ın məlumatına görə, yeni qurumun mərkəzi ofisi Hollandiyada yerləşəcək. Şirkətlər bununla bağlı anlaşma memorandumu imzaladıqlarını və məqsədlərinin Avropada kosmos sahəsində vahid və güclü sənaye qurumu formalaşdırmaq olduğunu bildiriblər.

Bəyanatda qeyd olunub ki, tərəflər öz fəaliyyətlərini birləşdirərək, telekommunikasiya, qlobal naviqasiya, Yerin müşahidəsi, elm və kəşf, eləcə də milli təhlükəsizlik kimi kritik sahələrdə Avropanın strateji muxtariyyətini gücləndirməyi hədəfləyirlər. Yeni şirkət həmçinin milli kosmik proqramların hazırlanması və həyata keçirilməsində etibarlı tərəfdaş kimi çıxış edəcək.

Məlumata görə, yeni şirkət kosmik infrastruktur və əlaqəli xidmətləri əhatə edən texnologiyaları bir araya gətirəcək və tənzimləyici təsdiqlərdən sonra 2027-ci ildə fəaliyyətə başlayacaq.

Açıqlamada vurğulanıb ki, yeni qurum Avropada innovasiyaları sürətləndirəcək, qlobal bazarlarda rəqabətə davamlı vahid və dayanıqlı aerokosmik şirkət yaradacaq.

Layihə çərçivəsində formalaşacaq strukturun təxminən 25 min nəfəri işlə təmin edəcəyi, illik dövriyyəsinin isə 6,5 milyard avro olacağı gözlənilir.

Müqaviləyə əsasən, şirkətin səhmləri Airbusa 35 faiz, Leonardo və Thalesə isə hər birinə 32,5 faiz payla məxsus olacaq. Yeni qurum səhmdarlar arasında balanslaşdırılmış idarəetmə strukturu ilə birgə nəzarət prinsipi əsasında fəaliyyət göstərəcək.

Gundelik.az