Adı dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsimi zəngin irs qoymuşdur. Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi (1369-cu il, Şamaxı-1417-ci il, Hələb)-azərbaycanlı şairi, mütəfəkkiridir. Nəsimi klassik Azərbaycanın ustad şairidir. O, doğma dilimizdə sanballı əsərlər yaradan ilk sənətkarlardandır. “İmadəddin Nəsimi” adı ilə məşhurdur. Orta əsrlərdə Şamaxıda zəmanəsinə görə qüvvətli təhsil verən mədrəsələr var idi. Nəsimi bu mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa, ərəb və fars dillərini, riyaziyyat astronomiya, təbiət, fəlsəfə, məntiq elmlərini öyrənmişdir. Nəsimi gözüaçıq bir ailədə yetişmiş, peşəkarların, xırda sənətkarların mühitində təlim-tərbiyə almışdır. Doğrudur, Nəsimi islam dininin hökmran olduğu bir dövrdə yaşayıb-yaratmışdır, ancaq şəhər zəhmətkeşləri içərisində böyüməsi onu xalq həyatına, zəhmətkeş insanların mühitinə yaxınlaşdırmışdır. İlkin şeirlərini məşhur sufi Hüseyin Həllac Mənsurun şərəfinə, şairin öz müəlliminə ehtiram və yaxınlıq əlaməti olaraq “Nəsimi” və “Hüseyni” təxəllüsü ilə yazan Nəsimi XIV əsrin sonlarından Azərbaycanda geniş yayılan “Hürufi” sufi təriqətinə qoşulmuş və təriqətin qurucusu təbrizli Fəzullah Nəiminin şərəfinə özünə “Nəsimi” təxəllüsünü götürmüşdür. Nəsimi qısa zamanda hürufiliyin nəinki Azərbaycanda, həmçinin Misir, İraq, İran və Anadoluda ən tanınmış simalarından birinə çevrilmiş, şeirləri dildən-dilə düşmüşdür. Hürufiliyin siyasi təhlükəsindən qorxan Teymuri hakimiyyəti 1394-cü ildə F.Nəimini edam edir. Müəlliminin edamından dərin sarsıntı keçirən Nəsimi onun vəsiyyətinə əsasən təriqəti yaymaq üçün Təbrizə, oradan da Anadoluya gedir. Əngin batini fikirləri təbliğ etməsi Nəsimini daim təqiblərə məruz qoyur. Bunun nəticəsi olaraq o, 1417-ci ildə həbs edilir və Suriyanın Hələb şəhərində edam olunur. Şairin məzarı da Hələb şəhərindədir. Şeirlərinin təməl anlamını İslam təsəvvüfünün vəhdəti-vücud ideyası və ilahi eşq təşkil edən Nəsimi fars, ərəb, Azərbaycan türkcəsində mükəmməl şeir nümunələri ortaya qoymuşdur. Onun şeirləri bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik şərq poeziyasına ciddi təsir göstərmişdir. Nəsimi ana dilində ilk dəfə müstəzad, mürəbbe, tərcibənd nümunələri yazmış, rübai və tuyuqlarında sadə xalq dilindən istifadə etmişdir. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkirə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş–şüara” adı ilə tanınan təzkirədir. Nəsiminin olduqca enerjili, üsyankar (və mükəmməl) poetik “Mən”i vardır və nəinki Azərbaycan, ümumən türk xalqları (bəlkə də dünya!) poeziyasında bu qədər parlaq, həcmli, dərin (ilahi!) məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə getmiş (və bu yolda edam olunmuş, dərisi soyulmuş) dahi şair-mütəfəkkirin, sufizm-hurifizm təbliğatçısının “mən”i haqqında ən papulyar, kütləvi məlumat, ilk növbədə onun məşhur şeirlərində ifadə olunur.
Nəsimi VIII əsri-hicrinin son yarısında doğma yurdu Azərbaycanda sakin idi. O zaman bu yerdə hökmranlar Əmir Teymur, Şahrux mirzə və Miranşah idi. Nəsimi Miran şahın zamanında vətənini tərk etməyə məcbur oldu. Buna da Şah Fəzlullahın Miranşahın əmri ilə öldürülməsi səbəb oldu. Cahil üləmanın fitvaları ilə Miranşah Şah Fəzlullahı Şirvandan götürdərək öldürtdü. Nəsimi isə ya ələ keçməmək və yaxud təbliğat aparmaq üçün səyahətə çıxdı. Əsnayi-səyahətində bir çox yerə, Türkiyəyə və Hələb məmləkətinə uğradı. Hələb məmləkəti o zaman müluki-çərakisə əlində idi. Hər bir zaman məsləkinə rəvac vermək üçün şeirləri ilə təbliğat və təşviqat aparan Nəsimi yad ölkələrdə heç bir şeyi nəzərə almayaraq yoluna davam edirdi, avam xalqın etiqadına müxalif və idrakına sığmayan şeir söyləyirdi.
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam.
Ərş ilə fərşü kafü nun, məndə bulundu cümlə çün,
Kəs sözünü və əbsəm ol, şəhrü bəyanə sığmazam.
Görkəmli şəxslər İmadəddin Nəsimi haqqında
Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir şəxsiyyət dünya elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini yüksəltmək deməkdir.
Heydər Əliyev, Ümummilli lider
Azərbaycan xalqının çoxəsirlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.
İlham Əliyev, Azərbaycan Respublikası Prezidenti
Elm Darvinin şəxsində insanın meymun mənşəyini, ədəbiyyat (poeziya) isə Nəsiminin şəxsində ilahi mənşəyini kəşf etdi…
Yaşar Qarayev, professor
Nəsimi dövrünün çox savadlı və dərin məlumatlı adamı olmuşdur. Onun dünya görüşü şeirlərində gizli və açıq şəkildə öz əksini tapmışdır. Şair zəngin ədəbi və fəlsəfi irs qoyub getmişdir.
Hüseynzadə, filologiya elmlər namizədi
Nəsimi öz mərdanə ölümü ilə düşmənlərini belə təəccübləndirmiş, insanların qəlbində əsrlərlə yaşamasına zəmin yaratmışdır.
Ə. Səfərli, filologiya elmlər namizədi
Nəsimi dərin məntiqi və fəlsəfi baxışları, mübariz poeziyası ilə bütün oxucu və tədqiqatçıları heyran edir.
Musəvi, tarix elmləri namizədi
Nəsimi yaradıcılığı Azərbaycan ədəbiyyatı tarixində yeni dövr açmışdır.
S.Şıxəliyeva, ədəbiyyatşünas
Bəşərin böyük arifi – İmadəddin Nəsimi
Böyük şair Nəsimi insana olduqca yüksək dəyər verir, insanı ən ali varlıq hesab edir. Onun fikrincə insan sifətinin Allah qələmi ilə çəkilən gözəlliyini tərifləyir və ənəlhəqq (mənəm Allah) deyən fədakar sufilərin bu məhşur şüarını sözün həqiqi mənasında deyil, məcaz kimi qəbul edir. O, insanı ülviləşdirir. İnsana səcdəyə gəlməyən mələk bu ilk insanın fəzilətlərindən xəbərsizmiş.
Səcdəgah etmişdi eşq əhli qaşın mehribanı,
Qılmadan xeyli məlayik səcdeyi-Adəm hənuz.
Nəsimi poeziyasının leytmotivi insandır; zəkalı, kamil, gözəl insan; öz amalından dönməyən, mübariz, haqq, həqiqət yolunda canından keçməyə hazır olan mərd, doğruçul, sadiq, vəfalı insan! Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə insan bütöv bir aləmdir, insan kainatdır.
Mən mülki-cəhan, cəhan mənəm, mən,
Mən ərşi –məkan, məkan mənəm, mən.
Lakin insan bundan daha böyükdür, o kainata da sığmır… İnsana, şəxsiyyətə aid bütün bəşəri keyfiyyətlər şairin gözəllik aləminə daxildir, onun təsvir hədəfidir. Haqqın, həqiqətin tərənnümü Nəsiminin şəxsiyyəti ilə poeziyası arasında bir vəhdət, bağlılıq, həmahənglik yaradır. Nəsimi fitrətən haqq, həqiqət aşiqi idi. Buna görə, hər şeydən əvvəl; həqiqət olan insanın sözü də həqiqət olmalıdır: Bu keyfiyyətlər Nəsimidə onun poetik amalı kimi səslənir.
Cümlə həqdir, hər nə kim, mövcud imiş,
Həqqə sacid, həqqə hər məscud imiş.
Əsl böyük həqiqət isə insandır, insanın mövcudluğudur. Haqq, həqiqət özü də ancaq insanla bağlı keyfiyyətdir, insana məxsusdur, bəşəridir. Belə olan surətdə insan həqiqətin keşiyində durmalı, mövcud aləmin sahibi, habelə haqqın, ədalətin başçısı-allahı olmalıdır:
Ey könül, həq səndədir, həq səndədir,
Söylə həqqi kim, ənəl-həq səndədir.
Və ya:
Bulmuşam həqi, ənəl-həq səndədir,
Həq bənəm, həq bəndədir, həq söylərəm.
Böyük şair, filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş, mərdanə və amansız ölümü ilə təbliğ və təsdiq etmişdir.
“Doğru söz doğrulara acı deyil”, “Qövli yalançı ilə olma müsahib, çək əlin…” Altı yüzillik bir zaman məsafəsini qət edib gələn bu müdrik hökmlər böyük Nəsiminin köhnəlmək, unudulmaq bilməyən həyat qənaətidir. Söz insanın mənəvi dayağı, zövqü, səfasıdır, ləyaqəti, şöhrəti, şanıdır. Əbəs yerə deyil ki, söz, sözün bu qüdrəti bizim Nizami, Füzuli, Xətai, Nəsimi kimi söz ustadlarımızın mövzusu olmuş, onlar söz haqqında ölməz şeirlər demişlər. Nəsiminin “Söz” rədifli şeiri ana dilində yazılmış söz haqqında ilk şeirdir. Şeirdə sözə, söz sənətinə yüksək qiymət verilir; çünki söz, nitq insanın ilk zəruri keyfiyyətidir:
Dinləgil bu sözü ki, candır söz,
Aliyi-asiman məkandır söz.
Şeş cəhətdən münəzzəh anla və baq,
Şeylə kim xaliqi-cahandır söz…
Şairin təsvirincə söz dünyanın bəzəyidir; dünyada söz qədər füsunkar, söz qədər ali, söz qədər cahanşümul bir nemət yoxdur, söz “tərcümandır”, söz “könüldə candır”, söz “payəkandır”, söz “asimandır”, söz “sahib zəmandır” və s. Söz insana həyat verir, söz həqiqəti aşkar edir, insanlar arasında ünsiyyət yaradır, onları bir-birinə bağlayır, qovuşdurur. Buna görə insanın danışığından, sözündən, söhbətindən Nəsimi zövq alırdı, insan nəfəsi onu qanadlandırırdı. Nəsimi deyirdi ki, insan olan kəs gərək ağıllı danışsın, onun sözü yığcam, fikri isə geniş olsun.
Aqilsən, sözünü müxtəsər et!
