ABŞ-nin “Comex” birjasının məlumatına görə, oktyabrın 7-də keçirilən ticarət sessiyasında qızılın qiyməti tarixdə ilk dəfə bir troya unsiyası üçün 4000 dollar həddini aşıb.
Gundelik.az xəbər verir ki, ən yüksək səviyyədə qiymətli metalın dəyəri bir unsiya üçün 4000,05 dollara çatıb.
Bakı vaxtı ilə səhər saat 9:01-ə olan göstəriciyə əsasən, qızıl bir qədər ucuzlaşaraq 3997,80 dollar olub. Bununla belə, qiymət əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,55 faiz və ya 22 dollar artıb.
“Bloomberg” analitiklərinin qiymətləndirməsinə görə, 2025-ci ilin əvvəlindən bəri qızılın qiyməti 50 faiz yüksəlib. Ekspertlər bildirirlər ki, bu artıma əsas səbəblərdən biri ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra yaranan geosiyasi və iqtisadi qeyri-müəyyənlikdir.
Vaşinqtonun sərtləşdirilmiş tarif siyasəti nəticəsində alovlanan ticarət müharibələri qızılın “təhlükəsiz sığınacaq” aktivinə çevrilməsini sürətləndirib. Bu isə bazar iştirakçıları və qlobal mərkəzi banklar tərəfindən qiymətli metala olan tələbin kəskin artmasına gətirib çıxarıb.
Məlumata görə, təkcə avqust ayında mərkəzi banklar ümumilikdə təxminən 15 ton qızıl alıblar. İnvestisiya bankiri Yevgeni Koqanın sözlərinə görə, mövcud bazar tendensiyaları davam edərsə, qızılın qiyməti növbəti 3-5 il ərzində 4500 dollara qədər yüksələ bilər.
Gundelik.az
