İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ və Yaponiya iki həftəlik raket təlimlərinə start verib

ABŞ və Yaponiya hərbçilərinin iştirakı ilə “Qətiyyətli Əjdaha” adlı iki həftəlik təlimlər Yaponiyada başlayıb.

Gundelik.az CNN-ə istinadən xəbər verir ki, manevrlər ölkənin ən ucqar adalarında – Tayvanın şərq sahilindən təxminən 125 km məsafədə yerləşən Ryukyu adalarında keçirilir.

ABŞ Dəniz Piyadaları Korpusu bildirib ki, təlimlər zamanı bir sıra raket sistemlərindən istifadə olunacaq. Bu silahlar dəniz yollarının və strateji ərazilərin qorunmasına, həmçinin “sahildən qüvvə çıxarma” əməliyyatlarının icrasına imkan verəcək.

Təlimlərdə ABŞ Ordusunun “Typhon” mobil buraxılış qurğusu da sınaqdan keçiriləcək. Sözügedən sistem həm SM-6 zenit raketlərini, həm də 1600 km uçuş məsafəsinə malik “Tomahawk” qanadlı raketlərini buraxa bilir. Xatırladaq ki, ABŞ “Typhon”u ilk dəfə 2024-cü ildə Filippində keçirilən təlimlərdə yerləşdirmiş, bu isə Çinin etirazına səbəb olmuşdu.

“Typhon” bölmələrindən biri Yaponiyanın Honsyu adasında, Yamaqata prefekturasının İvakuni şəhərindəki ABŞ hərbi bazasında yerləşdiriləcək. Digər bölmələrin yerləşmə yerləri barədə məlumat açıqlanmayıb.

Bundan başqa, təlimlərdə ABŞ-ın 185 km mənzilli NMESIS gəmiəleyhinə raket sistemi və Yaponiyanın 1000 km-dən çox mənzilli Tip-12 quruda yerləşən gəmiəleyhinə idarəolunan raketləri də tətbiq ediləcək.

Qeyd edək ki, “Qətiyyətli Əjdaha” təlimləri Pentaqon rəhbəri Pit Hegseth ilə Çin müdafiə naziri Donq Jun arasında Tayvan və Cənubi Çin dənizi barədə müzakirələrdən 48 saatdan az vaxt keçdikdən sonra start götürüb.

Gundelik.az