Ey Nəsimi, çü bikərandır söz
Nəticə: Sənətkar haqqında daha obyektiv fikri adətən zamanın amansız sınağından sonra söyləyə bilirlər. Bu mənada Nəsiminin cismani məhvi əslində onun mənəvi qələbəsi kimi əsrlərdən bəri neçə-neçə nəslə misilsiz örnək oldu. Sonralar Nəsimi adı poeziyamızda öz əqidəsi yolunda təkcə sözdə deyil, həm də işdə fəda olmaq timsalına çevrildi: “Nəsimi tək bu aşiq, – Yolunda soyulandır” (Sarı Aşıq). Əqidəsi, məsləki, baxışları, inandığı həqiqətlər uğrunda canından keçən, düşmən qarşısında əyilməyən sənətkarlar az olmamışdır. Ancaq bu əqidə qəhrəmanları arasında Nəsimi müstəsna bir yer tutur. Haqsızlığa, ehkamçılığa, nadanlığa, idraksızlığa, zülm və ədalətsizliyə, cəmiyyətdə Allahdan və insanlıqdan uzaq bütün vəziyyətlərə odlu şeirləri ilə üsyan edən Nəsimi Azərbaycan ədəbiyyatında ictimai-fəlsəfi şeirlərin parlaq nümunələrini yaratmışdır.
Bir günəşdir Nəsimi kim anın
Neçələr zərrəsinə həsrətdir…
Ənəlhəqq Əbədiyyət elmidir. Ənəlhəqq demək küfrdüsə və söhbət Ənəlhəqq demək üstdə asılmaqdan gedirsə, onda gərək “Həqqə bağlı deyilmiş, kim Ənəlhəqq demədi” dediyinə görə Y.Əmrəni, “H.Mənsurun Ənəlhəqqində rəhmət vardır. Deyən C.Rumini, eləcə də “Ənəlhəqq” şeirinə görə Ə.Yəsəvini çoxdan dara çəkəydilər. Yaxud “Şah Xətai, çəkmərəm qəm, çün Ənəlhəqq demişəm” söyləyən Şah İsmayılı taxtından endirməyə bundan münasib dəlil-sübut olmayaydı gərək!
Ənəlhəqq demək haqqını qazananlar, əslində, vəhdəti-vücudçulardı.
Nəsimi də fasiqlərin, müşriklərin və zahidlərin, mənidən (mənadan) xəbərsizlərin daşa basım kafir elan etdikləri şair deyil.
Nəsimi budur:
-Zinhar, gəl ey adəmi insan tələb eylə!
-Hər kişi ki, əzəldə binəsib oldu mənidən,
Ayətü-təsfirü kəlam, ana xəbər nə fadidə?!
– Hər nəyə ki, baxıram, həqq baxıram,
Baxışım həqdir, Ənəlhəqq baxıram!
-Sirri ənəlhəqq söylərəm,
Aləmdə pünhan gəlmişəm!
Hüqo deyirdi: “Allah hər şeydədir. Hər şey onun görünməsinə mane olur”.
Bu fikrə oxşar bir fikir Hötedə də var: “Kim onu hər yerdə görmürsə, onunla heç vaxt üz-üzə gələ bilməz”.
Həqq hər şeydədirsə, insan niyə Nəsimi kimi “Həqq mənəm, həqq məndədir, həqq söylərəm” deyə bilməsin?!
Halbuki, onlar tanrının dilindən danışa-danışa özlərinin kim olduqlarını bilmək istəyirdilər. “Əzəldə canım içində yazıldı surəti-məni”… “Mənanın surətiyəm” deyən İ.Həsənoğlu kimi Nəsimi də çoxlarının çata bilmədiyi bir məqama çatmışdı. (çatdırılmışdı!).
Nəsimi dünyada başına gətiriləcək işləri əzəldən bilirdi. Haqdan özü istəmişdi bu taleyi:
Yığıldı Şeyxi-şabilər, ki, yəni
soyalar məni,
Muradım bu idi həqdən,
irişdim mən bu gün kamə!
O, “Məni yandırıb-yaxsınlar deyə, Əzəldə Tanrıya əhd-peyman bağlamışdı”. “Mən həqqəm” demək haqqını bulmaq mümkünmüş. Əlbəttə ki, getdikcə saflaşmaqla, işıqlanmaqla. İsa Muğannanın dediyi “Həqq” demək haqqına sahib olmaqla!
Saf Ağ elminə yiyələnməklə! Saf Ağ insan olmaqla! İnsan o qədər saflaşır, işıqlanır ki, “Ağ insan”, “Ağ” (həqq) deyilir ona.
XVI əsrdə yaşamış Övliya – şair Miskin Abdalın yaradıcılığında buna işarə edilib:
“Dərsimi almışam mən Ağ adamdan!”.
Kimdir bu Ağ adam?!
Həmin saf Ağ insan!
Ancaq hər adam Ağ adam ola bilmir.
Hər adam Ənəlhəqq demək haqqını qazana bilmədiyi kimi.
Nəsiminin həyatı və yaradıcılığı iki hissəli bir faciəyə oxşayır. 1-ci hissəsi şərti olaraq “Nəsiminin Ənəlhəqqi”, 2-ci hissəni isə “Ənəlhəqqin Nəsimisi” adlandıra bilərik. Əslində, Nəsimini Nəsiminin Ənəlhəqqində deyil, Ənəlhəqqin Nəsimisində axtarmaq lazımdır. Zaman-zaman əsr-əsr Nəsimiyə ha hücum çəkdilər, ha batmaq istədilər bata bilmədilər. Çünki baxıb gördülər ki, artıq daha Nəsimi-Ənəlhəqqdir. Ənəlhəqq- Nəsimidir!
Əvvəldə Ənəlhəqq Nəsiminin sözüydü. Sonra Ənəlhəqq Nəsiminin özüydü.
Nəsiminin Ənəlhəqqi-“Eşqin yanaşər çırağıdır”.
Ənəlhəqqin Nəsimisi-“Eşq şəhi”dir, “Eşq Günəşi” dir.
Nəsiminin Ənəlhəqqi-Əbədiyyət sözüdür.
Ənəlhəqqin Nəsimisi-Onu Dar ağacından endirdi!
(Ölümündən 10 il keçməmiş haqqında verilmiş fətvanı ləğv etməyə məcbur oldular.
Nəsiminin Ənəlhəqqi-guya bir kafiri yer üzündən ilim-ilim itirdi.
Ənəlhəqqin Nəsimisi-Allah nurunun şəhridir. (“Ol nuru hər kim bilımədi, həqqdən nəsibi nar imiş”).
Nəsiminin Ənəlhəqqi-surəti rəhmandır.
Ənəlhəqqin Nəsimisi-Xətmi insandır.
Nəsiminin Ənəlhəqqi-günahdı. (abidlərə görə).
Ənəlhəqqin Nəsimisi-savabdı. (aşiqlərə görə).
Nəsiminin Ənəlhəqqi-Ənəlhəqq sözündən doğulmuşdur.
Ənəlhəqqin Nəsimisi-Özündən doğuldu!
Nəsiminin Ənəlhəqqi-sadəcə bir şair doğub.
Ənəlhəqqin Nəsimisi-şairlər doğmaq güçündədir!
Nəsiminin Ənəlhəqqi-“mənəm-mənəm” deyən bircə nəfərdir.
Ənəlhəqqin Nəsimisi-hamıdı, “küllü-insandı”- bəşərdi!
Nəsiminin Ənəlhəqqi-onu bu dünyaya müvəqqəti yaşamaq üçün gətirdi.
Ənəlhəqqin Nəsimisi-Onu Kamala yetirdi. Əbədi olaraq var etdi. İnsanlara Əbədiyyət elmini öyrətdi.
Nəsiminin Ənəlhəqqi-abidlərin qurmancıydı.
Ənəlhəqqin Nəsimisi- aşiqlərin tacıydı!
Nəsiminin Ənəlhəqqi-küfrlə doluydu.
Ənəlhəqqin Nəsimisi-İnamla!
Nəsiminin Ənəlhəqqi-digər Ənəlhəqçilərin Ənəlhəqqinə oxşayırdı.
Ənəlhəqqin Nəsimisi-heç kiminkinə oxşamırdı!
Nəsiminin Ənəlhəqqi-insanı (nur parçasını) Göydən Yerə endirmişdi.
Ənəlhəqqin Nəsimisi-İnsanı Yerdən Göyəqaldırdı. (Öz əzəli məqamına).
Nəsiminin Ənəlhəqqi-İnsanı ölümə doğru aparır.
Ənəlhəqqin Nəsimisi-Həyata doğru.
Nəsiminin Ənəlhəqqi-Əzəli Yaradan ayrılıqdır, hicrandır.
Ənəlhəqqin Nəsimisi-Əzəli Yara doğru gedən yoldur.-Vüsaldır.
Nəsiminin Ənəlhəqqi-28 hərflə qavranılır.
Ənəlhəqqin Nəsimisi-32 hərflə öyrənilir.
Nəsiminin Ənəlhəqqi-olub, yaşayıb.
Ənəlhəqqin Nəsimisi-ölüb, yaşayır.
Nəsiminin Ənəlhəqqi- Allahın salamı idi.
Ənəlhəqqin Nəsimisi-Əleykümsalam!- dedi.
Şah Xətaiyə görə Allah Həllac Mənsurun diliylə “Ənəlhəqq” söyləyib.
Bu məqam Nəsimidə də eynilə təcəssümünü tapıb: “O, de, dedi, mən də dedim”.
Hələ də inanılası deyil, yoxsa?
Niyə də inanılmasın?
Niyə Allah istədiyi yerdə təcəlli edir, məsələn, yam-yaşıl Göyəm ağacından səslənib “Musa, mən Allaham” deyə bilir, amma Öz “Eyvan” ından-İnsan ağzından, insan dilindən səslənə bilmirdi.
Hər halda, “Hər şeyi o, bilir, o, söylər”. (F.Əttar).
“Bizi hər şeyi bilən Allah danışdırır”
“Allah dilədiyini nuruna qovuşdurur”.
Azərbaycan ədəbiyyatı tarixində İmadəddin Nəsiminin həyat və yaradıcılığından, onun dünyagörüşündən çox yazılsa da, farsca qələmə aldığı “Bəhrül əsrar” (şirlər dəryası) fəlsəfi qəsidəsi dərin təhlilə, fəlsəfi baxımdan hərtərəfli tədqiqata cəlb edilməmişdir. Baxmayaraq ki, onun Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazması filologiya elmləri doktoru C.Nağıyeva tərəfindən aşkarlanmışdır. Onun yaradıcılığında fəlsəfi məzmunlu qəsidələr öz ideya və məzmun xüsusiyyətləri ilə seçilir. Bunların içərisində də öz növbəsində “Bəhrül əsrar” qəsidəsi xüsusi maraq doğurur. Məlumdur ki, bu əsər dərin fəlsəfi məzmuna malik olması ilə bərabər, həm də böyük tərbiyəvi əhəmiyyətli nəsihətamiz fikirlərlə zəngindir. Qəsidədə maddənin dəyişməsi, insanın öləndən sonra torpağa dönməsi kimi fikirlər ifadə olunmuşdur:
Ayağını bu torpağa hörmətlə bas, unutma ki,
Şahlar başı torpaq olmuş gəlib-gedən üstə gəzər.
Əsərdə fəlakətlərlə dolu olan bir zəmanədə zülm və əsarət içərisində iztirablı, kədərli həyat keçirən insanların taleyi şairi dərindən düşündürür. Onun mülki bərabərsizlikdən, ictimai zülm və ədalətsizlikdən şikayətləri bu qəsidədə də qüvvətli bədii ifadəsini tapmışdır. Şair dövlət və sərvət yığmaq ehtirasına, acgözlüklə dünyanı soymağa, çapıb-talamağa çalışan tamahkar, qəddar ürəkli hökmdarlara, feodal məmurlarına istehza edir. Dövlətə, sərvətə pərəstiş edənlərin insanları əzmələrini pisləyir.
