İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Dünyada ilk: Türkiyə PUA-lardan ballistik raket atır

Türkiyənin müdafiə sənayesi son illərdə sürətli inkişaf yolu keçərək strateji əhəmiyyətli layihələrə imza atır. Bu layihələrdən biri də ROKETSAN tərəfindən hazırlanmış və Baykar şirkətinin pilotsuz uçuş aparatları (PUA) ilə inteqrasiya edilən İHA-122 raketidir.

Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar bu silah barədə danışarkən bildirib: “TB-3 PUA-sı İHA-122 raketini səsdən təxminən dörd dəfə yüksək sürətlə və 100 min fut hündürlüyə qədər çıxara bilir. Dünyada bu texnologiyaya sahib olan yeganə ölkə Türkiyədir.”

Raketin xüsusiyyətləri

İHA-122, qurudan buraxılan TRG seriyalı ballistik raketlərin havadan atılan xüsusi versiyasıdır. Onun əsas üstünlükləri bunlardır:

• Səsdən yüksək sürət: Hədəfləri son dərəcə qısa müddətdə vurur.
• Manevr qabiliyyəti: Qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün kəskin manevrlər edə bilir.
• Yüksək dəqiqlik: Dəqiq istiqamətləndirmə dəsti sayəsində submetr dəqiqliyi təmin edir.
• Münasib qiymət: Sadə istehsal imkanları ilə həm ucuz, həm də kütləvi sayda istehsal oluna bilir.

Bu xüsusiyyətlər raketi həm müdafiə, həm də hücum əməliyyatlarında yüksək strateji əhəmiyyətə malik edir.

Dayandırılması çətin silah

İHA-122 raketi hərbi dairələrdə “havadan buraxılan ballistik raket” kimi tanınır. Dünyada çox az ölkə bu imkanlara malik olsa da, silahlı PUA-lar vasitəsilə bu texnologiyanı tətbiq edən yeganə dövlət Türkiyədir.

Yüksək sürətinə görə raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən gec aşkar edilir. Aşkarlanma anına qədər isə çox vaxt artıq gec olur. Hazırda dünyada bu raketləri etibarlı şəkildə dayandıra bilən ölkələrin sayı barmaqla sayılacaq qədər azdır.

Müharibə təcrübəsindən çıxan nəticələr

Rusiya-Ukrayna müharibəsi və İsrail-İran qarşıdurmaları göstərdi ki, bahalı və mürəkkəb raket ehtiyatlarının sürətlə tükənməsi böyük problem yaradır. Bu şəraitdə ucuz, lakin effektli sursatların önəmi daha da artır.

Türkiyənin İHA-122 və daha uzun mənzilli İHA-230 raketləri məhz bu boşluğu doldurur. Həm kütləvi istehsal oluna bilməsi, həm də hədəfdə dağıdıcı təsir göstərməsi onları döyüş meydanında mühüm üstünlüyə çevirir.

Strateji tətbiq imkanları

İHA-122 yalnız hava hücumundan müdafiə sistemlərini deyil, eyni zamanda düşmənin kritik hərbi bazalarını, idarəetmə mərkəzlərini və hətta dəniz qüvvələrini də hədəfə ala bilir. 2025-ci ilin martında keçirilən sınaqlarda TB-3 PUA-sı ilə 50 kilometr məsafədən atılan İHA-122-nin dəniz səviyyəsindən yuxarı hədəfi uğurla vurduğu açıqlanıb.

ROKETSAN həmçinin daha uzaqmənzilli İHA-300 üzərində iş apardığını bildirib. Yeni sistem sayəsində bu raketin uçuş məsafəsinin 500 kilometrdən çox olacağı gözlənilir.

Gundelik.az