İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Lenovo” rüblük xalis mənfəətini iki dəfə artırdı

Dünyanın ən böyük fərdi kompüter istehsalçısı hesab edilən Çin şirkəti “Lenovo Group Ltd” 2025/26 maliyyə ilinin birinci rübündə xalis mənfəətini iki dəfədən çox artırıb.

Gundelik.az şirkətə istinadən xəbər verir ki, bu, analitiklərin proqnozlarını üstələyib.

Aprel-iyun aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 243 milyon dollarla müqayisədə 505 milyon dollar olub. Birdəfəlik faktorlar nəzərə alınmadan mənfəət 22% artaraq 389 milyon dollara çatıb. Vergidən əvvəlki mənfəət isə iki dəfə artaraq 622 milyon dollar təşkil edib.

“Lenovo”nun gəliri də 22% artaraq rekord səviyyəyə – 18,83 milyard dollara yüksəlib. “FactSet” sorğusuna görə, analitiklər orta hesabla 17,1 milyard dollarlıq gəlirdən 337 milyon dollar xalis mənfəət gözləyirdilər.

Kompüter, planşet və smartfon istehsalından əldə olunan gəlir 18% artaraq 13,5 milyard dollar olub.

Hesabatda bütün satış regionlarında ikirəqəmli artım templərinin müşahidə olunduğu bildirilib.

İnfrastruktur həlləri seqmentində gəlir 36% artaraq 4,3 milyard dollar, xidmətlər seqmentində isə 20% artaraq 2,3 milyard dollar təşkil edib.

Güclü maliyyə nəticələrinə baxmayaraq, “Lenovo”nun səhmləri cümə axşamı Honq-Konq birjasında 6% ucuzlaşıb. Son üç ayda şirkətin bazar dəyəri təxminən 11%, Hang Seng fond indeksi isə təxminən 9% artıb.

Gundelik.az