ABŞ Müdafiə Nazirliyinin adının dəyişdirilməsi gündəmdədir.
Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, prezident Donald Tramp ordunun daha sərt imic qazanması məqsədilə nazirliyin adının “Müharibə Departamenti” olaraq dəyişdirilməsi barədə sərəncam imzalamağı planlaşdırır.
Amerika mediasına açıqlama verən yüksək vəzifəli rəsmi bildirib ki, Ağ Evdə bu məsələ ilə bağlı görüş keçiriləcək və Tramp sənədi imzalayacaq.
Lakin ABŞ qanunvericiliyinə görə, Müdafiə Nazirliyinin adının dəyişdirilməsi yalnız Konqresdə qəbul edilən qanun əsasında mümkündür. Bu səbəbdən, prezidentin sərəncamı ilə dəyişiklik baş verib-verməyəcəyi sual altındadır. Bununla belə, prosesin başlanacağı və Pentaqonda müvafiq hazırlıqların görüləcəyi gözlənilir.
Ağ Evin mətbuat xidməti jurnalistlərə göndərdiyi gündəlikdə Trampın cümə günü günortadan sonra açıqlama verəcəyini qeyd edib, lakin açıqlamanın mövzusu açıqlanmayıb.
Xatırladaq ki, “Müharibə Departamenti” 1789-cu ildə ABŞ Konstitusiyasının qüvvəyə minməsindən sonra yaradılıb. 1947-ci ildə isə onun adı dəyişdirilərək “Müdafiə Nazirliyi” adlandırılıb.
Gundelik.az