Simü – zər yığmaq üçün cəhd eyləmə Qarun kimi,
Hər xəzinə torpaq altında qalıbdır min kərə.
Sərvət ilə yüklənərsə kəştisi dövrün əgər
O tufanlı dəryada düşməz məgər şuri-şərə?..
Dünya birşandır, onun həm şəhdi, həm də zəhri var,
Şəhid üçün insan gərəkdir tab gətirsin nəştərə.
Burada dahi Nəsimi dünyanı mənəm-mənəm deyə qırğına verən hökümdarların, o cümlədən Qarun kimi xəzinəsinə toplamağa cəhd edən və nəhayət, xəzinəsi torpaq altında qalan şəxslərin ölümə məhkum olub, özlərinin də torpağa qarışacaqlarını söyləyir, zəmanəsindəki qəsbkar şahları onların aqibətindən ibrət almağa çağırır. Nəsimi bu şeirində də öz humanist ideyalarına sadiq qalaraq insanın şərəf və ləyaqətini üstün tutur, onlara dərin hörmət və qayğı bəsləyir, zəhməti, zəhmətkeş insanları, elmi, mərifəti, ədaləti alqışlayır. Bu fikrin təsdiqi üçün şairin fars divanından bir parçanın professor M. Quluzadənin “Böyük ideallar şairi” monoqrafiyasında Azərbaycan dilində nəzmlə verilən tərcüməsinə nəzər salaq.
İnsan üçün mərifətdən özgə yoxdur bir bəzək,
Bax, sədəf çılpaqdır, ancaq qəlbi bənzər gövhərə.
Aqil insan zər üçün öz ömrünü verməz hədər,
De, siçanlar nədən eşq yetirdin sən zərə?
Sən çörəkçün minnət etmə, hifs elə öz ruzini
Qafil ol kəsdir ki, ruziçin o, batmaz qan-tərə…
Burada yoxsul insanlar, zəhmətkeş adamlar Nəsimi nəzərində böyük məhəbbətə, böyük qiymətə malik olanlardır. Burada şair insanları sadəliyə, fədakarlığa, təvazökarlığa, yüksək əxlaqi-mənəvi keyfiyyətlərə malik olmağa, arif olmağa, mənalı, şüurlu həyat keçirməyə çağırır. Qəsidənin bu keyfiyyətlərinə görədir ki, Nəsimi Şirvanidən sonra böyük taciq şairi Əbdürrəhman Cami də özünün “Lissətül-əsrar” qəsidəsini yazırlar. Doğrudur, şairlər bu haqda ilk söz açan şair Əmir Xosrov Dəhləvinin xidmətini, öz qəsidələrini onlara cavab olaraq yazdıqlarını göstərmişdir. Bununla belə Nəsiminin adı göstərilən qəsidəsi öz dərin fəlsəfi, ictimai yüksək poetik məziyyətlərinə görə onların içərisində əhəmiyyətli yer tutur. Nəsimi haqqında, onun fəlsəfi görüşləri haqqında istər Avropa alimləri, istərsə də türk, türkmən, özbək və Azərbaycan alimləri, söz ustaları söz yazmışlar, onun hurufilikdə, sufizimdə mütərəqqi cəhətləri əxz etdiyini göstərmişlər. Şair Allahın, bizin fikrimizcə isə müqəddəs ruhun insanda, təbiətdə mövcud olmasını göstərən dahi bir alimdir. Elə ona görə də əsərlərində, fəlsəfi qəsidəsi olan “Bəhlül-Əsrar” da göstərdiyi kimi, məhşər günü də, axirət günü də bu dünyada olur. Mürtəce qüvvələrin təzyiqinə baxmayaraq yaradıcılığında, məfkürəsini açıqlamaq baxımından, böyük əhəmiyyəti olan “Bəhrül-əsrar”ın əsrlərin sınağından çıxaraq bu günümüzə qədər çatan əlyazma nüsxələrinin mühafizəsi Azərbaycanın mütərəqqi ziyalılarının əməyinin nəticəsidir. Əsərin müasir məktəblərdə ədəbiyyat proqramlarına daxil edilməsinin böyük tərbiyəvi əhəmiyyəti olacağı şübhəsizdi.
Böyük sənətkar İmadəddin Nəsimi haqqında çoxlu şeir, poema və roman yazılmış, film çəkilmişdir. İmadəddin Nəsiminin altı əsirlik yubileyi ilə əlaqədar kitabxanada şair haqqında çəkilmiş “Nəsimi” kinosunun müzakirəsi keçirilə bilər. Tədbirə rəng qatmaq və kino ilə bağlı maraqlı məlumatlar vermək üçün Respublikamızın Xalq artisti Rasim Balayevi və digər kino iştirakçılarını dəvət etmək olar. (Onu qeyd edək ki, film aktyor Rasim Balayevin kinoda ilk işidir.) Kino haqqında qısa məlumata keçid alaq. Rejissor: Həsən Seyidbəyli, Ssenari müəllifi: İsa Hüseynov, Operator: Rasim İsmayılov, Rəssam: Məmməd Huseynov və Mais Ağabəyov, Bəstəkar: Tofiq Quliyev olmuşdur.
Rollarda iştirak etmişlər: Nəsimi-Rasim Balayev; Nəimi-İsmayıl Osmanlı; Fatma-Xalidə Quliyeva; Yusif-Kamal Xudaverdiyev; Dövlət bəy-Tofiq Mirzəyev; Şəms-Almaz Əsgərova; Şirvanşah İbrahim-Şəmsəddin Rzayev; Şeyx Əzəm-Məmmədrza Şeyxzamanov; Teymurləng-Yusif Vəliyev; Miranşah-Muxtar Maniyev.
Kino dram janrında, Azərbaycan dilinə, Azərbaycanda; Naxçıvanın, Abşeronun, Atəşgah və Siyəzən və Şamaxının bəzi bölgələrində çəkilmişdir. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafatına layiq görülmüşdür. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə II mükafat verilmişdir.
XX əsrin müdrik şəxsiyyətlərindən biri, görkəmli polyak şairi Çeslav Miroş yazılarının birində deyir ki, metafizk özüldən məhrum ədəbiyyat həmişə ikinci dərəcəli olacaq. Necə ki, dinə iddia edən ədəbiyyatda ikinci dərəcəlidir.
Haqlı olaraq Azərbaycan ədəbi-poetik dilinin yaradıcılarından sayılan böyük şair və mütəfəkkir İmadəddin Nəsimi digər böyük sələf və xələfləri kimi əlbəttə bunu bilirdi. Bilirdi ki, bütün yollardan üstün bir yol, bütün dillərdən vacib bir dil var. Nəsiminin dillər əzbəri olan iki şeirindən nümunə gətirmək istəyirəm:
“… Həm sədəfəm, həm inciyəm,
həşrü sırat əsinciyəm…”
“Xar içində bitən qönçə gülə
minnət eyləməm,
Ərəbi, farsı bilməm,
dilə minnət eyləməm.
Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm…”
Birinci misrada böyük şair insanın sədəf və inci kimi qiymətli olduğunu, incinin və sədəfin isə suyun dərin qatlarında, gizlində olduğunu söyləyir və sonra da deyir ki, inci, sədəf kimi qiymətli olmamız həşr günü və son imtahan, yolçuluq, mənəviyyat gününün əsintilərinin qabaqcadan bizim içimizdə olduğunu göstərir, ola bilsin ki, bu keyfiyyətimiz sədəf və inci kimi gizlindədir də.
İkinci şeirdə şair də hər bir dildən daha vacib dilin, ola bilsin böyük mənada ana dilin, protodilin, eləcə də bütün yollardan, körpülərdən daha üstün bir yolun və körpünün olmasından və insanın məhz bu dildə danışmalı, bu yolla-eşq, sevgi, Rəbbi ilə qovuşmaq yolu yürüməli olduğunu söyləyir…
Hürufilik təlimi müsəlman dünyasının Şərq əyalətlərində yaranıb yayılsa da, teymurilərin təqibi hürufilərin Anadoluya, oradan da Şama və Misirə yol açmasına səbəb oldu. Nəticədə Şamda, Misirdə fəaliyyət göstərən hürufilər ərəb tarixçilərinin və ədiblərinin nəzərini cəlb etdi. Bu hal Azərbaycanın fikir tarixində mühüm yeri olan hürufilik təlimini, xüsusilə Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün ərəb mənbələrinin nə qədər mühüm əhəmiyyət kəsb etməsini təsdiq edir. Həmin dövrdə Hələb məmluk bəylərinin nəzarəti altında olduğundan, hürufi hərəkatının yalnız Suriya deyil, həm də Misirlə sıx bağlı olduğunu görürük. Məmluklar dövründə qələmə alınmış aşağıdakı əsərlərdə bizi maraqlandıran məlumatlara rast gəlirik. Həmin əsərləri xronoloji ardıcıllıqla aşağıdakı şəkildə sıralaya bilərik:
1) Taqiəddin Əhməd ibn Əli əl-Maqrizi (v. 1442), Durar əl-uqud əl-fəridə fi təracim əl-əyan əl-mufidə.
2) İbn Həcər əl-Asqalanı (v.1449), İnbə əl-ğumr bi-əbnə əl-umr.
3) Sıbt ibn əl-Əcəmi əl-Hələbi (v. 1479), Kunuz əz-zəhəb fi tərix Hələb.
4) Şəmsəddin əs-Səxavi (v.1497), Əd-Dau əl-Ləmi li-əhli əl-qarn ət-təsi.
5) Şəmsəddin əs-Səxavi, əl-Qaul əl munbi an tərcəməti ibn əl-Arabi.
6) Məhəmməd İbn İyas əl-Əcəmi (v.1524), Bədəi əz-zuhur fi vaqai əl-duhur.
7) Abd əl-Vahhab əş-Şərani (v.1565), Əl-yavaqit va l-cavahir fi bəyən aqaid əl-əkabir.
8) Katib Çələbi (v.1609), Kəşf əz-zunun.
9) İbn əl-İmad Şihab əd-Din Abd əl-Hayy əd-Dimaşqi əl-Hənbəli (v.1678) Şəzərət əz-zəhəb fi əxbər mən zəhəb
10) Kamil ibn Huseyn əl-Hələbi əl-Ğazzi (v. 1351/1932) Kitab nəhr əz-zəhəb fi tərix Hələb.
Bu yazıda Məmluklar dövründə baş vermiş iki inkvizisiya məhkəməsindən bəhs ediləcək. Birinci məhkəmə Nəsimiyə qarşı Hələbdə 1418-ci ildə çağırılıb. İkinci isə 1435-ci ildə Nəsimi davamçılarından birinə qarşı Qahirədə həyata keçirilib. Hər iki məhkəmə prosesi Orta əsr ərəb tarixçiləri tərəfindən qələmə alınıb. Nəsimiyə qarşı məhkəmə prosesi Sibt ibn əl-Əcəminin “Kunuz əz-zəhəb fi tərix Hələb” (Hələb tarixinə dair qızıl xəzinələri) əsərində geniş əks olunub. Sibt ibn əl-Əcəminin mətni ilk dəfə Ziya Bünyadov tərəfindən aşkar edilib. Ziya Bünyadov mətnin özü ilə deyil, onun Muhamməd ət-Təbbaxın “İləm ən-nubəla bi tərix Hələb əş-Şəhbə” (Bəyaz Hələb tarixinin alicənab insanları barədə) əsərindəki variantı ilə tanış olub. Ziya müəllimin xidmətini qiymətləndirməklə bərabər, aşağıda görəcəyimiz kimi, onun bəzi qənaətləri ilə razılaşmırıq.
