İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Fransada yeni hökumət quruldu: Sebastien Lekornu ikinci kabinetini təqdim etdi

Fransada baş nazir postuna yenidən təyin olunan Sebastien Lekornu yeni hökumətini açaçıqlayıb.

Gundelik.az xəbər verir ki, ötən həftənin əvvəlində istefa verən Lekornu oktyabrın 10-da prezident Emmanuel Makron tərəfindən yenidən baş nazir vəzifəsinə gətirilib. Əvvəlki hökumətində yaranan fikir ayrılıqlarından sonra istefa verməsinə baxmayaraq, Lekornu bu dəfə büdcə sabitliyinə yönəlmiş ikinci hökumət kabinetini formalaşdırıb.

Baş nazir hökumətin əsas məqsədinin “ilin sonuna qədər Fransaya büdcə təminatı missiyasını yerinə yetirmək” olduğunu bildirib. O, “hökumətdə şəxsi və partiya maraqlarından üstün hərəkət edən” hər kəsə təşəkkür edib və ölkənin maraqlarının prioritet olduğunu vurğulayıb.

Yeni hökumətin tərkibi aşağıdakı kimidir:

Laurent Nunez – daxili işlər naziri

Ketrin Votrin – müdafiə naziri

Cerald Darmanin – ədliyyə naziri

Roland Leskür – maliyyə naziri

Enni Genevard – kənd təsərrüfatı naziri

Eduard Geffray – təhsil naziri

Jan-Noel Barrot – xarici işlər naziri

Raşida Dati – mədəniyyət naziri

Stefani Pist – səhiyyə naziri

Naim Moutchou – xarici ərazilər naziri

Marina Ferrari – idman naziri

Filip Tabarot – nəqliyyat naziri

Büdcə mübahisələri hökumətlərin dağılmasına səbəb olur

Xatırladaq ki, Fransada sağ mərkəzçi Mişel Barnier hökuməti 2025-ci ilin büdcə müzakirələrində yaranan fikir ayrılıqlarına görə müxalifətin 2024-cü il 4 dekabr tarixində təqdim etdiyi etimadsızlıq təklifindən sonra devrilmişdi.

Prezident Emmanuel Makron bundan sonra 13 dekabr 2024-cü ildə Fransua Bayrunu baş nazir təyin etmişdi. Lakin dövlət borcu ilə bağlı gərginlik və yeni büdcə danışıqları Bayru hökumətinin də möhkəmlənməsinə imkan vermədi.

Bayru 2026-cı ilin büdcəsi ilə bağlı qənaət tədbirləri çərçivəsində bəzi bayram günlərinin ləğvini və 43 milyard avro qənaət planını təklif etmişdi. Bu isə cəmiyyətdə və parlamentdə ciddi narazılıq yaratdı.

Sentyabrın 8-də keçirilən sessiyada etimad səsi ala bilməyən Bayru hökuməti istefaya getdi. Prezident Makron ertəsi gün — sentyabrın 9-da müdafiə naziri vəzifəsini icra edən Sebastien Lekornunu baş nazir təyin etdi.

Lakin Lekornu oktyabrın 5-də hökumətini elan etdikdən bir gün sonra yaranan siyasi reaksiyalar fonunda istefa verməyə məcbur oldu. Makron isə oktyabrın 10-da onu yenidən bu vəzifəyə gətirdi.

Yeni hökumətin əsas məqsədi 2025-ci ilin sonuna qədər Fransa büdcəsində sabitliyi bərpa etmək və siyasi gərginliyi azaltmaqdır.

Gundelik.az