Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” Fransanın xarici və milli valyutalarda uzunmüddətli suveren kredit reytinqini “AA-” səviyyəsindən “A+” səviyyəsinə endirib.
Gundelik.az-ın agentliyə istinadən məlumatına görə, reytinq üzrə proqnoz “stabil” olaraq saxlanılıb.
Bununla yanaşı, qısamüddətli reytinqlər də “A-1+” səviyyəsindən “A-1” səviyyəsinə endirilib. Analitiklərin açıqlamasına əsasən, 2026-cı il üçün büdcə layihəsinin parlamentə təqdim edilməsinə baxmayaraq, Fransanın dövlət maliyyəsi ilə bağlı qeyri-müəyyənlik yüksək olaraq qalır.
S&P bildirir ki, 2025-ci il üçün ÜDM-in 5,4%-i həcmində hökumət kəsiri hədəfinə nail olunacağı gözlənilsə də, fiskal konsolidasiyanın əlavə tədbirlər olmadan gözləniləndən daha yavaş gedəcəyi ehtimal olunur.
Reytinq agentliyi Fransanın kredit göstəricilərinə növbəti baxışı noyabrın 28-nə planlaşdırmışdı. Lakin hökumətə etimadsızlıq səsverməsi fonunda “dövlət maliyyəsinin möhkəmləndirilməsində irəliləyişə mane olan” səbəblərə görə qiymətləndirmə planlaşdırılmamış şəkildə həyata keçirilib.
“S&P”nin stabil proqnozu bir tərəfdən artan dövlət borcu və zəif siyasi konsensus, digər tərəfdən isə ölkənin möhkəm kredit imkanları arasında tarazlığı əks etdirir.
Agentlik Fransa iqtisadiyyatının artım tempini 2025-ci ildə 0,7%, 2026-cı ildə isə təxminən 1% səviyyəsində proqnozlaşdırır.
Gundelik.az