İkinci məhkəmə prosesi birincidən 18 il sonra, 1435-ci ildə Qahirədə Nəsimi davamçılarından birinə qarşı düzənlənib. Bu proses ibn Həcər əl-Asqalaninin “İnbə əl-ğumr fi əbnə əl-umr” (Müasirimiz olan insanlar barədə topluma məlumat verilməsi) əsərində əks olunub.
Haqqında bəhs edəcəyimiz inkvizisiya məhkəmələrini əks etdirən Sibt ibn əl-Əcəmi və ibn Həcər əl-Asqalani Nəsimiyə tarixi baxımdan ən yaxın müəlliflər olduğundan, verdikləri məlumat şübhə doğurmur. Burada yalnız onların hər ikisinin Məmluk sultanlarının rəsmi ideologiyası olan ortodoks sünni məzhəbini təmsil etməsini nəzərə almaq lazımdır. Məhz bu səbəbdən, onların sufilərə və hürufilərə qarşı işlətdiyi “kafir”, “zindik”, “mülhid” kimi ifadələr başa düşüləndir.
Nəsiminin davamçılarından birinin Qahirədəki məhkəməsi, şairin həbsində və edamında əli olan Yəşbəkin öldürülməsi və üz dərisinin soyulması, Nəsiminin edamı ilə bağlı əl-Baqainin məlumatı, Fəzlullah və hürufiliyin mahiyyəti ilə bağlı ərəb mənbələrində yer alan bəzi məlumatlar, ayrıca olaraq, həmin dövrlərdə digər dəri soyulması halları, dərinin hürufilikdəki metafizik mahiyyətinin əzablı edam növü ilə əlaqələndirilməsi ilk dəfə olaraq professor Aida Qasımova Azərbaycanın elmi gündəminə gətirilir.
Məmluklar kim idi?
Əsas mövzuya keçməzdən öncə məmluklar barədə qısa məlumat verək: Məmlukların böyük qismi vaxtilə əsir alınmış və ya valideynləri tərəfindən maddi və s. səbəblərdən kölə kimi satılmış qıpçaq uşaqları idilər. Onlar müəyyən təlim və təhsildən sonra orduya qəbul edilir, bəziləri saraylarda mühüm vəzifələr tuturdu. Kölə oğlanların təhsili adətən iki mərhələdən keçirdi. Birinci mərhələdə onlar ərəb dilini və İslam dini ilə bağlı elmləri öyrənir, ikinci mərhələdə sırf döyüş təcrübəsinə yiyələnirdilər. Məmluk bəyləri öz aralarında adətən türk dilində danışırdılar; onların ərəbcəsi çox da güclü deyildi. Amma Misir və Şamda elm və ədəbiyyat dili ərəb dili idi. Ərəbcədə güclü olmasalar da, məmluk bəyləri İslama yiyələnməkdə israrlı idilər.
XIII əsrdən İslam dünyasında ictimai-siyasi həyatda türklərin hegemonluğu nəzərə çarpır. Türklər ərəb xilafətində hələ xəlifə Mutəsim Billahın dövründən (833-842) mühüm rol oynayırdılar. Daim say və qüdrətcə artan türklər Misirdə əvvəl Tulunilər, sonra isə İxşidilər dövlətlərinin əsasını qoyurlar. Nəbil Xalidin qeyd etdiyi kimi, İxşidi dövlətinin banisi Məhəmməd ibn Tuğcun qoşununda 480 min məmluk var idi. Eləcə də Fatimilər dövlətində türk məmluklar böyük güc və nüfuz sahibi idilər. (Əbu Əli Nəbil Xalid, əl-Ədəb əl-arabi beynə l-asreyn əl-məmluki va l-usmani)
Misirdə və Suriyada ağalıq edən Əyyubilərin də inzibati və ordu sistemində əsas yeri türklər tuturdu. XIII əsrdə Misirdə türk əsilli məmluk bəyləri hakimiyyətə gəlir və uzun müddət hakimiyyətdə qalır (1250-1517). Əyyubi hökmdarı Salih Nəcm əd-Din Əyyubinin xanımı Şəcərət əd-Dürr Misirdə Məmluklar dövlətinin yaranmasında böyük rol oynayır. Hətta bəzi tarixçilər onu ilk məmluk hökmdarı sayırlar. Belə ki, Salih Nəcm əd-Din Əyyubi vəfat edərkən, orduda və cəmiyyətdə xaos yaranacağından ehtiyatlanan Şəcərət əd-Dürr bir müddət ərinin ölümünü gizli saxlayıb o vaxt hərbi yürüşdə olan oğlu Turanşahın qayıtmasını gözləyir. Amma Turanşahın hakimiyyəti bir ay belə çəkmir; Turanşahın sərt davranışını və qabalığını bəyənməyən məmluk bəyləri onu qətlə yetirir (1251). Beləliklə, Şəcərət əd-Dürr Misirdə məmluk bəylərinin ağalığını təmsil edən hökmdar olur. O, 80 gün Misiri idarə edir. Amma qadın olduğu üçün Abbasi xəlifəsi Şəcərət əd-Dürrün legitimliyini tanımaq istəmir. Şəcərət əd-Dürr məmluk bəyi İzz əd-Din Aybəkə ərə gedir. Aybək dövləti Əyyubilər sülaləsi adından azyaşlı Əyyubi şahzadəsinin qəyyumu kimi idarə edir. Amma zaman-zaman Əyyubilərin tarix səhnəsindən çıxması ilə Misirdə məmluk bəyləri hakimiyyətə gəlir. Sonrakı hadisələr saray intriqaları çərçivəsində davam edir; Aybəki başqa bir qadına qısqanan Şəcərət əd-Dürr onu kənizlərinin köməyi ilə öldürür. Aybəkin anası isə Şəcərət əd-Dürrü öldürdür və beləliklə, əyyubilər tarix səhnəsindən çıxıb yerlərini məmluk bəylərinə təhvil verir.
Misirdə məmlukların hakimiyyəti müsəlman dünyasında elm və mədəniyyət mərkəzinin Bağdaddan Qahirəyə keçməsi ilə xarakterik idi. Belə ki, məmluk bəyləri monqol-tatar istilasına sinə gərməklə öz ölkələrində nisbi sabitliyi, elm və mədəniyyətin çiçəklənməsini təmin edə bilmişdilər. Məmluk hökmdarı Məlik Müzəffər Seyf əd-Dinin monqol-tatar ordusunu məğlub etməsi ədəbiyyatda böyük əks-səda doğurur. Bu, “türkü yalnız türk məğlub edər” fikrini yaradır.
Məlumdur ki, tarix səhnəsində qələbə və siyasi sabitlik adətən elm və mədəniyyətin çiçəklənməsi ilə müşayiət edilir. Misirdə və Şamda məmluk ağalığı da mədəniyyətin inkişafı ilə xarakterikdir. Burada tarix, coğrafiya, təbiət elmləri, eləcə də ədəbiyyat və poeziya inkişaf edir, bir sıra görkəmli alim, ədib və şairlər yetişir. Bağdadın ədəbiyyat sahəsində ulduzunun sönməkdə olduğu bir vaxtda məhz Misir estafeti ələ alıb söz sənətini yaşatmışdır.
Mühüm bir məsələni də qeyd etmək lazımdır ki, məmluklar ağalığı özü iki mərhələyə ayrılır. Birinci mərhələ türk əsilli məmlukların, ikinci mərhələ isə çərkəs əsilli məmlukların adı ilə bağlıdır. “Bəhri məmluklar adlanan türk əsilli məmlukların ağalığı 1250-1382-ci illəri, çərkəs əsilli məmlukların ağalığı isə 1382-ci ildən sonrakı dövrü əhatə edir. Çərkəs məmlukları tarixdə “Burci” məmluklar kimi tanınır. 1517-ci ildə Osmanlılar məmluk ağalığına son qoyur.
Nəsiminin həyatı çərkəs məmluklarının ağalığı dövrünə təsadüf edir. O dövrlə bağlı müraciət etdiyimiz ərəb mənbələrin hamısı məmluk mənbəsi sayılır.
Əli Nəsiminin qətli. Yəşbəkin (Hələb hakimi Yəşbək əl-Yusifinin) dövründə zindiq Əli Nəsimi qətlə yetirildi. Yəşbək Dər əl-Ədldə (Ədliyyə evində) məhkəmə çağırdı. Buraya Şeyx Muzəyyəl (baş şafii qazisi ibn Xatıb ən-Nasiri), baş hənəfi qazisi Şəms əd-Din ibn Əmin əd-Dövlə (Şeyx İzzəddinin köməkçisi), baş maliki qazisi Fəth əd-Din, baş hənbəli qazisi Şihab əd-Din ibn Hilal və onun dəvət olunmuş qardaşı ibn əl-Hazuq toplaşmışdı. O, (Yəşbək və yaxud hənbəli qazisi ibn Hilal) dedi: “Yə Rəbbim, yolumuzdan dönməkdən və fitnə-fəsada uymaqdan sənə sığınırıq. (Nəsimi) bəzi ağılsızları yoldan çıxarıb. Onlar kafirlikdə, ilhad və zindiqlikdə Nəsiminin ardınca gedirlər”.
Nəsiminin əleyhinə hənəfi məzhəbindən olan ibn Şanaqşı (yəni Dulusçuoğlu) və şəhər üləması çıxış etdi. Naib (Hələb hakimi Yəşbək) dedi: “Dediyini sübut et, etməsən səni öldürtdürəcəm”. Naib bu cür iddiaları çox eşitmişdi. Nəsimi isə ağzını daim kəlimeyi-şəhadətlə açırdı (“Lə iləhə illə Allah Muhammədun Rasulu Allah” deyirdi). O (Nəsimi) məhkəmədə özü barəsində deyilənləri rədd etdi. Məclisdə olan hənbəli baş qazisi Şeyx Şihabəddin ibn Hilal (əl-Hənbəli) Maliki qazisindən daha yuxarıda oturmuşdu. Bu da Maliki qazisinin xoşuna gəlmədi. (Çünki nüfuzca Maliki qaziləri daha üstün sayılırdı). O (Hənbəli qazisi ibn Hilal), həmin məclisdə Nəsiminin zindiq olması və qətli barədə fitva verdi. Ardınca ibn Hilal maliki qazisinə dedi:
– Nə üçün “Bu zindiq öldürülsün!” demirsən?
Maliki qazisi dedi:
– Sən bu fitvanı yazılı şəkildə verə bilərsənmi?
Dedi:
– Bəli, yazaram.
Fitva yazıldı və surəti Şeyx Muzəyyələ, qazilərə, oradakı üləmaya göstərildi. Onlar fitva ilə razılaşmadılar. Maliki qazisi dedi: Əgər qazilər və üləma razı deyilsə, mən Nəsimiyə bir sənin sözünə görə necə ölüm fitvası verə bilərəm?
(Hələb əmiri) Yəşbək dedi: “Mən Nəsimini öldürdə bilmərəm, çünki Sultan tapşırıb ki, hər iş barədə ona xəbər verim. Gözləyək, görək Sultan nə deyəcək”.
