İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Fələstini tanımaq təşəbbüsünü kəskin tənqid edib.
Gundelik.az xəbər verir ki, Netanyahunun Fransa liderinə ünvanladığı məktubun mətnini “Politico” yayıb. İsrail hökumət başçısı bildirib ki, Makronun bu mövqeyi antisemitizmin artmasına zəmin yaradır:
“Fələstin dövlətinin yaradılmasına çağırışınız antisemitizm atəşinə yağ tökür. Bu diplomatiya deyil, sakitləşdirmədir”, – Netanyahu vurğulayıb.
Onun sözlərinə görə, Parisin təşəbbüsü Qəzzada İsrailə qarşı vuruşan HƏMAS hərəkatını ruhlandırır, həmçinin təşkilatın israilli girovları azad etmək istəksizliyini gücləndirir və Fransada yəhudilərə qarşı nifrəti artırır.
“Politico”nun məlumatına görə, Yelisey Sarayı artıq Netanyahunun məktubuna cavab verib. Fransa hakimiyyəti yəhudi icmasının daim qorunacağını bəyan edib, İsrail baş nazirini manipulyasiyada ittiham edərək daha məsuliyyətli davranmağa çağırıb. Makronun ofisi məktubun “səhv” olduğunu bildirib və “cavabsız qalmayacağını” vurğulayıb.
Qeyd edək ki, iyulun sonunda ABŞ Prezidenti Donald Tramp da Makronun Fələstini tanımaqla bağlı bəyanatlarının əhəmiyyətini şübhə altına almış, Fransa liderinin sözlərinin real təsir gücünə malik olmadığını qeyd etmişdi.
Gundelik.az
