İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Azərbaycan prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında münasibətlərdə yeni səhifə açacaq – Deputat

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana dövlət səfərinə gəlib. Azərbaycan və Qazaxıstan dərin strateji tərəfdaşlığa malik dövlətlərdir.

Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov fikirlərini bölüşüb.

O qeyd edib ki, 20 il öncə dövllətlər arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb: “Siyasi münasibətlər ilə yanaşı, son illər iqtisadi əlaqələrin də dərinləşməsi müşahidə olunmaqdadır. Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi ötən il əvvəlki ilə nisbətən 33 faiz artaraq 470 milyon dollara çatıb. Qarşılıqlı ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara olub. Bu o deməkdir ki, bu ilin 9 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-ci ilin ümumi dövriyyəsindən 14 faiz çox olub”.

Deputat vurğulayıb ki, hər iki dövlət Orta Dəhlizin genişlənməsinə töhfə verirlər: “Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamət hesab olunur. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Bu isə daha çox Orta Dəhlizin ötürmə imkanlarının artırılması ilə bağlıdır”.

“Azərbaycan Prezidentinin Qazaxıstana dövlət səfəri ölkələr arasında münasibətlərdə yeni səhifə açacaq. İnvestisiya, ticarət, təhsil, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyi gözlənilir”, – deyə V. Bayramov əlavə edib.

Gundelik.az