Növbəti məclis Hələb əmirinin göstərişi ilə Ədliyyə evində toplaşdı. Bu müddətdə Nəsimi həbsdə qaldı və məhkəmənin nəticəsi barədə əl-Muəyyədə xəbər verildi. Bundan sonra əmir Yəşbək Nəsimini zirzəmidən çıxartdırıb qala həbsxanasına apartdırdı. Sonra Sultanın əmri gəldi. Əmrdə Nəsiminin dərisinin soyulması və yeddi gün cəsədinin şəhərdə car çəkilib nümayiş etdirilməsi, sonra bədəninin parça-parça edilib hissələrinin Əli bəy Dulqadirə, onun qardaşı Nasir əd-Dinə və Osman Qarayölükə göndərilməsi tapşırılırdı. Çünki Nəsimi həmin adamların əqidəsini korlamışdı.
Bu adam kafir və mülhid idi. Onun dediklərindən Allaha sığınırıq. Amma gözəl şeirləri var idi”. (Sıbt ibn əl-Acəmi əl-Hələbi (v. 1479), Kunuz əz-zəhəb fi tərix Hələb, tahqiq Şauqi Şəs və Falih əl-Bəkkur, cild 2, Hələb: Dər əl-Qaləm əl-Arabi, 1997, s. 125-126.)
Bu parça həm Nəsiminin həyatını, həm də Orta əsrlərdə Məmluk məhkəmə sistemini öyrənmək üçün dəyərli mənbədir. İlk növbədə, burada şairin adının Əli olmasına diqqəti cəlb etmək istərdim. Nəsiminin şiəliyə, xüsusilə imamiliyə bağlılığı, özünün seyid sayılması bu adı məqbul edir. Nəsiminin başqa bir adı kimi Ömərin bəzi türk mənbələrində qeyd edilməsinə münasibət bildirən Kürkçüoğlu bildirir ki, imami və isnə aşariyyə şiə dairələrini təmsil edən şairin Ömər adlanması mühitə uyğun gəlmədiyindən zaman-zaman unudulmuş, onun məxləsi adını üstələmişdir. Ola bilsin ki, sünni məzhəbinin üstünlük təşkil etdiyi doğma Şamaxıda şair Ömər adlanmış, amma həyatının sonrakı dövrlərində şiə dairələrinə yaxınlığı səbəbindən, bu ad onun təxəllüsü tərəfindən üstələnmişdir. Şairin ələvilərə yaxınlığı səbəbindən özünü Əli kimi təqdim etməsi və Hələbdə bu cür adlanması da ağlabatandır. Məlumdur ki, Hələb tarixən şiə şəhəri kimi tanınmış, burada X əsrdə Seyf əd-Dövlənin şiə Həmdani sülaləsinin ağalığı bərqərar olmuşdur. Bu baxımdan, Nəsiminin də məhz bu şəhəri yaşayış üçün seçməsi təbii görsənir.
Sultanlar, hürufilər və əcəmlər. Nəsiminin məhkəməsi Sultan Müəyyədin şairə qarşı barışmaz ədavətini əks etdirir. Amma bunu sultanın mistik yönümlü bidətçiliyi qəbul etməməsi ilə əlaqələndirə bilmərik. Təbii ki, sultanlar ortodoks sünni məzhəbini təmsil edən üləma ilə sıx əməkdaşlıq edir, özlərini onlara dinin qoruyucusu kimi göstərirdilər. Bu hal hər iki tərəfi razı salırdı. Nəsimi məhkəməsində olduğu kimi, sultan özbaşına qərar qəbul etdikdə belə, üləma bunu İslamın qorunması yolunda zəruri addım kimi qəbul edirdi. Digər tərəfdən, məmluklar cəmiyyətinin dini mənzərəsi rəngarəng olduğundan, sultanlar, o cümlədən, Müəyyəd müxtəlif istiqamətləri yaxınlaşdırmağa can atır, yalnız ortodoks sünni məzhəbinə deyil, hətta bidətçi cərəyanlara da diqqət yetirirdilər. Cəmiyyətdə sufilərin də müəyyən nüfuzu var idi. Sultan Müəyyədin bəzən xirqə geyinib sufi səma məclislərinə qatılması barədə məlumatlar var. Məs. o, Siryaqus xanəgahına gedib sufilərin səma məclisinə qatılar, xoşladığı mahnıları təkrar-təkrar dinləyərdi. Bir dəfə “fəqir” dərvişlərin məclisində Sultan Müəyyəd özü də nəğmə oxumuş, bundan ruhlanan dərvişlər həvəslənib rəqs etmişlər. Sultan dərvişlərə ziyafət vermiş və onların xanəgahına yüz min dirhəm bağışlamışdı (Annemarie Schimmel, Some Glımpses).
Deməli, Sultan Müəyyədin Nəsimi barədə amansız hökmü şairin hürufiliyi və sultanın ortodoks təəssübkeşliyi ilə deyil, bir çox nəsimişünasların qeyd etdiyi kimi, siyasi səbəblərlə bağlı idi.
Sonradan biz başqa bir məmluk sultanının, Qansuh əl-Ğaurinin Nəsiminin qəbri üzərində məqbərə tikdirməsinin şahidi oluruq. Bu barədə əl-Ğazzi kimi tanınan Kamil ibn Huseyn əl-Hələbi (v.1932) deyir: Nəsimi 820-ci ildə qətlə yetirilərkən, İsmailiyyənin qərbindəki bir məhəllədə, köhnə bir məsciddə dəfn edildi. Sonra 910-cu ildə (miladi 1504) Sultan Qansuh əl-Ğauri oranı təmir etdirdi (Kitab nəhr əz-zəhəb fi tərix Hələb)
Din, yoxsa siyasət? Nəsiminin bu dərəcədə amansızlıqla qətlə yetirilməsini məmluk sultanlarının İslam daxilindəki bidətçiliyə qarşı mübarizəsi kimi təqdim etmək sadəlövhlük olardı. Düzdür, məmluk sultanları özlərini dinin qoruyucusu kimi göstərirdilər, amma bəzən, yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə bidətçiliyi təmsil edən sufilərin səma məclislərinə də qoşulur, bir sıra məsələlərdə tolerantlıq nümayiş etdirirdilər.
Orta əsrlərdə İslam dünyasında inkvizisiya məhkəmələri tarixinə nəzər saldıqda, kafir kimi edam edilənlərin əslində, hakim qüvvələrə qarşı təhlükə törətdiyinin şahidi oluruq. Nəsiminin dünyagörüşünə böyük təsiri olmuş Mənsur Həllacın (v. 922) görünməmiş bir vəhşiliklə edam edilməsinin səbəbi yalnız onun “Ənəl-Haqq” deməsi olmayıb, həm də ətrafına adamlar yığması, Abbasi hakimiyyətinin zəiflədiyi bir dövrdə siyasi gücə çevrilməsi idi. Bu səbəbdən, E.Karl yazır ki, bu cür bidətçi məhkəmələrdə siyasi səbəblər həmişə əsas yer tutub.
Şübhəsiz, Nəsiminin edamında da bir çox müəlliflərin (Z. Bünyadov, K.Burrill, Q. Paşayev, Gölpınarlı və başqaları) qeyd etdiyi kimi, siyasi motivlər güclü olub. Şairin bədən hissələrinin kəsilib göndərildiyi bəylərin kimliyinə nəzər saldıqda bu, daha aydın görsənir. Bütün bu məsələlər xeyli dolaşıq olub ciddi araşdırmalar tələb edir.
Məmluk sultanlarının Allahsız kimi ittiham edə bilmədikləri şairi şər-böhtanla şərləsələr də, xalqın sərraf gözü Nəsimini göylərə qaldırır. Edamından illər keçsə də, şair bir haqq aşiqi, bir əzabkeş kimi qəlblərdə yaşayır.
Əl-Maqrizi Fəzlullah barədə. Nəsimiyə və ümumiyyətlə hürufilik təliminin yaranıb yayıldığı dövrə ən yaxın mənbələr əl-Maqrizinin (1364-1442) və ibn Həcər əl-Asqilaninin (1372-1449) əsərləridir. Hər iki müəllif Sibt ibn əl-Əcəmidən 30 il əvvəl yaşayıb. Onlar ortodoks sünni məzhəbini və məmluk üsul-idarəsinin maraqlarını ifadə edirdi. Əl-Asqalani baş Şafii qazisi idi və məmluklar dövrünün bir çox hadisələrini şəxsən müşahidə etmişdi. Əl-Maqrizi də hakim dairələrin maraqlarını ifadə edən müəllif idi. O, əvvəl hənəfi, sonra şafii məzhəbini təmsil edib. Əsərlərində Nəsimiyə yer ayrılmasa da, onun “Durar əl-uqud” əsərində Fəzlullah Astarabadiyə ayrıca bir oçerk həsr olunub. Əl-Maqrizi yazır:
“Onun adı Abd ər-Rəhman, kunyəsi Əbu l-Fəzldir. O, Seyyid Fəzlullah Halalxor kimi tanınır. Allah Təala yolundə təcrid və zühd məsləkinə qədəm qoyub heç kimin təamını dadmamışdır. O, papaq tikib satır, bu yolla bir təhər dolanırdı. Kitablar yazmışdı ki, onlardan “Ərş-namə” və “Xab-namə” fars dilində nəzm əsərləridir. Onun bir çox davamçıları var idi. Ona bir çox deyimlər aid edilir. Onun Gilandakı məclisinə fəqihlər yığışırdı. Səmərqənddə də məclisi var idi. İş o yerə gəlib çatdı ki, o, Əlincədə həbs edildi və orada da (öldürülüb) dəfn edildi. Bu (tarixdə), 804-cü ilin Təbriz hadisəsi sayılır. Onun Məşriq, Şam və Misirdəki davamçıları saya gəlməz. Onlar ağ baş örtüyü və ağ geyimləri ilə fərqlənirdilər. Onlar insanları kafirliyə, haram işlərə baş qoşmağa, fərz olan dini qaydalara əməl etməməyə çağırırdılar. Bu yolla onlar bir çox adamın əqidəsini korladılar. Əmir Teymurun oğlu, İlxani sultanı Muinəddin Şahrux onların ölkəsindən sürgün edilməsi əmrini verdi. Bu zaman iki nəfər ona hücum etdi; belə ki, cümə günü məsciddə Şahruxa sui-qəsd edib onu bərk yaraladılar. Onlar hər ikisi qətlə yetirildi, İlxan isə ayağa qalxa bildi, amma bu yara ona ömrü boyu əziyyət verdi”.
Gördüyümüz kimi, əl-Maqrizi Fəzlullahı ilk növbədə bir sufi kimi təqdim edir; o, halal-haram məsələsində (sufizmdə bu, vara adlanır) olduqca diqqətlidir. Bu səbəbdən, halal-xor kimi tanınır. Fəzlullahın təcrid yolu tutması, yəni bir növ xəlvətə çəkilməsi, tərkidünya olub dünya malına göz dikməməsi də onu süfilərə yaxınlaşdırır. Bu məlumat həm də hürufilərin şəhər sənətkarlarını təmsil etdiyini göstərir. İlk sufilər haram yeməkdən uzaq olmaq üçün ya çırpı, ya da su satırdılar; bununla onlar sadəcə öz zəhmətlərini satıb gündəlik ruzilərini qazanırdılar (bu barədə E.G.Bertelğs, Proisxojdenie Sufizma i zarojdenie Sufiyskoy literaturı). Zaman-zaman şəhərlərin inkişafı ilə sufizmin şəhər sənətkarları arasında dayaqları yaranır. Bu baxımdan, hürufi Fəzlullahın da papaqçılıq etməsi maraq doğurur (Shahzad Bashir, Fazlallah Astarabadi).
