Bədəlov Ağasən Mehdi oğlu 1940-cı il avqustun 25-də Azərbaycanın İsmayıllı rayonundakı Pirəbilqasım kəndində kolxozçu ailəsində anadan olmuşdur. “Od təmizliyi”, “Həyat eşqi”, “Bu dünya qaranlıq olmur” və bir çox bu qəbildən şeirləri ilə şair əmindir ki, yalnız işıq, Günəş, mübarizə çırağı insanı səfərbər edər, ona düzgün yol göstərər. “İşıq-qaranlıq” şeirində biz şair yetkinliyinin daha bir məqamı ilə, poetik fəlsəfi qənaətləri ilə tanış oluruq. Şair qəti inanır ki, həyat və dünya təkcə bir həyatın, ömürün doğulmasından və qeyb olmasından ibarət deyil. “Sirrini heç kimə verməyən, bir yandan boşalan, bir yandan dolan dünyanın” öz möcüzləri və yeniləşməsi ilə maraqlıdır. A.Bədəlzadənin şeirləri ədəbi tənqiddə maraq doğurmuş, xalq şairi Bəxtiyar Vahabzadə onun şeirləri haqqında “Yanmaq ona deyərəm ki” adlı məqalə yazmış, B.Məmmədzadə, Ş.Zaman və b. qələm sahibləri onun poetik axtarışlarını təqdir etmişlər. A.Bədəlzadənin “Qocalıq”, “Qarışıq”, “İnsan dinc olar”, “Görmürəm”, “Vicdan ağrısı”, “Gecə açılan güllər”, “Yavaş-yavaş öyrəşirik” kimi şeirlərində müasirlərimizin həyatı üçün örnək olası fərdi-psixoloji məqamlar, vətəndaşlıq və övladlıq duyğuları, insanı düşündürən əxlaqi hisslər tərənnüm olunur. “Vətən, ay vətən” şeirində də dərd mövzusu ürək mövzusu ilə eyniləşdirilir, maraqlı bir rəmz, dərdin, vətənin və ürəyin birliyindən yeni bir obraz alınır. A.Bədəlzadənin lirik şeirləri ilə yanaşı, satirik şeirləri Sabiranə tərzdə yazdığı nümunələr də vardır. “Qəribə dünya”, “Həqiqət”, “Yavaş-yavaş öyrəşirik”, “Həyat eşqi” və s. şeirlərdə biz bunun əyani təzahürünü görürük. A.Bədəlzadənin poeziyası işıqlı poeziyadır. O, işıqlı fikirlərini oxuculara aşılayır, onlarda dərin və təsirli təəssürat yaradır, onların hisslərini və duyğularını oyandırır, müəllifin fikir və düşüncələrini oxucusuna şeirsevərlərə doğmalaşdırır. Aforistik mətləblərin təsdiqi də onun şeirinin özəlliyidir. A.Bədəlzadə rus və dünya ədəbiyyatının ən yaxşı bilicilərindəndir. Hazırda o, dünya və Azərbaycan ədəbiyyatını tələbələrinə sevdirir. Onun qələmə aldığı yazı və məqalələr, dərslik və kitablar da diqqətəlayiqdir. Elmi və elmi-pedaqoji axtarışları ona dünya ədəbiyyatı prosesini düzgün anlamağa, elə bu kontekstdə maraqlı fikir və mülahizələr irəli sürmək imkanı verir. Sənətkar şeir və yazılarında güclü qaynaqlardan, böyük şəxsiyyətlərdən qüvvət alır. Xalqımızın belə qiymətli şəxsiyyətləri, yaradıcı, sənətkar və alim simaları çox olmuşdur. Ağasən dünya mütəfəkkirlərini də öyrənən, bilən işıqlı ziyalılarımızdan biridir.
Əsərləri: “Yanmaq ona deyərəm ki…,” (1978), “Payızda məhəbbət” (1987),
“Hayıf, a dünya səndən” (1999), “Zamanın üzü, yazıçının sözü” (2006),”Qələmin ucu, qılıncın gücü” (2008) və s.Ədəbiyyat: Əhmədov T. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) : Ensiklopedik məlumat kitabı. – Bakı : Nurlar Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2011.səh 43.
Gundelik.az
