Ermənistan və İran iki ölkə arasında artan yükdaşımaları nəzərə alaraq sərhəddə ikinci körpünün inşasına razılaşıblar.
Gundelik.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda İran prezidenti Məsud Pezeşkianla keçirdiyi birgə mətbuat konfransında məlumat verib.
Paşinyanın sözlərinə görə, hazırda iki ölkə arasında enerji sahəsində ən mühüm layihə Ermənistan-İran üçüncü elektrik ötürücü xəttidir:
“Biz bu məsələni həmkarımla da müzakirə etdik və layihənin qısa müddətdə tamamlanmasının vacibliyini vurğuladıq. Yeni xəttin istifadəyə verilməsi sayəsində Ermənistan İrana daha çox elektrik enerjisi ixrac edə biləcək”.
Hazırda Ermənistan-İran sərhədi 44 kilometr uzunluğunda olub, Araks çayı boyunca yerləşir. Ermənistan 2009-cu ildən etibarən İrandan təbii qaz alır və qaz-elektrik mübadiləsi proqramı çərçivəsində onu elektrik enerjisinə çevirərək İrana ixrac edir. Müqaviləyə əsasən, İrandan alınan 1 kubmetr qaz 3 kVt/saat elektrik enerjisi ilə geri qaytarılır. Proqram çərçivəsində stansiyalar 1 kubmetr qazdan 4–4,5 kVt/saat elektrik istehsal edir, artıq enerji isə Ermənistanda qalır.
Qaz-elektrik mübadiləsi proqramı 2030-cu ilə qədər qüvvədədir.
Gundelik.az