Əl-Maqrizi Fəzlullahın davamçılarının yalnız şərq əyalətlərində deyil, Şamda və Misirdə də çox olmasını qeyd edir. Məlumdur ki, bu ərazilərdə hürufiliyin yayılmasında Nəsiminin böyük rolu olub. Əl-Maqrizi məlumatından Fəzlullahın şeyxi, müridləri, xüsusi geyim tərzi, doktrinaları olan bir təriqət yaratması anlaşılır. Bu məlumat həm də hürufilərin siyasi həyata müdaxilə səbəbindən (Şahruxa sui-qəsd edilməsi) təqiblərə məruz qalmasını bildirir. Ortodoks sünni məzhəbini təmsil edən müəllif Fəzlullahın davamçılarının insanların əqidəsini korlamasını qeyd etməsini unutmur, amma hürufilik təliminin adını çəkmir və Fəzlullahın təliminin mahiyyətinə toxunmur.
Əl-Maqrizinin məlumatından Misir və Şamda hürufilərin ağ geyimli olması anlaşılır. Halbuki Təbrizdə fəaliyyət zamanı hürufilər yaşıl geyimə üstünlük vermişlər (Shahzad Bashir, Fazlallah Astarabadi). Şam və Misir hürufiliyi Nəsiminin təsiri altında olub. Görünür, ağ geyim də hürufiliyə Nəsiminin gətirdiyi geyim tərzi olub.
Baş Şafii qazisi əl-Asqalani Nəsimi və hürufilik barədə. Nəsimi və hürufilik barədə dəyərli mənbələrdən biri də ibn Həcər əl-Asqalanının yuxarıda adını çəkdiyimiz “İnbə əl-ğumr” (Toplumların xəbərdar edilməsi) əsəridir. Bu əsərdə müəllif Fəzlullah və Nəsimi barədə bioqrafik məlumat verməklə kifayətlənməyib, onların təliminin bəzi cəhətlərinə də toxunur. Bundan əlavə, əl-Asqalani Nəsimi təlimini hürufilikdə “nəsimiyyə” adlanan ayrıca bir istiqamət kimi təqdim edir və onun ideyalarının və kitablarının edamından sonra da adamlar arasında yayıldığını göstərir. Qeyd edək ki, Şəmsəddin əs-Səxavi (v.1497), ibn İyas əl-Əcəmi (v.1524) və ibn İmad əl-Hənbəli (v.1678) kimi müəlliflər cüzi əlavələrlə əl-Asqalaninin məlumatını təkrarlayıblar. Əl-Asqalaninin “İnbə əl-ğumr” əsərindən müvafiq parçalarla tanış olaq. Əsərdə Fəzlullaha həsr olunan oçerkdə deyilir: “Fəzlullah ibn Əbi Muhamməd ət-Təbrizi bidətçilərdən olan tərkidünya insan idi. O, Allahın insanla vəhdətini (ittihadiyyə) əsas götürənlərdən idi. Sonra o, hürufilik adlı təriqətin əsasını qoydu. O, hərflərin insanın əsl mahiyyəti olduğunu iddia edirdi ki, bundan da bir çox əsassız xürafatlar doğurdu. O, Teymurləngi öz bidətçi dininə dəvət etdi, Teymur isə onun qətlinə fərman verib bu işi oğluna tapşırdı. Oğlu onun yanına gələn Fəzlullahın boynunu öz əli ilə vurdu və bu barədə atasına xəbər göndərdi. Teymur ona Fəzlullahın başını və cəsədini göndərməyi tapşırdı. O, Fəzlullahın cəsədini yandırtdı. Bu, həmin (804-cü) ildə baş verdi. Onun davamçılarından Nəsim əd-Din ləqəbli biri məşhurlaşdı. Sonra o, edam edildi; Müəyyədin hakimiyyəti dövründə – 821-ci ildə Hələbdə dərisi soyuldu”.
Məlumdur ki, Fəzlullah Astarabad şəhərindən olub və tarixdə də Fəzlullah Astarabadı kimi tanınır. Əl-Asqalaninin onu Təbrizi kimi təqdim etməsi hürufilik liderinin ömrünün müəyyən hissəsini Təbrizdə keçirib, təlimini burada yayması ilə bağlı idi. Ərəb mənbələrində o, həm Təbrizi, həm də Astarabadi kimi təqdim olunur.
Əl-Asqalaninin Nəsiminin özünə həsr etdiyi oçerk də böyük maraq doğurur. O, hicri 821-ci ilin hadisələrində Nəsimidən və onun bəzi davamçılarından bəhs edib yazır: “Həmin ildə (h. 820/821) Şeyx Nəsim əd-Din Təbrizi qətlə yetirildi. O, Hələbdə məskən salmışdı (burada gəlmə idi). O, hürufilik şeyxi idi. 804-cü ilin hadisələri zamanı onun şeyxi Fəzlullahdan bəhs etmişdik. Ona (Nəsimiyə) gəlincə, o, Hələbdə məskən saldı və burada onun ardınca gedənlər çoxaldı, bidəti yayıldı, xəbər gedib Sultana çatdı, Sultan da onun edamını əmr etdi. Boynu vuruldu və dərisi soyuldu və çarmıxa çəkildi. Şərəfli sultanların hakimiyyətində onun davamçılarından bəzisinin başına işlər gəldi; onun etiqadını əks etdirən kitablar yandırıldı və (bu kitabı əldə edənlərin) islahına çalışıldı. Həmin adam and-aman etdi ki, bu kitabda nə yazılmasından xəbərsizdir; həmin kitabı bir şəxsdə görüb almış, orada maraqlı hekayələr olmasını zənn etmişdir. Kitab sahibi həmin kitab barədə günahsız olmasını bildirdikdən, kəlmey-i şəhadətini söylədikdən, İslam ehkamlarına bağlılığını bildirdikdən sonra onu azad etdilər. Bu hadisənin baş verməsinə səbəb Şamdan nüfuzlu bir şəxsin (Misirə) gəlib hələ də bu adamların (hürufiləri) təqib edilməli olduğunu bildirməsi idi. Bu adama Şamda hürufilər əleyhinə fəaliyyətə icazə verən yazılı fərman verildi. Sonra bir nəfər də Antakiyadan gəlib onlar (hürufilər) barədə bir çox işlər söylədi. Ona da Antakiyada hürufilər əleyhinə fəaliyyət üçün yazılı sənəd verildi. Bu hadisə 841-ci ildə baş vermişdi”.
Təbrizli yoxsa Şamaxılı?
Ərəb mənbələrindəki digər mühüm məsələ Nəsiminin Təbrizi (Təbrizli) adlanmasıdır. Biz əslən Astarabaddan olan, əsərlərini də fars dilinin Astarabad ləhcəsində yazan Fəzlullah əl-Astarabadinin də bu adla adlanmasını görürük. Təbriz Azərbaycanın mədəniyyət mərkəzi olduğundan həmin ərazidən olan Fəzlullahın, eləcə də Şama gəlib azəri türkcəsində danışanların, o cümlədən, Nəsiminin Təbrizi adlanması təbiidir.
Yuxarıdakı parçalarda Nəsimi “Nəsim əd-din” kimi təqdim olunur, yəni Nəsim sözü şairin anadan olduğu yer mənasını ifadə edə biləcək nisbə (Nəsimi) kimi deyil, məxləs, ləqəb kimi işlənir. Bu kiçik ştrix Nəsiminin hansı isə Nəsim adlı bir yerdən olması fikrini rədd edir. Nəsimidən təxminən bir əsr sonra yaşamış Lətifinin öz təzkirəsində bu cür yanlış mülahizə yürütməsi sonradan ədəbiyyatşünaslıqda Nəsiminin Bağdad yaxınlığında Nəsim adlı bir yerdə anadan olması barədə səhv fikir yaratdı (Latifi, Tezkere-i Latifi). Ərəb coğrafi mənbələrində belə bir yer adı qeydə alınmasa da, bu fikri qəbul edənlərdən biri Gibbdir. Gibb Nəsimi barədə oçerkində ərəb mənbələrinə əsaslanmadığından, görünür, bu mənbələrin varlığından xəbərdar olmadığından Lətifinin məlumatını düzgün hesab etmişdir. Təəssüf ki, Qəzənfər Paşayev də bu fikrə şərik çıxmışdır: “Bizə qalırsa, şairin Nəsim kəndində anadan olması və Nəsimi nisbəsini buradan götürməsi ehtimalı daha inandırıcıdır” – demişdir (Qəzənfər Paşayev “Nəsimi haqqında araşdırmalar”, Bakı 2010, Qarabağ nəşriyyatı. s. 43). Halbuki yuxarıdakı mətndən də göründüyü kimi, Nəsimi şairin nisbəsi deyil, məxləsidir.
Qeyd etmək lazımdır ki, Təbrizlə yanaşı, Nəsiminin Şirvandan olması fikri də ağlabatandır. Çünki Salman Mümtaz onun məhz Şamaxıdan olmasını iddia etmiş, Şamaxı yaxınlığındakı Şaxanda (Şah Xəndanın təhrif olunmuş şəkli) qəbiristanlığının Nəsiminin qardaşı, “Julidəmi” məxləsi ilə şeirlər yazan Şah Xəndanın adından alınmasını bildirmişdir. Salman Mümtaz həmin qəbrin ziyarətgah olmasını qeyd edir (Salman Mümtaz, Azərbaycan ədəbiyyatının qaynaqları, Bakı, 2006, ss. 292, 298). Salman Mümtazda Nəsiminin ən qədim, bəlkə də avtoqraf əlyazması olub. Həmin əlyazmanın əvvəlində şairin bir-neçə səhifəlik tərcümeyi-halı da var imiş. Təəssüf ki, həmin əlyazma da qırmızı terror illərində yoxa çıxdığından, Nəsiminin şamaxılı olması barədə Salman Mümtazın mülahizəsi sanki təsdiqini tapa bilmir. Amma son vaxtlar Firudin Qurbansoy şairin poeziyasının dil xüsusiyyətlərinə əsaslanaraq onun Şirvan mühitini təmsil etməsi ilə bağlı dəyərli mülahizələr söyləmişdir. Bu tədqiqat şairin həqiqətən də Şamaxıdan olması fikrini gücləndirir. (Firudin Qurbansoy, İmadəddin Nəsimi, Bakı: Elm, 2019, ss.13-31).
Nə üçün dəri?
Nəsiminin bu üsulla edamında bir məna gizlənibmi, yoxsa bu adi bir işgəncə növüdür? Quranda, Fussilət surəsində (ayə 21) deyilir ki, Allah dəriyə dil vermişdir və o, Qiyamət günü insanın üzünə durub onun əleyhinə şahidlik edəcək:
Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz (axırda) Ona qaytarılacaqsınız” (tərc. Əlixan Musayev).
Hürufilikdə dərinin xüsusi önəmi var. İnsan dərisi, xüsusilə üz ilk növbədə üzərində ilahi hikmətlərin açarı olan hərfləri gəzdirir; insanın xətt-i xalı, yeddi cərgə anadangəlmə tük cərgəsi məhz dəridə əks olunub. Qaş, göz, kiprik, ləb, zülf, xal, zənəxdan kimi üz cizgiləri dəridə bərqərar olub (Fazlullah Esterabadi, Cavidan-Name, Dürr-i Yetim). Bu mənada dəri əslində, insan adlı müqəddəs yazının əks olunduğu bir perqamentdir.
