İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Səudiyyə Ərəbistanından Azərbaycana pul köçürmələri artıb

Bu ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 12,683 milyon ABŞ dolları təşkil edib.

Gundelik.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,311 milyon ABŞ dolları və ya 35,3% çoxdur.

Məlumata görə hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Səudiyyə Ərəbistanının payı 2,4% təşkil edib. Bununla da sözügedən ölkə dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 7-ci pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Səudiyyə Ərəbistanından Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 9,372 milyon ABŞ dolları təşkil etmişdi.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Gundelik.az