Qlobal bazarlar yeni həftəyə müsbət notlarla başlayıb. Analitiklərin diqqəti ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu həftə açıqlayacağı faiz qərarı və FED sədri Jerome Powellin şərhlərinə yönəlib.
Gundelik.az xəbər verir ki, əmək bazarında zəifləmə əlamətləri faizlərin azaldılması ehtimalını artırıb və bazarlarda risk iştahını yüksəldib. Pul bazarı iştirakçıları FED-in bu həftə 25 əsas bəndlik faiz endirimi etməsini və ilin sonuna qədər əlavə üç endirim gözlənildiyini proqnozlaşdırır. 2026-cı ildə isə ən azı üç faiz endiriminin həyata keçirilə biləcəyi də istisna edilmir.
Eyni zamanda ABŞ Xəzinədarlıq Katibi Scott Bessent və Çin Baş nazirinin müavini He Lifeng İspaniyanın Madrid şəhərində tariflər, ixrac nəzarəti və TikTok-un gələcəyi ilə bağlı mümkün razılaşmaları müzakirə edirlər. Danışıqların 17 sentyabradək davam edəcəyi planlaşdırılır.
G7 maliyyə nazirləri Rusiya ilə bağlı müxtəlif iqtisadi tədbirləri müzakirə edib. ABŞ Prezidenti Donald Tramp isə Avropa ölkələrinə “Rusiyadan neft almayın” çağırışı edib.
Bu inkişaflar fonunda ABŞ-da 10 illik istiqraz faizi 4,06%-ə çatıb, dollar indeksi 97,6 səviyyəsində sabitdir. Qızılın bir unsiyasının qiyməti 3,644 dollar, Brent markalı neft isə 67,1 dollar səviyyəsinə yüksəlib.
ABŞ bazarlarında qarışıq nəticələr
Cümə günü Nyu-York birjasında qarışıq mənzərə müşahidə olunub. Miçiqan Universitetinin istehlakçı güvən indeksi sentyabrda 55,4-ə düşərək may ayından bəri ən aşağı səviyyəni göstərib. ABŞ Konqresinin Büdcə Ofisi 2025-ci il üçün iqtisadi artım proqnozunu 1,9%-dən 1,4%-ə endirib, işsizlik səviyyəsi isə 4,3%-dən 4,5%-ə qaldırılıb.
Amazon və Google-un reklam qiymətlərinə dair Federal Ticarət Komissiyasının araşdırmaları medianın gündəmində olub. Bu xəbərlər fonunda Dow Jones 0,59%, S&P 500 0,05% və Nasdaq 0,44% dəyər itirib. ABŞ indeks fyuçersləri isə günü müsbət açıb.
Avropada faiz qərarlarına diqqət
Avropa fond bazarları cümə günü qarışıq mənzərə göstərib. Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcələrini dəyişməyərək depozit faizini 2%, yenidən maliyyələşdirmə faizini 2,15% və marjinal borclanma faizini 2,4% səviyyəsində saxlayıb.
Bu həftə İngiltərə Mərkəzi Bankının (BoE) faiz qərarı izləniləcək. İyul ayında inflyasiyanın 3,8%-ə yüksəlməsi səbəbindən faiz dərəcəsinin dəyişməz qalacağı gözlənilir. Almaniyada illik inflyasiya avqustda 2,2%-ə yüksəlib. Fitch Ratings isə Fransanın kredit reytinqini “AA-”dan “A+”-a endirib. Bu qərar Fransada istiqraz bazarında satışlara səbəb olub.
Cümə günü CAC 40 indeksi 0,02%, İtaliyada 0,32% artarkən, DAX 40 indeksi 0,02% və İngiltərə bazarları 0,15% dəyər itirib. Avropada indeks fyuçersləri həftəyə artımla başlayıb.
Asiyada müsbət tendensiya
Asiya bazarları da FED-in faiz endirimi ehtimalının təsiri ilə müsbət açılıb. Bu həftə Yaponiya Mərkəzi Bankının (BOJ) faiz qərarı izlənəcək. Bazarlarda BOJ-un faizləri artırmaqda tələsməyəcəyi gözlənilir, diqqət isə BOJ sədri Kazuo Ueda tərəfindən veriləcək şərhlərdədir.
Çində açıqlanan zəif iqtisadi göstəricilər pərakəndə satışın 3,4% və sənaye istehsalının 5,2% artdığını göstərib ki, bu da gözləntiləri geridə qoyub. Şanxay Kompozit İndeksi 0,2%, Honq Konq Hang Seng 0,3%, Cənubi Koreya Kospi isə 0,4% dəyər qazanıb. Kospi indeksi 3,420,23 bəndlə rekord səviyyəyə çatıb.
İstanbul birjasında kiçik dəyişikliklər
BIST 100 indeksi cümə günü 0,10% dəyər itirərək 10,372,04 bəndlə bağlanıb. BIST 30 oktyabr fyuçers müqaviləsi isə 0,1% artıb. USD/TRY banklararası bazarda 41,3750 səviyyəsində ticarət edilir. Analitiklər daxili büdcə balansı, Avro bölgəsindəki ticarət balansı və ABŞ-da New York Fed Manufacturing Industry İndeksinin izlənəcəyini bildirirlər. Texniki baxımdan BIST 100-də 10,300 və 10,200 dəstəklər, 10,500 və 10,600 müqavimət səviyyələri hesab olunur.
Gundelik.az