Digər tərəfdən, bir sıra şiə təlimləri kimi hürufilik də batiniliyə meylli idi. Onların söz altda söz, məna altda məna axtarmaları Quranın zahiri anlamını rədd etmələrindən gəlirdi. Əslində, dəri də zahirdir. “Taxt-tac oyunu” qəhrəmanlarından birinin dediyi kimi, lüt insan özündə nə isə gizlədə bilir, dərisi soyulmuş insan isə heç nə gizlədə bilməz”. Hər bir mistik zahirdən uzaqlaşıb batinə can atır. Burada qəribə bir müşahidəmizi də bölüşmək istərdik. Fəzlullahdan bəhs edən ərəb mənbələri onu “zahid”, “asket” anlamına gələn “mutəqaşşıf” sözü ilə anırlar. Bu sözün alt qatlarında “dərisi çat-çat olmuş adam” mənasını da görürük. Deməli, ezoterizmə meyl özü bir növ dərinin çatlaması, bir az da irəli getsək, soyulması ilə bağlı assosiasiya yaradır.
Yuxarıda “Cavidan-namey-i sağırın” tərcüməsi kimi qeyd etdiyimiz “Dürr-i yetim” də biz Quran ayələrindən birinin spesifik izahını görürük. Bu, “Aşılanmış dəri üzərində yazılmış kitaba and olsun!” (Q. 52:2-3), va-kitabin məsturin fi raqqin manşurin ayəsidir. Hürufilərə görə, ayədə anılan aşılanmış dəri insan siması, yazılmış kitab isə onun üzündəki anadangəlmə yeddi cərgə tükdür. Nəsimi şeirində buna çoxsaylı işarələr görürük:
Üzündür Turi-Sina, rəqq-i mənşur,
Bilindi üştə gör nurun-alə-nur
Və yaxud
Lövh-ü Tövrat-ü Zəbur, Incil-ü Fürqan, həm sühuf,
Həm kəlam-i natiqəm, həm rəqqinin mənşuruyam.
Və yaxud
Yeddi ayətdir ki, yazmış dəst-i pak-i ləm yəzəl,
Xətt-i mişkin rəqq-i mənşur üstünə məsturdur.
Və yaxud
Üzündür lövh-i Musa, qamətin Tur,
Xətin Fürqan, üzündür rəqq-i mənşur.
Və yaxud
Yəqin, yarəb, üzündür rəqq-i mənşur,
Məhəmməd şər i andan oldu məşhur.
Burada belə bir sual meydana çıxır: Bir halda ki, hürufilikdə dəri bu qədər önəmli idi, Nəsiminin qətli dəriyə verilən bu metaforik, metafzik mənalarla əlaqəli ola bilərdimi? Əgər məmluk sultanları mistik təcrübə və ezoterik bilgilər tarixini bilsəydi, bəlkə də bu cür düşünmək olardı. Amma onların dini məsələlərdə biliyi dayaz idi. Bu səbəbdən, Sultan Müəyyədin dərin ezoterik təlimin mahiyyətinə varıb belə bir hökm verməsini düşünməyimiz mübahisəli görsənir. Bu cür amansız və işgəncəli qətl sadəcə kütlələrə psixoloji təsir məqsədi güdürdü.
Nəticə.Hürufiliyin və Nəsiminin həyat və fəaliyyətinin məmluk mənbələri kontekstində öyrənilməsindən aşağıdakı nəticələr hasil olur:
* Nəsiminin həyat və fəaliyyətini öyrənmək üçün şairə zaman baxımından ən yaxın əsərlər kimi məmluk mənbələri xüsusi önəm daşıyır.
* Təqiblərdən qaçan hürufilərin məskunlaşıb öz ideyalarını yaydığı Suriya və Misirdə hürufilik Nəsiminin adı ilə bağlı olub “Nəsimiyyə” kimi tanınmışdır. Nəsiminin ideyaları burada türk əhali arasında daha geniş rəvac tapmışdır.
* Nəsimi bu ərazilərdə Təbrizdən gəlmiş Əli Nəsimi və ya Nəsim əd-Din kimi tanınıb.
* Nəsimi Misirdə ibn Ərəbi davamçılarından biri kimi tanınmış və ibn Ərəbi əleyhinə başlanan repressiyalar hürufilik kitablarını da əhatə etmişdir.
* Nəsiminin edamına Həllacsayağı “Ənə l-Haqq” deyimləri ilə yanaşı, həm də siyasi fəaliyyəti səbəb olub.
* Nəsimi Sultan Müəyyədin əmri ilə dərisi diri-diri soyulmaqla qətlə yetirilib.
* İslam dünyasında dəri soymaqla öldürmə əsas edam növü olmasa da, bu üsula ara-sıra müraciət edilib.
* Hürufilikdə dərinin xüsusi metafizik mənası olsa da, ezoterik bilikləri dayaz olan Məmluk Sultanı bu metoda əzablı bir işgəncə növü kimi müraciət edib.
Elmdə, ürfanda ümman olan şair
Azərbaycan, ərəb, fars dillərində şeirlər divanı yaratmış İmadəddin Nəsimi böyük din alimi, filolosof və mütəfəkkir bir şəxsiyyət idi. Yaşayıb-yaratdığı zamandan 650 illik bir dövr keçsə də, o, sanki bu günün və sabahın şairidir, müasirimizdir. Xalq ruhu, xalq dünyagörüşü və idrakı Nəsimiyə qədər heç bir şairdə bu qədər coşqun və sönməz bir ilhamla, sonsuz məhəbbət və dolğunluqla öz əksini tapmamışdır.
Nəsimi yaradıcılığı ilə yaxından tanış olduqda görmək olur ki, o, nə qədər ülvi və yüksək ideallar səmasında bərq vuran bir ulduzdursa, o qədər də xəlqidir, sadədir, anlaşılandır, xalq məfkurə idealına yaxındır, əlçatandır. Onun baharın gəlişinə həsr etdiyi misralara diqqət edək:
Bahar oldu və açıldı üzündən pərdə gülzarın,
İrişdi qönçənin dövrü, zamanı qalmadı xarın.
Bir gün bazar edər gülşən səməndən laləvü güldən,
Qənimət gör ki, beş gündür tamaşası bu bazarın.
Baharın təsvirinə həsr edilmiş bu beytlərdə nə qədər təbiilik, reallıq varsa, bir o qədər də dil və üslub sadəliyi, ifadə gözəlliyi mövcuddur.
Nəsimi əxlaqın və fəlsəfənin kökündə dünyəviliklə qoşulmuş sırf azərbaycanlı mədəniyyət və əxlaqi durur. Bu kökünə və milli varlığına bağlılıq Nəsimi yaradıcılığına qida və ölməzlik verən ən başlıca mənbə və cövhərdir. Böyük şair sələflərinin elmi və bədii yaradıcılığından, xalqınınn bilik xəzinəsi olan folklordan aldığı təəssüratları əsərlərində yaradıcı şəkildə dönə-dönə əks etdirməklə bu mövzuları daha da zənginləşdirmiş, inkişaf etdirmişdir.
Nəsimi istər adi bir fərd, bəşər övladı, istərsə də müqtədir bir şəxsiyyət kimi öz varlığını və insani missiyası dərindən dərk edir, dünya və cəmiyyət haqqında düşündüklərini oxucularına bədii fəlsəfi bir üslubda anlatmağa çalışırdı. Sanki bu missiya onun boyuna biçilmişdir. O, bir kamil insan kimi haradan gəlib haraya getdiyini, qadir bir varlıq olan insanın bu dünyada nə etməli olduğunu, nələr edə biləcəyini dəqiq bilən bir alim, təriqət və cəmiyyət lideri idi:
Yarəb ol pakizə gövhər kim, bəşərdir surəti,
Qanğı aləmdən gəlir, adı nədən insan olur?-
Söyləyən şair insana böyük dəyər verməklə yanaşı, onun doğru bir amala, əqidəyə sahib olmasını da vacib sayırdı. Şairə görə o adam arifdir, irfan əhlidir ki, Allahını, haqq olanı tanıyır. Ona görə kim ki, haqqı bilmir, o, şeytan kimi Allaha və onun hökmünə biganədir.
Arif biləndir rəbbini,
gəl rəbbini gör, arif ol,
Həqdən bu məhcub olan,
şeytan kimi biganədir.
Nəsimi əsl elm və irfan sahiblərinə yüksək dəyər verərək bəzilərinin bu adı doğrultmadıqlarını, zahirdə özünü alim kimi təqdim etsə də, əslində cahilin biri olduğunu həmişə ifşa edir və göstərir ki, bizim belələri ilə daim mənəviyyat davası aparmağımız bütün xalqa bəllidir:
Aliməm dedin və lakin cəhlin
oldu aşikar,
Gördülər cümlə xəlayiq
mənliyi dəvamızı…
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə bu gün də düşüncələri tarıma çəkən Nəsimi yaradıcılığının təsviri sənətdə təcəssümü, yaradılan əsərlər baxımından zəngin olmaqla bərabər, ayrı-ayrı müəlliflərin özünəməxsus yanaşmasını da ortaya qoyur.
Sağlığında və ölümündən sonra dini fanatizm və xurafatın hədəfinə çevrilən şairlə bağlı XIV-XV əsrlərdə milli təsviri sənətdə (miniatür sənətində) yaradılmış əsərlər, demək olar ki, yoxdur. Dövrümüzə gəlib çatmış Nəsimi ünvanlı ən qədim təsvirlərdən biri XVI əsrə aiddir. Aşiq Çələbinin “Şairlərin şeirləşməsi” əlyazmasında yer almış bu təsvir İ.Nəsiminin ondan yaxşı yaradılacaq çoxsaylı portretlərindən kəskin şəkildə fərqlənir. Şairin qayalıq qarşısında, ağacların arasında qolları açıq bəyaz geyimdə təsvirində onun irfan əhli olmasında işarə duyulmaqdadır. Başqa bir müniatür üslublu təsvirdə isə İ.Nəsiminin edamı səhnəsi əks olunub. Bütün bunlarla yanaşı Nəsimiyə həsr olunmuş rəngkarlıq əsərləri arasında sujetli tablolar və portretlər üstünlük təşkil edir…
Səni bu hüsnü camal ilə görüb
Azərbaycan torpağında Nəsimi zirvəsi var. Bu zirvədən günəş doğur. O günəş ki, qürub edər, ancaq heç vaxt batmaz.
Gəldi yarım nazilə, sordu, Nəsimi, necəsən?
Mərhaba, xoş gəldin, ey xırda dəhanım, mərhaba!
Altı yüz əlli ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yazın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, məsləki uğrunda dara çəkilib dərisi soyulan, son nəfəsində belə öz sözündən dönməyən bu mərd insanın faciəli ölümü şairlərin şeirində, aşıqların sazında tərənnüm edilir.
Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkirə təsir göstərmişdir. Klassik şairimizin odlu poetik nəfəsindən hərarət saxlayan qaynaqlardan biri də XVI əsrdə Aşıq Çələbi tərəfindən tərtiblənmiş “Məşairüş-şüara” adı ilə tanınan təzkirədir.
Həyatı və yaradıcıllığı əsl vətəndaş hünəri timsalı olan İmadəddin Nəsiminin qüdrətli səsi əsrləri adlayaraq bizə gəlib çatmışdır. Nəsimi Azərbaycan xalqının həqiqətən böyük oğludur, çünki öz ana dilində ilk dəfə yazıb-yaratmışdır və şairin hünəri heç vaxt unudulmayacaqdır. Nəsimi ana dilindən ustalıqla istifadə etmiş, anlaşılır tərzdə, bir sözlə, xalqın dilinə yaxın tərzdə yazmışdır.
O uzaq, o qədim lisana bir bax!
Büllur bulaq kimi süzülər, çağlar.
Əsər var yazılıb otuz il qabaq,
Otuz cür lüğətə ehtiyacı var…
(Qabil Nəsimi poemasından)
Alovlu insanpərvər şair yaşadığı cəmiyyətdə səadət, ədalət, həqiqət görmədiyi üçün kədərlənir, onun şeirlərində xalqın taleyini dərindən duyan insanpərvər sənətkarın iztirab və kədərləri, üsyankar ruhu səslənir. Nəsimi cəmiyyətdəki zülümdən və özbaşınalıqdan şikayətlənir, zülmü, ədalətsizliyi soyğunçuluğu pisləyir. Doğruluğu, haq-ədalət və xeyirxahlığı tərənnüm edir. Humanist şair insan ləyaqətini alçaldan, onun mənəvi azadlığını buxovlayan feodal dünyasına qarşı alovlu etiraz səsini qaldırdı.
Hərgiz zəmanə kimsəni xoşund qılmadı,
Hər fel nəmüvafiqu hər fel nasəvab-
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Yaxın Şərq ədəbiyyatına gətirdiyi humanist ideyaları davam və inkişaf etdirən böyük sənətkar insana, insan ləyaqətinə, qüdrətinə olan yüksək inamını tərənnüm edərək şeirlərində insanı həyatın yaradıcısı, həyatı gözəlliklərin əsl mənbəyi kimi vəsf etmişdir. Nəsimi sənəti bütövlükdə insan gözəlliyinə, insan qüdrətinə heyranlıqla dolu bir himn kimi səslənir. Ancaq bu gözəllik, bu qüdrət dünyada bütün insanlara deyil, yalnız özünü tanımış, dərk etmiş kamil insanlara xasdır. Məhz buna görə şair kamil insanı “canımın canənəsi” adlandırır, ona səcdə etməyin vacib olduğunu göstərir.
Nəsimi yaradıcılığından ilk dəfə əsaslı şəkildə bəhs edən ədəbiyyat tariximizin tədqiqi və nəşri sahəsində müstəsna xidmətlər göstərən Salman Mümtaz olmuşdur. Tədqiqatçı tərtib etdiyi “Seyid İmadəddin Nəsimi. Əsərləri” kitabını giriş məqaləsi ilə 1926-ci ildə çap etdirmişdir. Ulu öndər Heydər Əliyev Xalq şairi Qabilin “Nəsimi” poeması haqqında bu fikirləri söyləmişdir: “Qabil Nəsimi haqqında mənzum romanını çox böyük ustalıqla yazmışdır. Doğrudan da bu çox böyük iş idi və Qabil bu işin öhdəsindən layiqincə gəldi. Bu həqiqətən dövlət mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin işi deyil. Qabil bunun öhdəsindən gəldi”.
Yəqin ki, Qabili Nəsiminin bədii surətini yaratmağa sövq edən ilk amil-bu qeyri-adi tarixi hadisə olmuşdur. On illik yaradıcılıq axtarışının və gərgin əməyin, mütaliyə və tədqiqatın, Şamaxıdan Hələbə qədər səyahətin, şərqşünas alimlərdən, Nəsimi bilicilərindən öyrənməyin məhsulu olan bu dastanda, bəzi ricət və müəllif nitqi istisna edilərsə, Nəsimi danışır. Qabil hadisələri Nəsiminin dili ilə nəql edir. Xatırladaq ki, bu əsər 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb. Məktəblilərdən biri səhnəyə yaxınlaşaraq adı gedən poemadan bir parçanı səsləndirir.
Fəsillərin ən gözəli, əzizi,
İnsanların ən yaxşısı, təmizi
Bu yollarda yoldaş olub mənimlə,
Bu yollarda qardaş olub mənimlə.
Sağdışım-
İlk bahar-Fəsli-gülüstan,
Soldışım-
Safiyə başçısı Orxan…
Gedirəm, dalıram fikrə, xəyala,
Dilimdə, gözümdə Əli ül Əla.
Rumun ən qüdrətli söz sərkərdəsi-
Hürufi şair!
Fəzlullah atamın nəfəsi, səsi-
Hürufi şair!
Bura nədir? Ürfan evi! Söz kaşanəsi.
Şeyx Sədrəddin Qünyəvinin kitabxanəsi.
O, həm mədrəsədir, həm də xanəgah.
Misirdə, müridə nişangah, pənah.
Bu xəznənin sahibidir Əli ül Əla.
Bu xidmətdə şair tapıb ömrünə məna.
Hər vərəqə, hər bir sətrə pasiban durub,
Ancaq, ancaq bir kitabın keşiyindəsə
Şair Əla etiqadla ürək yandırıb.
Hücrələrin havasını təmizləyir yaz,
Günəş yekrəng cilidləri boyayır əlvan.
Qabilin dedikləri: “Hələbdə Nəsiminin adını daşıyan köhnə bir küçə var. Böyük söz ustadının məqbərəsi oradadır. Yerli sakinlər Nəsiminin öz vətəni, öz dili olduğunu bilirdilər. Onlar bilirdi ki, Nəsimi doğma xalqının oğludur. Bu xalq isə bizik.
Mənsur: “Ənəlhəq!” söylədi ,
“Mürtəddir!” – Elan etdilər.
Mənsur “mənəm həqq” söylədi,
Bağdadda edam etdilər.
Böyük Azərbaycan şairi, filosofu və mütəfəkkiri İmadəddin Nəsiminin əbədi uyuduğu Hələb şəhərinin (Suriya) milli muzeyinə bu poeziya klassikinin heykəli hədiyyə verilmişdir. Şairin tunc heykəli respublikanının Əməkdar rəssamı, heykəltəraş Albert Mustafayevin iştirakı ilə Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən yaradılmışdır. Şair əyləşmiş və dərin fikrə qərq olmuş vəziyyətdə təsvir edilmişdir. Onun şəxsiyyətinin qeyri-adiliyi və daxili ruh yüksəkliyi çox bariz şəkildə verilmişdir.
İ.Nəsimi klassik Azərbaycan ədəbiyyatı tarixini tədqiq edən dünya şərqşünasları və türkoloqlarının daim diqqət mərkəzində olmuşdur. Nəsiminin əlyazma xəzinələri və kitabxanaların yaraşığı və fəxri olan bu əlyazma nüsxələri şairin ədəbii-bədii irsinin gözəl nümunələridir. Şairin aftoqrafları elm aləminə məlum deyildir. Onun əsərləri əsasən başqaları tərəfindən köçürülərək zəmanəmizə qədər gəlib çıxmışdır.
Nəsimi sözə dəyər verən şairdir. O, şeirlərində, xüsusi ilə rübailərində hikmətli sözlərdən məharətlə istifadə etmişdir. Həqiqətin carçısı olan sənətkar “Doğru söz acı olar” misalından yaradıcı şəkildə faydalanır:
Ol bilir həqqi ki, yalançı deyil.
Hər kim yalan söylər, ol naci deyil.
Həccə doğru varmayan Hacı deyil,
Doğru söz doğrulara acı deyil.
Ümumiyyətlə, Nəsiminin hikmətli sözlərə olan münasibətini dürüst müəyyənləşdirmək, təhlil etmək xüsusi tədqiqat mövzusudur. Xalq yaradıcılığının zəngin xəzinəsindən sənətkarlıqla istifadə etmiş böyük şair Nəsiminin öz sözləri indi qədirşünas xalqımız tərəfindən sevilə-sevilə təkrar olunur, zərb məsəllərə çevrilir:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu miskin aşiqi, sərpa soyarlar ağrımaz. Hürufilikdən bəhs edərkən Nəsimidən danışmamaq olmaz. Hürufilər mübariz vətənpərvərlər idilər. XIV əsrdə “məğlubedilməz” Teymur orduları Azərbaycana basqın etdikləri zaman Naxçıvanda Əlincə (Ərincə) qalası qarşısında uzun müddət acizlik göstərib susmağa məcbur olmuşdur. Bunu bir başqa səbəblərlərlə bərabər əsasən hürufiliyin Naxçıvanda daha qüvvətli olması ilə də izah etmək olar. Nəimi öldükdən sonra onu Naxçıvan və Əlincə ətrafındakı hürufilərin müqəddəs mərkəzi olan Xaneqahda dəfn etmişlər. Nəiminin şagirdlərindən birisi onun haqqında yazdığı şeirində Nəimini Zərdüştə, “Cavidnaməni” “Avestaya” və Xaneqahı da atəşgədəyə bənzətmişdir.
Dilrüba Nəqşicahanda bir Əlincə dağı var;
Zirvəsindən yan keçər şimşək, buludlar dağılar.
Dövrəsində tarimar olmuş sərasər yığılar
Zərbələrdən öylə bilmişlər qiyamətdir nədir,
Torpağımda yüksələn rəmzi mətanətdir, nədir?! …
Hələbdə Nəsiminin tərəfdarlarının çoxalması din xadimlərini təşvişə salır, onların fətvası ilə Nəsimi zindana salınır və 1417-ci ildə asılaraq dərisi soyulur. Deyilənlərə görə, şairin edamını təşkil edən din xadimi “Bu elə bir məlundur ki, hara qanından bir damla sıçrasa, oranı kəsmək gərəkdir” demiş. İşə bax ki, şairin qanından bir damla həmin din xadiminin barmağına düşmüş, barmağının kəsilməsini istəyənlərə “mən söz olaraq demişdim” söyləmişdir.
Al-qan içində inləyən, həyatın son anlarını yaşayan Nəsimi burada bədahətən “Ağrımaz” qəzəlini söyləmişdir.
Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır. Nəsiminin ölümü gözəl ölümdü. Deyirlər onu soymağa dabanından başlamışlar, lakin o idealından dönməmişdir. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:
-Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?
Nəsimi qürurla cavab verir:
-Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqlərində doğmuş eşq günəşiyəm. Günəş qürub edəndə saralar.
Nəsimini diri-diri soymaq, şaqqalamaq, onu sındırmaq olardı, lakin əymək olmazdı. Azərbaycan oğlunun bu ibrətli ölümü, xalqımızın, onun davam edib gələn nəsillərinin iradəliliyi, dönməzliyi rəmzi olmuşdur. Bu ölüm sözün əsl mənasında poeziyaya çevrilmişdir. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimi könüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir. Azərbaycanın əbədi şəxsiyyəti…
Böyük şair-filosof İmadəddin Nəsimi dərin, sarsılmaz inam və işıqlı ideal sahibi olub. Sözün böyük mənasında heyrət doğuran cəhət budur ki, Nəsimi öz həqiqətini, öz “ənəlhəq” ini yalnız poeziyasının qüdrəti ilə deyil, şəxsi dönməzliyi, fədakarlığı ilə-əfsanələrə çevrilmiş mərdanə və amansız ölümüylə təbliğ və təsdiq etdi.
Bayrağa çevrildin, qanlı bayrağa,
Axıb üz-gözünü örtdükcə qanın.
Elə bil, boylanıb baxdın uzağa,
Uzaq sabahına Azərbaycanın! (Xalq şairi Qabil)
AYNUR TURAN
Gundelik.az
